“Neçə illərdir Goranboyda millətin gələcəyi "hərraca” qoyulub…” – KEÇMİŞ MÜƏLLİM TƏHSİL NAZİRİNƏ MÜRACİƏT ETDİ

Baxış sayı:
669

Goranboy rayonu, Qızılhacılı qəsəbə sakini, sabiq müəllim Eminov Neman Bayram oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə təhsil naziri Emin Əmrullayevə, baş prokuror Kamran Əliyevə, eləcə də Həmkərlar Komitəsinin sədri Səttar Möhbalıyevə, Hesablama Palatasının sədri Vüqar Gülməmmədova və İctimai Nəzarət Şurasının sədri Ramil Şükürova müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Goranboy rayonu, Qızılhacılı qəsəbəsi, 1 saylı tam orta məktəbin direktoru Qabil Həsənov qanunsuz olaraq, Goranboy RTŞ-nin sabiq müdiri Səxavət Məmmədovun göstərişi əsasında, ibtidai siniflər üzrə direktor müavini vəzifəsi ştatı yaradıb, məktəbin rus-dili müəlliməsini həmin vəzifəyə təyin etmişdi.
Bundan başqa, direktor Qabil Həsənov iki bacı olan xadimələri özlərinin xəbəri olmadan, qanunsuz olaraq işdən azad edib. Azad etməsinə baxmayaraq, onların əməkhaqqı kartlarına "milliön aparatı" ilə əməkhaqqı ödənişini həyata keçirib.
2021-ci ilin avqust ayında bacılar biliblər ki, neçə aydır bunların adları rəsmi olaraq işdə getmir, özlərinə xəbər verilmədən, əmək müqavilələrinə xitam verilib. Məktəb Həmkarlar Təşkilatı, bu məktəbə təhkim olunan inspektor, məktəbin mühasibi direktorun həyata keçirdiyi saxtakarlığa göz yumaraq, bilə-bilə ona şərait yaradıblar.
Direktor məktəbdə ikili işçilərin işə gəlib-getmə qeydiyyat jurnalı (tabel) təşkil edib. Bu məktəbin Təsərrüfat işləri üzrə direktor müavini Rövşən Zeynalov yüksək idarəçilik qabiliyyəti, peşəkarlığı ilə seçilən nüfuzlu kadr olduğu üçün, həmin nöqsanlar, saxtakarlıqlar barədə aidiyyatı qurumlara, xüsusilə hüquq-mühafizə orqanlarına rəsmi məlumat verib. Hazırda araşdırma aparılır, direktor Qabil Həsənov barəsində təqdimat RTŞ-nin rəhbərliyi tərəfindən Təhsil Nazirliyinə göndərilib. O, hal-hazırda məktəbə gəlmir. Onun səlahiyyətləri Təşkilati işlər üzrə müavini Həvayət Həsənovaya tapşırılıb.
Nəzərinizə çatdırım ki, 2019-cu ilin fevral ayında məktəbdə aparılan yoxlamalar əsasında, Təhsil Nazirliyinin göstərişi ilə Həvayət Həsənova "töhmət" almışdır. Belə bir kadr məktəb direktoru vəzifəsinı icra edə bilərmi?
Goranboy rayonu, Qızılhacılı qəsəbəsi, 2 saylı tam orta məktəbdə direktor vəzifəsində çalışdığı müddətdə xüsusi  qərarla İradə Həsənova da məktəb direktoru vəzifəsindən azad edilmişdir. Bir neçə ildən sonra İradə Həsənovanın direktor vəzifəsindən çıxarılma əmri Təhsil Nazirliyindən gizlədilmiş, sənədləri RTŞ-nin sabiq müdiri tərəfindən hazırlanaraq Direktorların İşə Qəbulu İmtahanına göndərilmiş, hal-hazırda məktəb direktoru vəzifəsində çalışır.
Məktəbin “Əmr kitabı” pedaqoji şura tərəfindən araşdırılsa, yoxlanılsa direktor İradə Həsənovanın xüsusi qərarla məktəb direktoru vəzifəsindən azad olunması aşkarlanar. Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsi nə səbəblə yuxarıda qeyd etdiyim bu məsələləri araşdırmır?
Cənab nazir!
İnanıram və ümid edirəm ki, yuxarıda qeyd etdiyim məsələlər nəzarətinizlə araşdırılacaq, nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.
Onu da qeyd edim ki, neçə illərdi millətin gələcəyi olan təhsil Goranboy rayonunda "HƏRRACA" qoyulmuşdur. Bu rayonda dövlətimizin təhsil qanunları deyil, "BAZAR QANUNLARI" hökm sürürdü. Çox şükürlər olsun ki, 05.08.2021-ci il tarixində Goranboy Rayon Təhsil Şöbəsinə peşəkarlığı və qayğıkeşliyi ilə seçilən, bacarıqlı kadr Seymur Nazarov müdir vəzifəsinə təyin edilib. Odur ki, gələcəyə nikbin baxıram”.

Muxalifet.az
Redaksiydan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.