Kremlin “rəngli inqilablar” qorxusu - RƏY

Qabil Hüseynli: ““Rəngli inqilablar”ın yetişdiyi ən potensial ölkə Rusiyanın özüdür"
Rusiya prezidenti Vladimir Putinin “MİR” teleradio şirkətinə müsahibəsində “rəngli inqilablar”la bağlı dedikləri MDB məkanında geniş müzakirələrə səbəb olub. “Sputnik- Azərbaycan”ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, Kreml rəhbəri müsahibəsində deyib ki, Rusiya ölkə daxilinə “rəngli inqilablar”ı buraxmadığı kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ölkələrdə də bunun baş verməsinə imkan verməyəcək.
“Biz dünyanın müxtəlif regionlarında həyata keçirilən və həmin regionlara ciddi qeyri-sabitlik gətirən müxtəlif nəzəriyyələri bilirik. Əlbəttə, biz bunun baş verməsinə imkan verə bilmərik. Rusiya bununla bağlı əlindən gələn hər şeyi edəcək və KTMT-dəki tərəfdaşlarımıza da bu baxımdan dəstək verməyə çalışacağıq” deyə, Putin bildirib.
Qeyd edək ki, iki ay öncə də Rusiyanın müdafiə naziri Sergey Şoyqu “rəngli inqilablar”ın coğrafiyasının genişlənmə ehtimalının olduğunu bəyan etmişdi. Onun fikrincə, bu cür hadisələrin qarşısını almaq üçün qüvvələri birləşdirmək lazım gəlir.
Göründüyü kimi, Rusiya rəhbərliyi regionda inqilab təhlükələrinin ola biləcəyindən ciddi şəkildə ehtiyatlanır. Ekspertlər Putinin son açıqlamasının təsadüfi olmadığını düşünürlər. Onlar hesab edirlər ki, bu fikirlər ötən ayın sonlarında Rusiyanı ağuşuna alan antikorrupsiya mitinqlərdən qaynaqlanır. Putinin öz ölkəsində baş verə biləcək “rəngli inqilablar”dan qorxuya düşərək, belə fikirləri dilə gətirdiyi vurğulanır. Son açıqlamaları ilə Kreml rəhbərinin özünü MDB məkanının, xüsusilə KTMT ölkələrinin lideri saydığı barədə ara-sıra mövqelərə də rast gəlirik.
Rusiya rəhbərinin bu açıqlamaları Azərbaycan acısından da dəyərləndirilir. Gələn il ölkəmizdə keçiriləcək prezident seçkilərini nəzərə alaraq, əslində Putinin rəsmi Bakıya da mesaj verdiyi qeyd olunur.
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli hesab edir ki, Rusiyadan başqa MDB ölkələrinin heç birini “rəngli inqilablar” təhlükəsi gözləmir: “Rusiyada ”rəngli inqilablar"ın başvermə ehtimalları kifayət qədər yüksəkdir. Rusiya bu gün nə MDB, nə də KTMT ölkələrinin qayğısına qalmır. Putin bu açıqlaması ilə öz xalqına, daxilində olan etnik millətlərə mesaj göndərir. Çünki son günlər Rusiyada baş verən aksiyaların əslində Dmitri Medvedyevin əleyhinə çevrildiyi görünsə də, Putin rejiminin birbaşa əleyhinə idi. Putini qayğılandıran nə Özbəkistan, nə Azərbaycan, nə də başqa respublikalardır. Onu qayğılandıran bu dəqiqə Rusiyanın taleyidir. O qeyd edir ki, “rəngli inqilablar” ictimai-siyasi gərginliyi pozur, gərginlik yaradır. Bu zaman o yəqin ki, Yeltsin dövrünü xatırlayır. Onun dövründə ordunun səviyyəsinin nə qədər aşağı düşdüyü, keçmiş SSRİ məkanında müstəqillik meyllərinin nə qədər gücləndiyi, eləcə də Rusiya daxilindəki Çeçenistan, Tatarısan kimi ərazilərdə müstəqillik əhval-ruhiyyəsinin nə qədər güclü olması və Yeltsinin buna “nə qədər həzm edə bilirsinizsə, o qədər də müstəqillik götürün” şüarı Putinin yaddaşında möhkəm qalıb. Rusiya böyük ərazilərə sahib olmasına baxmayaraq, bundan səmərəli istifadə edə bilmir. Nəticədə xalqın rifah səviyyəsi çox aşağı düşüb. Bu məqamda “rəngli inqilablar”ın yetişdiyi ən potensial ölkə Rusiyanın özüdür. Rus xalqı hər zaman inqilabları sevib və bunun avanqardı rolunu oynayıb. Rusiyanın tarixi inqilablar və yarım inqilablarla doludur. Bu xalq yenilik və inkişafın daim tərəfində olub. Putin rejiminin siyasəti xalqın ziyalı və yuxarı təbəqəsində də ciddi etirazlar doğurmaqdadır. Rus xarakterini nəzərə alsaq, rusların tarixi proseslərdə göstərdikləri inqilab həvəslərini göz önünə gətirsək, deyə bilərik ki, Putini ən çox qayğılandıran “rəngli inqilablar”ın MDB məkanına yayılması deyil, Rusiya da baş verə biləcəyidir.
Faktları diqqətlə öyrəndikcə görürük ki, Rusiya hər gün bir az da “rəngli inqilablar”a doğru sürüklənir. Müdafiə naziri Şoyqunun ondan əvvəl bu tipli açıqlamalar verməsi, yenə də mənə elə gəlir ki, Rusiyaya bir işarədir. Düzdür, Rusiya MDB məkanında demokratik meyllərin yayılmasına ən çox əngəl olan dövlətdir. Düşünürəm ki, kimlərsə MDB məkanında “rəngli inqilablar”ı həyata keçirmək istəyirsə, öncəliklə Rusiyadan başlamalıdır. Çünki bu ölkə irticanın və avtoritarizmin dayağıdır.
Başqa ölkələrdə inqilabların baş verməsinə mane olan başlıca qüvvədir. Şoyqunun nə deməsindən asılı olmayaraq, fikirlərimdə qalıram. Bu sözlər hazırkı Rusiyanın mövcud situasiyasına uyğun şəkildə deyilir.
Bu ölkəyə tətbiq edilən sanksiyalar iqtisadiyyatı çökdürüb, əhalinin maddi rifahı da xeyli aşağı düşüb, nəticədə əhalinin narazılıqları getdikcə güclənir. Bu amilləri nəzərə alaraq, “rəngli inqilablar”ın Rusiyanı hədəf seçə biləcəyini ehtimal etmək olar. Bir faktı da qeyd edim ki, hazırda regionda ən böyük təhlükə terrorla bağlıdır. Bunu son zamanlarda baş verən terror hadisələrinin Mərkəzi və Orta Asiya mənşəli terrorçular tərəfindən törədilməsi faktı ilə qeyd etmək olar".
Politoloq “rəngli inqilablar”ın Azərbaycana təhlükəsindən də söz açdı: “Açığı, ölkəmiz acısından bunu görmürəm. Çünki Azərbaycanda ictimai fəallıq yoxdur. İqtisadi cəhətdən inkişaf da digər dövlətlərdən fərqlənir. Yaxınlarda müxalifət mitinq keçirdi, aksiyada cəmiyyəti hərəkətə gətirə biləcək elektoral baza olmadı. Bütün bunlar onu göstərir ki, Azərbaycan hələ belə dəyişikliklər üçün yetişməyib”.
Xatırladaq ki, son 13 ildə regionun bir sıra ölkələrində “rəngli inqilablar” adı ilə dövlət çevrilişləri baş verib. Bunlardan Gürcüstandakı “qızılgül”, Qırğızıstandakı “zanbaq”, Ukraynadakı “narıncı”, Tunisdəki “yasəmən” və Misirdəki “nilufər” inqilablarını qeyd edə bilərik.