“Erməni generalları arasında nazir olmaq istəyənlər azdı” - Arutyunyan niyə istefa verdi?

Baxış sayı:
1139

Ermənistanda parlament seçkisi geridə qalarkən və Nikol Paşinyan mövqeyini yenidən gücləndirərkən müdafiə naziri Vaqarşak Arutyunyan qəfil istefa verdi. Bunun səbəbi nədir?

Politoloq Elxan Şahinoğlu bildirir ki, əslində Vaqarşak Arutyunyan hərbi rütbəsinə və nazir postuna görə Nikol Paşinyana minnətdar olmalı idi.

Çünki Arutunyan Ermənistanın 1999-2000-ci illərdə nazir postunu tutmuş və eks-prezident Robert Koçaryan onu bu vəzifədən ağır ittihamlarla qovmuşdu: “Paşinyan 2020-ci ildə Arutunyana rütbəsini qaytararaq onu özünə hərbi müşavir vəzifəsinə təyin etdi. Arutunyan müharibədə məğlubiyyətdən sonra nazir təyin edildi. Əgər Arutunyan məğlubiyyətə şərik olmaq istəmirdisə, elə o zaman nazir vəzifəsindən imtina etməliydi. Etmədi və məğlubiyyətə şərik oldu. Əksinə, Arutunyan qiyamçı baş qərərgah rəisi Onik Qasparyanın sakitcə kreslosunu boşaltmaqda Paşinyana yardım etdi və bununla hərbi çevrilişin qarşısını aldı”.

Politoloq xatırladır ki, Azərbaycan Ermənistanla sərhədə nəzarəti gücləndirib və atəşə daha artıq atəşlə cavab verir.

Onun sözlərinə görə, Ermənistan ordusu Azərbaycan sərhədçilərini Qara göldən uzaqlaşdırmağa risk etmədi, növbəti toqquşmadan qorxdu. Ekspert hesab edir ki, müharibədə məğlubiyyətdən sonrakı hadisələr də Ermənistan ordusunun nüfuzunu aşağı salmaqdadır: “Vaqarşak Arutyunyan özü bacarmadığını Rusiya hərbçilərinin əli ilə etməyə çalışdı, ancaq bu da alınmadı, Moskva sərhədin müəyyənləşməsinə qarışmaq istəmədi. Bu vəziyyətdə Vaqarşak Arutyunyan istefaya üstünlük verdi. Onun ya Təhlükəsizlik Şurasının katibi, ya da Ermənistanın Rusiyadakı səfiri vəzifəsinə təyin olunacağı ehtimalları var”.

Elxan Şahonoğlu vurğulayır ki, Nikol Paşinyan yeni müdafiə naziri tapmalıdır. Onun sözlərinə görə, Ermənistan üçün indiki ağır vəziyyətdə generallar arasında müdafiə naziri olmaq istəyənlərin sayı çox deyil.