​“MTN agentlərinin açıqlanması məhkəmənin kobud səhvidir”

Üzeyir Cəfərov: “Ola bilsin ki, agentlərin adı məqsədyönlü şəkildə açılıb”

MTN-nin Antiterror Mərkəzinin rəisi, generalı Elçin Quliyev və müavini, polkovnik Azər Mehdiyevin məhkəmə proses davam edir. Hansı ki, günlərdir istər mətbuatda, istər də sosial şəbəkələrdə bu məhkəmə prosesində MTN agentlərinin kod adlarının, bəzilərinin isə ad və soyadlarının açıqlanması müzakirə olunur. Maraqlıdır, agentlərin adlarının açıqlanması nə dərəcədə doğrudur və dövlət sirri hesab olunurmu?
Yeri gəlmişkən qeyd edək ki, məhz general Elçin Quliyevin məhkəmə işində bu agentlərin adlarının açıqlanması kifayət qədər düşündürücüdü. Çünki bundan əvvəl məhkəmə işi başlayan MTN generalı Akif Çovdarovun işində də agentlərə ayrılan vəsaitin mənimsənilməsi üzrə epizod var. Ancaq hələ də davam edən o prosesdə heç bir agentin adı açıqlanmır. Bu isə onu deməyə əsas verir ki, Elçin Quliyevin işində agentlərin həqiqi adlarının və yaxud kod adlarının açıqlanması məqsədyönlü şəkildə edilir. Hansı ki, bu adların açıqlanması təhlükəsizliyimiz üçün də zərbə ola bilər. Amma görünür, bu informasiyaların mətbuata sızdırılmasında hakimiyyət daxilində maraqlı qüvvələr var.

“Təhlükəsizliyimizə qarşı zərbələrin qarşısını almaq üçün agentlərdən istifadə etməkdə qeyri-adi heç nə yoxdur”
 
“Keçmiş MTN-ə xidmət edən agentlərin kod adlarının və yaxud həqiqi adlarının açıqlanmasına məhkəmə nəzarət etməli idi”, - deyən hərbi ekspert Üzeyir Cəfərov Hurriyyet.org-a bildirib ki, məhkəmə prosesində agentlərin adlarının və yaxud kod adlarının açıqlanması səhv addımdır: “Birincisi, onları konkret casusluqda günahlandırmaq doğru olmaz. İkincisi, bu, məhkəmə qaydasında baxılan faktdırsa, artıq bunun məsuliyyətini Azərbaycan məhkəməsi daşıyır. Bu agentlərin adlarının açıqlanması doğru deyil. Bütün dünyada qəbul olunmuş bir qaydadır ki, güc strukturları öz işində agentura şəbəkəsinin fəaliyyətindən geniş istifadə edir. Bu, təkcə Azərbaycanda deyil ki, narahatçılıq doğursun. Bütün dünyada qəbul olunmuş iş prinsipidir. Bəzi yerdə buna ciddi əməl edirlər, bəzi yerdə bu işə ciddi yanaşmırlar. Amma bu ümumi iş üçün lazımlıdır. Çünki dövlətin idarə olunmasında o cümlədən xarici dövlətlərin təhlükəsizliyimizə qarşı zərbələrinin qarşısını almaq üçün isifadə edirlər və edəcəklər. Burada qeyri-adi heç nə yoxdur”.
 
“İstənilən adamın adı agent kimi açıqlana bilər”
 
Ekspert hesab edir ki, gələcəkdə bu sahəyə xələl gətirməmək üçün son dərəcə diqqətli və ehtiyatlı olmaq lazımdır: “Birinin digəri ilə haqqı-hesabı varsa, yəni onu gözdən salmaq üçün istəyirsə, deyir ki, həmin adam Dövlət Təhlükəsizlik Xidmətinin agentidir. Sadəcə, onlar öz vəzifə borclarını vicdanla yerinə yetirsələr, o qədər narahatçılıq da olmaz. Artıq bəzi adlar açıqlanıb. Müxtəlif adamlar var, keçmiş nazir, baş redaktor. İstənilən adamın adı orada açıqlana bilər. Amma bu dövləti maraqlara ximət edən bir fəaliyyət olubsa, mən buna normal yanaşıram”.
 
“Bəzi adamlar özləri üçün “dolanışıq yeri” tapıblar”
 
Ü.Cəfərovun fikirncə, bu gün polis sistemində də xoşagəlməz hadisələr var: “Bəzi adamlar özləri üçün “dolanışıq yeri” tapıblar. Yəni polisin apardığı hansısa işlərdə onlar könüllü şəkildə iştirak edirlər və bildirirlər ki, bunlar hal şahidləridir. Hətta bu yaxında çox böyük bir biabırçılıq olmuşdu. Məhkəmədə hal şahidi bildirdi ki, Bakıdan çox uzaqda yaşayır, amma gecə 02-30-da “Sahil” metrosunun yanında hansısa bir məsələnin hal şahidi olub. Heç özünün şəxsi avtomobili də yoxdur. Hakim gülərək sual vermişdi ki, bəs, gecə 02-30-da sən orada neynirdin, Bakıdan xeyli aralıda yaşayırsan, necə gəlib-gedisən? Aydın məsələdir ki, bu adamlar polislə əməkdaşlıq edirlər. Ancaq əməkdaşlığın da bir qaydası, çərçivəsi var. Bildiyim qədər bu işlə əlaqədar cinayət işi açılıb. Amma o cinayət işini aparan şəxslər bir az obyektiv və diqqətli olmalıdırlar”.
 
“Jurnalist işinə dövləti maraqlardan yanaşırsa, buna doğru yanaşmaq olar”
 
Ü. Cəfərov diqqətə çatdırdı ki, xüsusən də jurnalistlər dövləti sirri daşıyan məlumatlara daha həssas yanaşmalıdır: “Amma bəzən jurnalist əldə etdiyi məlumatı istəyir ki, paylaşsın. Jurnalisti də başa düşmək lazımdır ki, verdiyi informasiyaya görə zəhmət haqqı alır, onun da ailəsi var. Ona görə faciə, şou düzəltmək lazım deyil. Jurnalist işinə dövləti maraqlardan yanaşırsa, buna dorğu yanaşmaq olar”.
 
“Düşmənlə əməkdaşlıq edən şəxs ən ağır cəzaya məhkum olunmalıdır”
 
“Hərbidə agentura şəbəkəsi ilə bağlı biz ötən həftə hüquq müdafiəçilərilə müzakirə apardıq. Bununla bağlı müvafiq qurumlar çeviklik göstərməlidir. Müxtəlif şayiələr yayılır. Çox təəssüflənirəm ki, sosial şəbəkələrdə bəzi dildən pərgarlar ekran qarşısında özlərini qəhrəman obrazında təqdim edirlər, kimlərinsə haqqında deyirlər ki, onu asmaq, bunu kəsmək lazımdır. Vaxtilə müharibədə iştirak edən bir adam kimi deyirəm ki, düşmənlə əməkdaşlıq edən şəxs ən ağır cəzaya məhkum olunmalıdır, yəni ömürlük həbs olunmalıdır. Amma unutmayaq, bu dalğanın qarşısında, ola bilsin ki, kimlərsə kiminsə adını çəksin və kimisə bədbəxt etsin. Araşdırmaq lazımdır. Araşdırmanın nəticəsi olaraq təkzibolunmaz faktlar olacaqsa, məsələn, Məmməd, Həsən, Hüseyn kiminləsə əməkdaşlıq edib, məlumat ötürüb, sözsüz ki, heç kim onun başını tumarlayan deyil, heç kim də ona çox sağ ol deməyəcək. Yox, bu insanı bu gün saxlayırlarsa, müəyyən araşdırmalar aparırlarsa, o araşdırmaların nəticəsi olaraq onun günahı subuta yetirilmirsə, nədən onun adı indi açıqlanmalıdır?! Gəlin özmüzu, doğmamızı həmin adamın yerinə qoyaq. O adamı bu gün zərbə altında qoymağa nə ehtiyac var. Sözsüz ki, onların heç biri məsuliyyətdən yayınmamalıdır, yayına da bilməz. Mən hesab edirəm ki, həmin o şəxslər, kimlər ki, ermənilərlə əməkdaşlıq edib, onlar kimiyindəna asılı olmayaraq ən sərt şəkildə cəzalandırılmalıdırlar. İnaşallah cəzalarını da alacaqlar”, - deyə ekspert vurğuladı.

“Məhkəmə dövləti və hərbi sirrləri olan məlumatlara görə son dərəcə ehtiyatlı olmalı idi”

Ü. Cəfərov xatırlatdı ki, “MTN işi” hüquq müdafiəçisi Elçin Behbudov ölməmiş gündəmdə var idi: “Sabah kiminsə adı çıxacaq, sonra o dünyasını dəyişəcəksə, bu o demək deyil ki, onun adı çəkilməməlidir və yaxud niyə çəkilir? Bu məsələdən sanki faciə düzəldirlər. Bizdə elə adamlar var ki, çox böyük yaramazlıqlarla məşğuldur. Heç onlar o qədər vicdan əzabı çəkmirlər. Amma Elçin Behbudovun MTN-dən hər ay 2 min manat maaş alması müzakirə olunur. MTN-in öz qaydaları var, indi də DTX-nin öz agentləri var. Bu o demək deyil ki, ad dəyişib, indi onların agentura şəbəkəsi yoxdur. Bəs, məlumat hansı yolla əldə olunur? Amerika, Rusiya, Türkiyə kimi ölkələrin, ümumiyyətlə hər bir ölkənin agentura şəbəkəsi var və olacaq. Sadəcə agenturanı ağıllı şəkildə istifadə etmək lazımdır, ev yıxmaq üçün yox, onların dövlət və dövlətçiliyə xeyri dəysin. İnsan bu yolu seçibsə, yəni agent kimi fəaliyyət göstərirsə, bir gün tez və yaxud gec onun adı haradasa çıxacaq. Burada faciəvi bir şey yoxdur. Araşdırma aparcaqlar, niyə məhkəmə bu boşluğa yol verib? Əslində, bu məhkəmənin birbaşa yol verdiyi kobud səhvdir. Məhkəmə dövləti və hərbi sirrləri olan məlumatlara görə son dərəcə ehtiyatlı olmalı idi. Ola bilsin ki, o boşluğa yol vermək məqsədyönlü şəkildə edilib, bəlkə burada hansısa bir məqsəd var. Onu artıq istintaq müəyyənləşdirəcək. Kmin nə günahı var, hər kəs günahı çərçivəsində cavab verəcək”.
Hurriyyet.org