İranda etirazlar qanlı mərhələyə keçdi: ölənlərin sayı 45-ə çatdı

Baxış sayı:
670

İranda davam edən etiraz aksiyaları nəticəsində həlak olanların sayı 45 nəfərə yüksəlib. Demonstrasiyalar artıq 12 gündür fasiləsiz davam edir və ölkənin bütün 31 vilayətini əhatə edib.

Muxalifet.az xəbər verir ki, toqquşmalar zamanı onlarla insan xəsarət alıb, 2 217 nəfər saxlanılıb. Yaralanmaların böyük hissəsi pelot və plastik güllələrin tətbiqi nəticəsində baş verib.

Hakimiyyət həlak olanlar və yaralananlarla bağlı hələlik rəsmi açıqlama yaymayıb.

Medianın məlumatına və NetBlocks-un qeydlərinə görə, kütləvi etirazlar cümə axşamı gecə saatlarında bütün vilayətlərdə başlayıb, eyni zamanda internet və telefon rabitəsinin kəsilməsi halları qeydə alınıb.

İlk dəfə olaraq Tehran, Məşhəd və Şiraz da daxil olmaqla iri şəhərlərdə əhalinin genişmiqyaslı iştirakı müşahidə olunub. Nisbətən aşağı intensivlikli aksiyalar türkdilli bölgələrdə — Təbriz və Ərdəbildə də başlayıb.

Qeyd edək ki, ötən ayın sonundan etibarən İranı bürüyən genişmiqyaslı etirazlar iqtisadi vəziyyətin pisləşməsi və rialın kəskin dəyər itirməsi ilə əlaqələndirilir. Məlumata görə, rialın dollara nisbətdə məzənnəsi 1 350 000 həddini keçib.