“KASIBSANSA, NİYƏ SAĞLAM OLMALI, NİYƏ YAŞAMALISAN?!” - “Hökumət 30 ildə normal iqtisadi sistem yarada bilməyib”

Baxış sayı:
286

İqtisadçı Natiq Cəfərli Azərbaycan hökumətinin vətəndaşların vergi yükünü artırmaq qərarını sərt tənqid edib. 

Muxalifet.az xəbər verir ki, N.Cəfərli öz sosial şəbəkə səhifəsindəki paylaşımında hökuməti uzun illər boyu normal, işlək iqtisadi sistem qura bilməməkdə günahlandırıb: “Hökumət vətəndaşların vergi yükünü artırır, çünki, ölkənin gəlirləri azalır, neft hasilatı düşür, xərclər artır, hökumət isə son 30 ildə normal, işlək, böyük həcmdə əlavə dəyər yaradan iqtisadi sistem qura bilmədiyindən, üzünü yenə vətəndaşa, onun vergilərinə çevirir.

Hökumətin təklifi belədir: 1) 2026-ci il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək 2500 manatadək aylıq gəlirdən 3%, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 75 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8000 manatdan çox olduqda 625 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq, 2) 2027-ci ilin yanvarın 1-dən 2028-ci il yanvarın birinədək 2500 manatadək aylıq gəlirdən 5%, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 125 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10% və aylıq gəlir 8000 manatdan çox olduqda 675 manat + 8000 manatdan çox olan məbləğin 14% gəlir vergisinə çıxılacaq, 3) 2028-ci il yanvarın 1-dən isə 2500 manatadək aylıq gəlirdən 7%, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 175 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10% və aylıq gəlir 8000 manatdan çox olduqda 725 manat + 8000 manatdan çox olan məbləğin 14% gəlir vergisinə çıxılacaq.

Hazırda Azərbaycanda əməkhaqqı 200 manatdan çox olduqda: 6 manat + 10% DSMF ayırmaları tutulur. Bundan başqa, işçilər 0.5 % işsizlikdən sığorta haqqı, 2 % isə icbari tibbi sığorta haqqı ödəyir.

Yəni, şanlı hökumətimiz bir qərarla 3 il ard-arda vergiləri kəskin artıracaq. 2500 manata qədər maaş alanların vergisi yaxın illərdə 3%-dən 7%-ə qalxacaq.

Bundan başqa hökumət deyir ki, işsiz insanların tibbi sığortası olmayacaq, işləmir, canı çıxsın hardan istəyir ildə 192 manat tapıb ödəsin, yoxsa sığortadan istifadə edə bilməz. Hökumətin yanaşmasından belə çıxır ki, kasıbsansa, niyə sağlam olmalı, niyə yaşamalısan?!

Həzərat, gələk məsələnin kökünə, mahiyyətinə - xatırlayırsınızsa, İqtisadiyyat nazirliyinin belə bir şüarı var, "Dövlətə vergi – Vətənə sevgi". Yarımçıq, hətta, vergi tarixinin fəlsəfəsinə ziddir, sloqan və yanaşma belə olmalıdır: “Dövlətə vergi – Vətəndaşa seçki”. Çünki, tarixən vergi ödəyicisi seçici, siyasətə təsir edən vətəndaşlar olub. Bu gün hökumət bizim vergilərimizə möhtac qalıbsa, deməli bu tək hökumətin səlahiyyəti deyil, həm də məsuliyyətidir”.