İzmirdə zəlzələ: ölənlərin sayı 37-yə, yaralıların isə 885-ə çatdı - FOTO, VİDEO+YENİLƏNİR

Baxış sayı:
1212

Türkiyənin qərbindəki İzmir vilayətində 6,6 ballıq zəlzələ nəticəsində ölənlərin sayı artıb.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ nəticəsində həlak olanların sayı 37 nəfərə yüksəlib. Təbii hadisə zamanı həmçinin 885 nəfər xəsarət alıb. Hazırda 9 binanın dağıntıları altında axtarışlar aparılır.

Bundan başqa, İzmirə gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koordinasiya mərkəzində ərazidə aparılan axtarış-xilasetmə işləri ilə tanış olub.

***19:32

İzmirdə baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı 35 nəfərə çatıb.

Bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib. Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilən 243 yaralının müalicəsi davam etdirilir. Onlardan 8 nəfər reanimasiya şöbəsinə yerləşdirilib, üç nəfərin vəziyyəti ağırdır.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsində vəziyyətlə tanış olmaq üçün İzmirə gedəcək.

***12:42

İzmirdə güclü zəlzələ zamanı yaralanan şəxslərin sayı 831-ə çatıb. 

***11:21

İzmirdə baş verən güclü zəlzələdə həlak olanların sayı artıb. 

Virtualaz.org bildirir ki, xilasetmə qüvvələri tərəfindən dağıntılar altından daha bir nəfərin cəsədi çıxarılıb.  

Beləliklə, hadisə nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb, 804 vətəndaş isə xəsarət alıb. 

***00:54

İzmirdə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 17-yə çatıb. 

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələdə xəsarət alan 709 yaralı isə xəstəxanalarda müalicə olunur.

**23:58 (30.10.2020)

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində yaralananların sayı artıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata əsasən, zəlzələ nəticəsində yaralananların sayı 607 nəfərə çatıb.

**22:51

 

İzmirdə baş vermiş zəlzələ nəticəsində xəsarət alanların sayı 522 nəfərə çatıb. 

Məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Bildirilib ki, zəlzələdən 4 bina tamamilə çöküb, 17 binada axtarış-xilasetmə işləri davam etdirilir.

**21:18

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, İzmirdə baş vermiş 6.6 ballıq zəlzələ nəticəsində ölənlərin sayı 12-ə, yaralıların sayı 419-a yüksəlib.

Qurumdan həmçinin 17 binada axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi qeyd olunub.

**18:40

Türkiyənin İzmir şəhərində baş vermiş 6.6 ballıq zəlzələdə dörd nəfər həlak olub.

Virtualaz.org bildirir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Zəlzələ nəticəsində yaralıların sayının 120 nəfər olduğu bildirilir.

**17:38

Türkiyənin İzmir şəhərinin Bayraklı rayonunda dağıntılar altından 3 nəfər yaralı olaraq çıxarılıb.

Bu barədə məlumatı “Anadolu” yayıb.

***16:48

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində 20 yaşayış binası dağılıb.

Həmçinin Egey dənizində suyun səviyyəsi qalxıb və ətraf əraziləri su basıb.

***16:38

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində 6 yaşayış binası dağılıb

Dağılan binalar şəhərdə toz dumana səbəb olub.

***16:13

Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ olub.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanın ocağı 16,54 km dərinlikdə olub.

Zəlzələ Bakı vaxtı ilə 15:54-də baş verib.

Dağıntıların olub-olmaması barədə hələ ki, məlumat yoxdur.