Murad Mustafazadə respublika birincisi oldu

Baxış sayı:
421

O, qəbul imtahanında II ixtisas qrupu üzrə ən yüksək bal toplayıb

Murad Mustafazadə qəbul imtahanında II ixtisas qrupu üzrə ən yüksək bal toplayaraq, (688.400) respublika birincisi olub.

“Hürriyyət”in məlumatına görə, Murad Mustafazadənin seçimi UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin “Maliyyə” ixtisasıdır.

Qeyd edək ki, Murad Mustafazadə 2003-cü il doğumludur. Uşaqlıqdan maraq dairəsi geniş olub, çox kiçik yaşlarından cizgi filmlərindən çox, heyvanlar aləmindən, dünya coğrafiyası və tarixindən bəhs edən sənədli filmlərə baxmağa həvəs göstərib.

Məktəbə qədər idmanla məşğul olmaq istəyib, 5 idman növünə yazılıb, ancaq şahmatdan başqa heç birində özünü doğrultmayıb. Valideynləri axırıncı dəfə onu futbol komandasına yazdırıb, amma yenə ciddi nəticə əldə edə bilməyib. Bu haqda anası açıqlama verib: “Evə gətirəndə danladım ki, idman sənlik deyil, Murad günahkarcasına üzümə baxdı və dedi: “Ana, üzülmə, insanda ya ağıl olar, ya da güc. Mən də ağıl baxımdan güclüyəm”.

Onu da bildirək ki, Murad ilk ibtidai təhsilini Sumqayıt şəhəri, 41 saylı məktəbdə alıb. 5-ci sinifdən 360 şagird içərisindən Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyaya ən yüksək nəticə toplayaraq qəbul olub və ilk dəfə gimnaziyanın direktoru Nizami Əhmədovun təşəkkürünü və rəğbətini qazanıb. Təhsil illəri boyunca müəllimlərinin etimadını tam  doğrudub. Dəfələrlə şəhər və respublika üzrə olimpiadaların, intellektual oyunların, bilik yarışmalarının qalibi olub. 1-ci sinifdən 11-ci sinfə qədər “5”-lə oxuyub.

Məktəb tədrisi ilə yanaşı, beynəlxalq səviyyəli İELTS imtahanından maksimum 9 baldan 8 bal, SAT imtahanından 1600 baldan 1420 bal toplayıb və beynəlxalq sertifikatları əldə edərək, dünya universitetlərini qazanmaq şansı əldə edib. TET  gimnaziyasını qızıl medalla bitirib, qəbul imtahanlarından 688.4 bal toplayaraq 2-ci qrup üzrə respublika birincisi olub.

Murad Mustafazadəni təbrik edir, II ixtisas üzrə ölkə birincisini UNEC ailəsində görməkdən qürur duyuruq!

KƏNAN