Küçədə tapılan körpə Şəhidlər xiyabanına atılıbmış - FOTO / YENİLƏNİB

Baxış sayı:
841

Daxili İşlər Nazirliyi Ağcabədi rayonunda küçəyə atılan körpə barədə məsələyə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-a bildirilib ki, Ağcabədi rayonunun Hindarx qəsəbəsindəki Şəhidlər xiyabanının ərazisində yeni doğulmuş uşaq tapılıb:

"Uşaq Rayon Mərkəzi Xəstəxanasına təhvil verilib. Faktla bağlı hazırda Ağcabədi Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırma aparılır".

***

Azərbaycanda daha bir yenidoğulan körpə küçəyə atılıb.

Bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə öz feysbuk səhifəsində məlumat verib.

Onun sözlərinə görə, körpə oğlan Ağcabədi rayonunda küçəyə atılıb: "Bu mələk bu gündən anasızdır. 15 gün ərzində bizim bildiyimiz 3-cü atılan uşaqdır. Bu dəfə də Ağcabədidə".

Qeyd edək ki, daha öncə Sumqayıt və Ucarda körpələr küçəyə atılmışdı.