"LİDER TV"NİN FƏALİYYƏTİ DAYANDIRILDI - Kanalın əmlakını "Teleqüllə"nin rəhbəri satacaq / YENİLƏNİB

Baxış sayı:
682

Bu gündən "Lider TV"nin fəaliyyəti dayandırılıb.

Bununla bağlı qərar Milli Televiziya və Radio Şurasının (MTRŞ) mayın 24-də keçirilən iclasında elan olunub.

Qərara əsasən, şura "Lider TV və Radio-Azərbaycan" MMC-nin müflisləşməsinin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduğunu nəzərə alıb və MMC-yə ümumrespublika televiziya və radio yayımı üçün verilmiş 19 yanvar 2018-ci il tarixli, 169 qeydiyyat nömrəli lisenziyanın qüvvəsinə xitam verib.

Beləliklə, qərarla "Lider TV və Radio-Azərbaycan" MMC-nin televiziya və radio yayımının 1 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılıb.

**
Bakı Kommersiya Məhkəməsinin qərarı ilə müflis elan edilmiş “Lider TV və Radio-Azərbaycan” MMC-yə əmlak inzibatçısı təyin edilib.

"Report" xəbər verir ki, bu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirli yanında Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (Teleqüllə) texniki direktoru Mikayıl Hümmət oğlu Abbasovdur.

Xatırladaq ki, ötən gün bağlanmış teleradio şirkəti "Teleqüllə"yə borclu olub. Odur ki, onun əmlakını da "Teleqüllə"nin rəhbəri satacaq.

Kreditorlar suallarla bağlı əmlak inzibatçısına və yaxud “Lider TV və Radio-Azərbaycan”ın yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Şəfayet Mehdiyev küçəsi, ev 83/23 ünvanına müraciət edə bilərlər. Telefon: (12) 497-61-58; 497-88-99.