Kadırov ağır xəstə, oğlu reanimasiyadadır – Çeçenistanda hakimiyyətin taleyi sual altında düşüb

Baxış sayı:
346

Çeçenistanın paytaxtı Qroznıda bir neçə avtomobilin iştirakı ilə baş verən yol qəzası regionun gələcəyi ilə bağlı sualları daha da artırıb. Hadisə Kremlin dəstəklədiyi Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhəti ətrafında dolaşan şayiələrin fonunda baş verib.

Mənbələrin məlumatına görə, Ramzan Kadırovun mümkün varisi kimi təqdim olunan 18 yaşlı oğlu Adam Kadırov yanvarın 16-da Qroznıda baş verən qəza zamanı xəsarət alıb və sonradan Moskvaya aparılıb. Hadisə ilə bağlı nə Çeçenistan rəhbərliyi, nə də Rusiya dövlət mediası hər hansı açıqlama verib. “Radio Svoboda”nın yazdığına görə, qəza Kadırov ailəsinin gələcək planları ilə bağlı qeyri-müəyyənliyi daha da dərinləşdirib. Mənbələr bildirir ki, avtomobil karvanındakı nəqliyyat vasitələrindən biri digər avtomobillə toqquşub. “Novaya Gazeta Europe” qəzanın əsas səbəbi kimi karvandakı əsas avtomobilin sürücüsünün qırmızı işıqda keçməsini göstərir.

Hadisə zamanı avtomobili Adam Kadırovun idarə edib-etmədiyi, yoxsa onun sərnişin olduğu barədə ziddiyyətli məlumatlar yayılıb. Bildirilir ki, karvan Ramzan Kadırovun qardaşı oğlu Xamzat Kadırovun 29 yaşının qeyd edilməsi ilə əlaqədar təşkil olunub və yüksək sürətlə hərəkət edib.

Çeçenistanın müxalif NIYSO hərəkatının “Telegram” kanalının məlumatına görə, toqquşma nəticəsində çoxsaylı yaralılar olub. Qəza zamanı bir nəfərin həlak olduğu bildirilir. Bəzi mənbələr ölən şəxsin karvanın vurduğu avtomobilin sürücüsü olduğunu iddia edir.

Adam Kadırov və üç cangüdəni əvvəlcə Qroznıda xəstəxanaya yerləşdirilib, daha sonra Moskvaya aparılıb. Ümumilikdə 18–20 nəfərin müxtəlif xəsarətlərlə xəstəxanaya müraciət etdiyi, sonradan evə buraxıldığı qeyd olunur.

Bəzi mənbələr Adam Kadırovun vəziyyətinin ağır olduğunu bildirsə də, NIYSO yanvarın 17-də onun həyatına təhlükə olmadığını açıqlayıb. Mənbələr isə onun bir müddət huşsuz vəziyyətdə reanimasiyada olduğunu, Moskvaya aparılmazdan əvvəl huşunun qayıtdığını bildiriblər.

Qəza ilə bağlı rəsmi qurumlardan və dövlət mediasından hər hansı açıqlama verilməyib. Bununla yanaşı, Ramzan Kadırovun “Telegram” kanalında Adam Kadırovun polis və təhlükəsizlik orqanlarının rəhbərləri ilə görüşdüyünü, dövlət mükafatları təqdim etdiyini əks etdirən görüntülər yayılıb.

Araşdırmalar həmin videoların yanvarın 15-də – qəza baş verməzdən bir gün əvvəl çəkildiyini göstərir. Bu addımın hadisəni ört-basdır etmək cəhdi olduğu ehtimal edilir.

Yanvarın 17-də təhlükəsizlik qüvvələrinin Qroznıda Adamın müalicə aldığı xəstəxanada həkim və tibb personalının mobil telefonlarını yoxladığı da bildirilir. Məqsədin qəza ilə bağlı məlumat sızmasının qarşısını almaq olduğu ehtimal olunur.

Məlumatlara görə, Ramzan Kadırovun azı 12 övladı var. Adam Kadırov onun ən çox tanınan və ən kiçik övladlarından biridir, “sevimli oğlu” kimi təqdim olunur.

18 yaşı olan Adam artıq bir neçə mühüm vəzifəyə təyin edilib. O, 2023-cü ildən atasının təhlükəsizlik xidmətinə rəhbərlik edir, ötən ilin aprelində isə Çeçenistan Təhlükəsizlik Şurasının katibi postuna gətirilib.

Adam Kadırov 15 yaşında olarkən “Çeçenistanın Milli Qəhrəmanı” adına layiq görülüb. Həmin dövrdə onun Quran yandırmaqda ittiham edilən bir məhbusu döyməsi ciddi tənqidlərə səbəb olmuş, regionda hüquqsuzluğun simvolu kimi dəyərləndirilmişdi.

Bu arada Ramzan Kadırovun ağır xəstə olması və oğlunun mümkün varis kimi hazırlanması ilə bağlı spekulyasiyalar davam edir. Lakin Çeçenistan konstitusiyasına əsasən, region rəhbərinin yaşı azı 30 olmalıdır.

Təhlilçilərin fikrincə, baş verənlər Çeçenistanda hakimiyyətin gələcəyi ilə bağlı qeyri-müəyyənliyi daha da artırır. Bu məsələ Moskva üçün də həssas sayılır, çünki Kreml uzun illərdir regionda sabitliyi Ramzan Kadırov üzərindən təmin edir.

49 yaşlı Ramzan Kadırov 2007-ci ildən Çeçenistana rəhbərlik edir. İnsan haqları təşkilatları onu ağır hüquq pozuntularında ittiham edir. Kadırov Vladimir Putini açıq şəkildə dəstəkləyir və Ukraynaya qarşı müharibəyə çeçen döyüşçülər göndərib.

Müşahidəçilər hesab edirlər ki, Kadırov mümkün istefa və ya ölümündən sonra ailəsinin region üzərində nəzarətini qorumağa çalışır və bu səbəbdən övladlarını müxtəlif vəzifələrə yerləşdirir. Bu ayın əvvəlində onun 20 yaşlı oğlu Axmat Kadırov baş nazirin müavini təyin olunub./azpolitika