“Baku Electronics”dən nəvəsi üçün aldığı noutbuk xarab çıxdı, nə dəyişdirə, nə də pulunu geri ala bilir... – GƏNCƏ SAKİNİ YETKİLİ QURUMLARA MÜRACİƏT ETDİ / FOTO

Baxış sayı:
7576

Gəncə şəhəri, Nizami küçəsinin sakini Salmanova Şərgiyyə Cənnət qızı  tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçi iddia edirki, “Baku Electronics” mağazasından nəvəsi üçün aldığı noutbuk xarab çıxıb və geri qaytarılmır:

“Mən, Salmanova Şərgiyyə Cənnət qızı, 07.06.2022-ci il tarixində Gəncə şəhəri, Nizami küçəsində yerləşən “Baku Electronics” mağazasından bir-neçə əşya ilə birlikdə noutbuk da almışdım. Noutbuku nəvəm üçün almışdım.

Noutbuku alan gündən donma və yaxud da dəyanma olduğunu görürdük. Əvvəlcə elə düşündüm ki, noutbuk təzə olduğuna görə belə problem olur. Sonra gördük ki, bu problem getmədi və mən noutbuku mağazaya aparlb, problemi izah etdim. Müdir Məmməd adlı şəxs noutbuku yoxlamaq adı ilə iki gün mağazada saxladı və sonra dedi ki aparın noutbuku servisə, yoxlanılsın.

Mən noutbuku 10.12.2022-ci ildə Gəncədə yerləşən servisə təhvil verdim. Orada dedilər ki, noutbuk Bakıya göndəriləcək və 14 gün ərzində sizə məlumat veriləcək. 14 gündən çox vaxt keçdikdən sonra mən servisə zəng edərək noutbuk haqqında məlumat istədim, dedilər ki, sizinlə əlaqə saxlamalı idilər, noutbukun detalı yoxdur.

Lakin Bakıdan mənə heç vaxt heç bir məlumat vermədilər. Mən bir müddət də gözlədikdən sonra mağazaya müraciət etdim. Həmin Məmməd adlı şəxs dedi ki, sizə cavab veriləcək, özü də bir nəçə yerə zəng edərək kimlərləsə əlaqə saxlayıb, mənə məlumat verdi ki, noutbuk zavoda göndəriləcək, onun daxilində hansı detal dəyişdirilməlidir.

Mən ərizə ilə həmin şirkətin ofisinə müraciət edərək bildirdim ki, bu mənim deyil, sizin probleminizdir, mənə yeni noutbuk verin. Hansısa detalın olmaması o deməkdir ki, noutbuk yararsız olub. Dedim ki, ya mənim pulumu qaytarın, ya da yenisini verin.

Mən bu problem barəsində hətta onların qaynar xətti olan 143 xidməti ilə də əlaqə saxlamışam. Şikayətimə cavab verən xanımlar hər dəfə eyni fikri deyirlər: “Probleminizi araşdırıb, sizinlə əlaqə saxlayacağıq”. Bu günə kimi heç bir əlaqə saxlanılmayıb, problem də həll olunmayıb.

Özüm xəstə qadınam, II qrup əliləm. Noutbuku qızımın adına götürmüşdüm. Mən bu barədə 102 xidmətinə də məlumat vermişəm. Sahə müvəkkili izahatımı aldı, amma problem həll olunmadı. Xarab, yararsız, istifadə etmədiyim avadanlığa görə mən niyə cərimə ödəməliyəm?

Şirkətdən mənə zəng vurub bildirirlər ki, borcunuz, gecikməniz var, zəhmət olmasa ödənişinizi edin. Siz deyin, məndə olmayan avadanlığa niyə pul ödəyim? Mağaza müdiri mənə deyir ki, noutbuku dəyişdirmək və yaxud da qaytarmaq mənim işim deyil. Bu mağaza niyə xarab mal satıb, insanları cərimələyir?  “Baku Electronics” mədəni şəkildə xalqın pulunu oğurlayır. Mən mağazanın başıma açdığı bu biabırçı məsələyə görə əsəb, stress keçirirəm, polis qapısında qalmışam.

Sizin redaksiyadan xahiş edirəm ki, bu problemimi ictimailəşdirib, mənim səsimi bu şirkətə gücü çatan qurumlara çatdırasınız”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.