​MTN polkovniki ölümündən əvvəl kiminlə üzləşib?

Eldar Mahmudovun dəstəsinin açar fiquru İlqar Əliyevlə bağlı ilginc iddialar

Ləğv olunmuş MTN-in Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış polkovnik Ilqar Əliyevin saxlanıldığı Bakı Istintaq Təcridxanasında (BIT) intihar etməsi ətrafında söz-söhbətlər səngimək bilmir.
Belə ki, MTN-nin “açar” fiqurlarından biri kimi tanınan Ilqar Əliyevin müəmmalı intiharı cəmiyyətdə mövzu ilə bağlı şübhələr yaradıb.
Olayın baş verməsindən bir müddət keçməsinə baxmayaraq, Arqument.Az-a etibarlı mənbələrdən ilginc məlumat daxil olub.
Məlumatda bildirilir ki, intihardan bir neçə gün öncə Ilqar Əliyev sabiq MTN şefi Eldar Mahmudov və Akif Çovdarovla üzləşdirilib. Amma Ilqar Əliyev Mahmudovun üzünə durmaqdan imtina edib. Bundan bir neçə gün sonra isə Ilqar Əliyevin intihar xəbəri yayılıb.
Mənbənin sözlərinə görə, ehtimal olunur ki, Ilqar Əliyev məhz sonrakı proseslərdə Mahmudovun əleyhinə ifadə verməmək üçün özünə qəsd edib və ya hansısa gizli məlumtlara malik olduğu üçün aradan götürülüb. Hər halda mövzu yenə də müəmmalı və aktual olaraq qalır. Ilqar Əliyevin qısa bir zamanda dəfn edilməsi də  olayla bağlı şübhələri artırıb və maraqlı suallar doğurub.
Iddia ilə bağlı Ilqar Əliyevin vəkili Rəşad Mehdizadə isə Arqument.Az-a açıqlamasında məlumatın doğru olmadığını bildirib: “Ilqar Əliyev iki ay həbsdə olub, bu müddət ərzində də heç kimlə üzləşdirilməyib”.
Akif Çovdarovun vəkili Sadiq Rəsulov da belə bir üzləşmənin olmadığını deyib: “Məlumat həqiqəti əks etdirmir”.
Gündəmdə isə polkovnik Ilqar Əliyevin Bakı Istintaq Təcridxanasında (BIT) özünü asmasını şübhə altına alan çoxsaylı məlumatlar dolaşır. Belə ki, polkovnikin mələfəni haradan alması, özünü haradan və necə asması, BIT nəzarətçilərinin həmin vaxt harada olmaları, həmçinin kamera yoldaşının kimliyi və sonradan intihar etməsi və s. digər suallar cavabsız qalıb. Ilqar Əliyev intiharı ilə bağlı mövzunun bu qədər aktual olmasına gəlincə, o, MTN-də sıradan bir işçi olmayıb. Adı illərlə ictimai-siyasi fəallara qarşı qanunsuz əməliyyatlarda, qanunsuz dinləmələrdə, qanunsuz gizli çəkilişlərdə hallanan Əliyevin sahibkarlara qarşı etdiyi qanunsuzluqlar haqda isə saysız-hesabsız məlumatlar mövcuddur.
“Yeni Müsavat” qəzeti də olayla bağlı maraqlı bir məlumat yayıb. Belə ki, Ilqar Əliyevin meyiti BIT-dən çıxandan 2 gün sonra – 2015-ci il dekabrın 22-də orada saxlanılan digər məhbus Manaf Paşayevin də meyiti aşkar olunub. Rəsmi məlumatda onun da özünü asdığı bildirilib. M.Paşayevin Ilqar Əliyevin kamera yoldaşı olduğu haqda məlumat vardı. Belə ehtimallar da irəli sürülür ki, M.Paşayev I.Əliyevin ölümü haqda məlumatlara malik olub və bu üzdən o da eyni üsulla aradan götürülüb.
Qeyd edək ki, ötən ilin oktyabr ayında  Ilqar Əliyevin barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi. O, Cinayət Məcəlləsinin 308.2(Vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1(Vəzifə səlahiyyətlərini aşma)  və 302.2-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) maddələri ilə təqsirləndirilirdi.