MİXAİL SAAKAŞVİLİDƏN MÖHTƏŞƏM DÖNÜŞ! – “Gürcü arzusu” hakimiyyəti reallıqla barışmağa məcbur oldu

Baxış sayı:
965

"Sabahın xeyir Gürcüstan. Səkkiz ildən sonra artıq Gürcüstandayam”. Qafqaz.media-nın xəbər verdiyi kimi, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili bu səhər özünün Facebook səhifəsində yazdığı statusla çoxlarını təəccübləndirdi. O mənada ki, Mişanın on minlərlə tərəfdaşı onun bu gecə deyil, sabah axşam, saat 23:05-də 8 illik həsrətə son qoyaraq, ölkəsinə qayıdacağını gözləyirdi.

O cümlədən “Gürcü arzusu” hakimiyyətinin rəhbərliyi də bu dönüşü “böyük ümidlə” gözlədiyini bəyan etmişdi. Belə ki, Baş nazir İrakli Qaribaşvili barəsində qiyabi həbs qərarı çıxarılan eks-prezidentin oktyabrın 2-də Tiflisə qayıdan kimi həbs olunacağını bildirmişdi.

“Cavab sadədir, Saakaşvili ölkə ərazisinə daxil olan kimi, ayaq basan kimi dərhal tutularaq həbsxanaya göndəriləcək”, - deyən Qaribaşvili onu da iddia etmişdi ki, Saakaşvilinin məqsədi illər sonra Gürcüstanda qeyri-sabitlik, qarışıqlıq və xaos yaratmaqdır.

Eks-prezidentin Gürcüstanda müxtəlif cinayətlərə görə mühakimə olunduğunu xatırladan Qaribaşvili əlavə etmişdi ki, “heç kim bu torpaqlarda qanunun tətbiqinə qarşı çıxa və ya mane ola bilməz və əleyhinə olanlar da həbsxanaya gedir”.

Mixail Saakaşvilinin bəyan etdiyi tarxidən, həm də Gürcüstanda keçiriləcək bələdiyyə seçkilərindən bir gün öncə səssiz bir şəkildə vətənə qayıtması onu göstərdi ki, “Gürcü arzusu” hakimiyyətinin iddia etdiyinin əksinə olaraq, o, böyük əmək sərf edərək qurub-yaratdığı, demokratiyanı bərqərar etdiyi və 8 il əvvəl təhvil verdiyi ölkəsində heç də xaos, qeyri-sabitlik yaratmaq fikrində deyil. Əksinə, bəlkə də yarım qalmış işlərini davam etdirmək üçün belə bir riskli dönüşə imza atmalı oldu.

Eks-prezidentin, hakimiyyətin müvafiq qurumları və ən yaxın çevrəsi xaricində, kimsənin xəbəri olmadan Gürcüstana dönüşü onu da deməyə əsas verir ki, ya ortada ciddi anlaşma var, ya da hakimiyyət baş verə bilcəkləri öncədən düzgün hesablayaraq, vətəndaş savaşına gətirib çıxara biləcək qarşıdurmadan qaçmağa məcbur olub. Hər halda, Mişanı “Gürcü arzusu”nun əlizopalı polisləri deyil, Vahid Milli Hərəkat Partiyasının rəhbərliyində təmsil olunan bir qrup şəxsin qarşılaması kifayət qədər düşündürücüdür. Görünür, eks-prezidentin ölkəyə dönüşü ilə bağlı 100 min imza toplanması, 50 min nəfərdən çox insanın onu hava limanında qarşılamağa hazır olduğunu bəyan etməsi proseslərin yönünü “Gürcü arzusu”nun arzulamadığı bir istiqamətdə dəyişməyə və Baş nazir Qaribaşvilinin öz sözünü “yeməsinə” zəmin yaratdı.

Əlbəttə, hadisələrə geopolitik nöqteyi-nəzərdən yanaşanda, Gürcüstanda baş verən proseslərə bu qədər də sadə yanaşmaq doğru olmaz. Əlbəttə, tərəfdar faktoru Mişanın dönüşü üçün vacib amil idi. Amma M.Saakaşvilinin ölkəsiniə dönüşünü böyük zəmanət əldə etmədən reallaşdırdığına inanmaq da  sadəlövhlük olar. Görünən odur ki, eks-prezidentin qayıdışı üçün ən yüksək səviyyədə anlaşma var. Məsələn, burda Qərbin, konkret olaraq Birləşmiş Ştatların Gürcüstan hakimiyyəti ilə hər hansı anlaşması olduğunu, yaxud Vaşinqtonun Gürcüstana “sərt üzünü” göstərdiyini düşünmək olar.

Əlbəttə, çox güman ki, “Gürcü arzusu” seçkiqabağı öz reytinqini qorumaq üçün yaxın saatlarda Mixail Sakkaşvilini, barəsində açılmış cinayət işi çərçivəsində, formal olaraq sorğu-suala çəkə və bunu televiziyalarla nümayiş etdirə bilər. Amma bütün hallarda Gürcüstanın mövcud hakimiyyəti üçün artıq “qatarın çoxdan getdiyini” əminliklə ifadə edə bilərik. Şübhə yoxdur ki, Saakaşvilinin bu qayıdğı təkcə 8 ildir həsrət qaldığı ölkəsinə dönüş deyil, bu, həm də 8 il əvvəl yarım qoyduğu işlərini davam etdirmək, Gürcüstanın əvvəlki nüfuzunu özünə qaytarmaq üçün düşünülmüş və Qərbin dəstəyi ilə reallaşdırılan bir dönüşdür. İnanırıq ki, artıq mövcud reallığı dərk edən “Gürcü arzusu” da Gürcüstanın xoşbəxt gələcəyi naminə proseslərin axarını sünu surətdə dəyişməyə və öz hakimiyyətini qorumaq üçün qeyri-qanuni yollara əl atmağa zərurət görməyəcək. Əks halda, Gürcüstanda yeni bir “rəngli inqilab”ın yaşanmayacağına kimsə zəmanət verə bilməz.

Qafqaz.media