​Naxçıvana gübrə daşıyan sürücülərə İran gömrüyündə zülm edilir - ŞİKAYƏT

Baxış sayı:
290

Naxçıvan şəhər, Şərur rayon sakini Musayev Davud Məcid oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Bir qrup sürücü adından müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Mən, Musayev Davud Məcid oğlu, yazaraq önəmli bir məsələni dövlət qurumlarının diqqətinə çatdırmaq istəyirəm.
Naxçıvan MR-də işləyən bütün sürücülər adından təsdiq edə bilərəm ki, Bakıdan Naxçıvana gətirdiyimiz gübrələrin tərkibi eyni olsa da, İran tərəfi ağ gübrəni, gül gübrələri daxil olmaqla, başqa rəngli gübrələrə məhdudiyyət qoyulur. Bizə məlum deyil ki, İran bu gübrələri niyə buraxmır. Əgər İran tərəfi bu gübrələri buraxmırsa, o zaman biz sürücülərə sənəd göstərsinlər, biz də işimizi bilək. Rəngli gübrələrin niyə qadağan olunduğuna dair heç bir sənəd göstərmirlər.
Bir müddət bundan qabaq boz gübrə gətirmişdim. Gübrənin rəngi boz olduğuna gorə İran tərəfi məni 3 gün gömrükdə saxladı və məndən bütün gömrük xərclərini aldı. Məni və bir neçə sürücünü Bakıya geri göndərib, gübrəni boşaltmağımızı tələb etdilər.
Biz sürücülər rəsmi cavab istəyirik, qadağa varsa, onu gözümüzlə görmək istəyirik. Bu qadağa olsa belə, bunu qanunla olduğuna inanmırıq.
İran tərəfi eyni tərkibli ağ gübrəni buraxır, başqa torpaq gübrəsini isə buraxmır.
10 HE 431 dövlət nömrə nişanlı maşın mənimdir, qeyd edə bilərəm ki, bir neçə sürücü də mənim kimi əziyyet çəkir. Biz sürücülər sadəcə kənd təsərrüfatı məhsullarını gətiririk. Lakin bizi günlərlə İranda saxlayırlar.
Gün ərzində 300-dən çox İran maşını, cəmi 10-15 də bizim maşın yola salınır. Bu, biz azərbaycanlılara qarşı təxribatdır. Bunu bizdə yuxarı qurumlar bilmirlər, bilsələr, mümkün deyil ki, tədbir görməsinlər”.
Hazırladı: Jalə FAMİLQIZI