Kənd kitabxanalarında kitabların müzakirəsi - FOTOLAR
20-30 il əvvəl avtobusda, metroda kitab oxuyan neçə insana rast gəlmək mümkün idisə, bu gün təəssüf ki, biz gənclərin əlində daha çox telefon görürük. Bu acı bir həqiqətdir. Telefona o qədər aludə omuşuq ki, hətta evdə ən yaxınlarımızla belə söhbət etməyə vaxtımız olmur. Beləcə gün-gündən həm bir -birimizdən ayrılırıq, həm zərərli vərdişlər baş alıb gedir, həm də savadsızlıq artır.
Bu problemin qarşısının alınması məqsədi ilə “TARİXİMİZƏ SAHİB ÇIXAQ” Tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi qərara gəldi ki, Azərbaycanın 2 rayonunda (Oğuz və Qəbələ) və Bakı şəhərində Azərbaycanın tarixi hadisələrinə dair, tarixi şəxsiyyətlərimiz haqqında və eləcə də Qarabağ savaşına həsr olunmuş kitabların oxunması və sonra da onların müzakirəsini həyata keçirək.
Bu layihənin reallaşmasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Madəniyyət Nazirliyi bizə dəstək oldu.
26-28 oktyabr tarixlərində təşkilatın nümayəndələri Qəbələ rayonunun Nic kəndində və Oğuz rayonunun Dəymədərə kəndində vətənpərvərlik mövzusunda yazılmış kitabların müzakirəsini həyata keçirildi. Qəbələ rayonunun Nic kəndində rayonun tanınmış müəllimi Əhməd Məmmədovla da görüşdük.Görüş zamanı o da gənc nəslin təlim-tərbiyəsində kitabın böyük rolu olduğunu vurğuladı.
Oktyabr ayının 27-də isə Oğuz rayonunun Dəymədərə kəndinin kitabxanasında görüş keçirildi. Görüşdə kənd kitabxanasının direktoru İzulə Abdullayeva və kitabxananın daimi üzvləri olan Güllər Sadıqova, Ülkər Qasımova, Şəbnəm və Aygün Abdullayevalar və b. iştirak edirdi. Burada Səid Qurbanın Əli və Nino əsərinin müzakirəsi aparıldı.
Qeyd edək ki, hər müzakirə zamanı vətənpərvərlik mövzusu görüşlərin əsas hədəfi idi. Müzakirələrdə gəncləri kitabxanalara cəlb etməyin yolları, eləcə də kənd kitabxanalrının vəziyyətinin daha da yenilənməsi ilə bağlı məsələlər də müzakirə olundu. Hər rayonda kitab müzakirəsi ilə yanaşı, eyni zamanda biz tədbirdə iştirakçılara diplom və kitablar da hədiyyə etdik.
Həyata keçirilən görüşlərdə AMEA Folklor və Tarix İnstitutlarının əməkdaşları da iştirak edib.
Layihəni həyata keçirməkdə məqsədimiz daha çox insanı kitab oxumağa həvəsləndirmək, savadlı bir cəmiyyətin inkişafına nail olmaqdır. Eyni zamanda biz insanları mütaliə etməyə daha çox həvəsləndirmək üçün bukletlər çap edərək, onları gənc nəslin, gənc valideynlərin arasında yayırıq. Çox kitab oxuyan insan zəngin söz ehtiyatına sahib olur. Bunun nəticəsində o, gözəl nitq qabiliyyəti qazanır. Ən əsası mütaliə - ən təsirli tərbiyə vasitəsidir. Hazırlanmış bukletlərdə mütaliənin əhəmiyyəti, uşaqları mütaliəyə cəlb etməyin yolları haqqında da tövsiyələr verilir.
Sonda Azərbaycan tarixinin bu şərəfli günlərində xalqımızı təmkinli olaraq, Dövlətimizin ətrafında bir yumruq kimi birləşməyə çağırırıq. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!