Sumqayıt şəhər 22 nömrəli məktəbdə Qazilərlə görüş keçirildi - FOTOLAR

Baxış sayı:
37678

Sumqayıt şəhər Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbdə "Məktəblilərin milli vətənpərvərlik ruhunda formalaşmasının təbliği" mövzusunda qazilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşün keçirilməsində əsas məqsəd Vətən müharibəsində yaralanmlş qazilərimizi, onların göstərdikləri igidlik və şücaəti şagirdlərə tanıtmaq, onları vətənə məhəbbət ruhunda tərbiyə etmək olmuşdur.

22 nömrəli tam orta məktəbin direktoru Tahirə Səfərova tədbiri açaraq 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Prezident, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə parlaq Qələbə qazandığını vurğulayıb. O, şanlı Zəfərin qazanılması uğrunda canından keçən Vətən övladlarının xatirəsinin xalqımız tərəfindən ən yüksək hörmət və ehtiramla anıldığını qeyd edib. Bildirib ki, Azərbaycan Vətən müharibəsində parlaq Qələbə qazanmaqla qəhrəmanlıq salnaməsinin ən unudulmaz tarixini yazdı. Bu tarixi yazan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan Ordusunun əsgəri və zabitləridir.

Görüşdə çıxış edən edən Şəhid qardaşı, Qazi, Çeçenistanın ilk Fəxri vətəndaşı və Çeçenistanın Millət Qəhrəmanı Arif Məhərrəmov keçdiyi həyat və döyüş yolundan söhbət açıb.  Qarabağ qazisi şagirdlərin diqqətinə çatdırıb ki, Vətəni sevməyin, onu qorumağın başlıca yolu dərin biliklərə yiyələnib, savadlı kadr kimi yetişməkdir.

Vətən müharibəsi qaziləri 44 günlük Zəfər yolundan danışaraq ən ağır döyüşlərdə belə şəxsi heyətin əhvali-ruhiyyəsinin, döyüş əzminin yüksək olduğunu vurğulayıb, Ordumuzun qəhrəmanlıq nümunələrindən danışıblar. Onlar torpaqlarımız işğaldan azad olunduqca hərbçilərimizin daha çox sevindiklərini, onların keçirdikləri hisslərin sözlə ifadə edilməsinin mümkünsüzlüyünü dilə gətirib.

Sonra məktəblilərin ifasında şəhidlərimizə və qazilərimizə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub.

Qazilər müharibə ilə bağlı xatirələrindən, göstərdikləri igidliklərdən bəhs etdilər, görüş iştirakçılarını maraqlandıran sualları cavablandırdılar.

Tədbirdən sonra çay süfrəsi təşkil edilib.

Görüşün sonunda Qarabağ qazilərinə diplomlar təqdim olunub.