​İŞĞALÇI ÖLKƏ ÖZÜNƏ YENİ TƏRƏFDAŞLAR AXTARIŞINDA

Ermənistan rəsmilərinin Şərq ölkələrinə intensivləşən səfərlərində əsas hədəf; İrəvanın Qarabağ nağıllarına Azərbaycana rəğbəti olan ölkələrdə inanacaqlarmı? Politoloq: “Sərkisyan Putinlə görüşə son təlimatlarını almağa gedir...”
Ermənistan indi də Azərbaycanın strateji tərəfdaşlarından olan İsrailə “qarmaq” atmağa çalışır. İşğalçı ölkənin xarici işlər naziri Edvard Nalbəndyanın İsrailə iki günlük səfərini öncəliklə buna cəhd adlandırmaq lazım gəlir. Lakin çətin ki, bu səfəri uğurlu saymaq mümkün olsun - hərçənd, Nalbəndyan İsraildə baş nazir Benyamin Netanyahu tərəfindən də qəbul edilib.
Məsələ ondadır ki, bu səfər zamanı İsrail və Ermənistan arasında əlaqələri genişləndirməyə yönələcək hər hansı sənəd imzalanmayıb, bəyanat verilməyib. Ən önəmlisi, tərəflər arasında hərbi sahədə əməkdaşlıq müzakirə mövzusu belə olmayıb. Baş nazir Netanyahu Nalbəndyanla görüşdən sonra erməniləri ovunduracaq önəmli heç bir söz deməyib. Yalnız növbətçi bəyanatlar. Ermənistan XİN başçısı isə Netanyahunun diqqətinə ATƏT-in Minsk Qrupu həmsədrlərinin və Ermənistanın Qarabağ məsələsində səylərinin “nədən ibarət olduğunu” çatdırıb.
Bir sözlə, səfər sönük keçib. O dərəcədə sönük ki, ona hətta yerli media ciddi diqqət ayırmayıb. Başqa cür gözlənilmirdi də. İsrail üçün Azərbaycanla münasibətlər, qat-qat böyük dəyər daşıyır, nəinki Rusiyanın satelliti, ciddi iqtisadi və energetik əhəmiyyət kəsb etməyən, dünya okeanına çıxışdan məhrum və izolyasiyada olan Ermənistanla.
Söhbət heç Bakı ilə Təl-Əviv arasında son illər daha da dərinləşən hərbi və hərbi-texniki əməkdaşlıqdan, İsrailin Bakı-Tiflis-Ceyhan neftinin alıcılarından biri olmasından və ya İsrailin öz qazını TANAP-la nəql eləmək istəyindən də getmir. Həm də ondan gedir ki, müasir, tolerant müsəlman Azərbaycan müsəlman dünyasında barmaqla sayılacaq dostları olan yəhudi dövlətinin islam dünyasında yaxşı əlaqələrdə olduğu tək-tük ölkələrdəndir. Bu üzdən əməkdaşlıq ondan ötrü strateji anlam daşıyır.
Üstəlik, Azərbaycandakı yəhudi icması həmişə təhlükəsizlikdə yaşayıb, indi də belədir. Ermənistan isə monoetnik bir ölkəyə çevrilib. Ciddi maliyyə resursları olmayan Ermənistanın İsraillə silah ticarəti içində olması da qeyri-mümkündür. Üstəgəl, silah bazarında İsrailin əsas rəqiblərindən olan Rusiya buna imkan verməz.

*****

Kəsəsi, İrəvanın İsraillə əlaqələri möhkəm təməldən məhrumdur və ciddi inkişaf perspektivi ola bilməz. Bunu İrəvanda da yaxşı bilirlər. Odur ki, Azərbaycanla İsrailin münasibətlərini hər vəchlə pozmağa çalışırlar. Yeri gəlmişkən,  Nalbəndyanla təxminın eyni vaxtda prezident Serj Sərkisyan strateji müttəfiqimiz Pakistanla gərgin münasibətlərdə olan Hindistana səfər edib. Bu da diqqətçəkici detallardan biridir.
Gələn həftə - noyabrın 15-də isə Sərkisyan Ermənistanın “mədəniyyət günləri”nin açılışı ilə əlaqədar Moskvaya yollanacaq. Bir çox ekspertlər onun Putinlə gözlənilən görüşündə Rusiya liderinin bir daha öz forpostu ilə bağlı Ermənistan prezidentinə son təlimatlarını verəcəyini ehtimal edirlər. Bundan bir qədər sonra - noyabrın 24-də isə Serj Sərkisyan Brüsselə, Avropa Birliyinin “Şərq tərəfdaşlığı” sammitinə gedəcək - hansı sammitdə ki, işğalçı ölkənin təşkilatla çərçivə sazişinin imzalanması da gündəmdə olacaq.

*****

“Brüssel sammitindən öncə Sərkisyan Moskvada Rusiya tərəfindən təlimatlandırılacaq”. Bu sözləri Axara.az -a açıqlamasında Ermənistan prezidentinin Moskva səfərini şərh edən politoloq Arzu Nağıyev deyib. Ekspert Moskvada keçiriləcək Ermənistan mədəniyyət günlərinin sadəcə bəhanə olduğunu bildirib.
“Məlum məsələdir ki, regionda bu gün nüfuz məsələsi həll olunur. İstər ABŞ, istərsə Rusiya daxil olmaqla digər supergüclər müəyyən münaqişələrin həllində nüfuz sahibi olmaq uğrunda savaş aparır və hazırda buna uyğun olaraq da müvafiq siyasət yürüdür”, - deyə ekspert qeyd edib.
Politoloq Ermənistan prezidentinin Moskvada Vladimir Putinlə müzakirə edəcəyi məsələlərə də aydınlıq gətirib. “Çox güman ki, Moskvada Bakı-Tiflis-Qarsla bağlı danışıqlar aparılacaq. Bakı-Tiflis-Qarsa xəttinə qoşulmaq İrəvanın çoxdankı arzusudur. İrəvan bir sıra istiqamətdə siyasi gedişlərə əl ataraq Moskvadan təlimatlar alacaq. İkincisi, Ermənistan və Rusiya prezidentlərinin istər rəsmi, istərsə də qeyri-rəsmi görüşlərində Dağlıq Qarabağ münaqişəsi gündəmdə olacaq. Bir sözlə, Sərkisyanın Moskvaya səfəri Ermənistanın Rusiya tərəfindən təlimatlandırılması prosesi hesab oluna bilər” - politoloq əlavə edib.
Qeyd edək ki, Sərkisyanla bərabər Moskvaya parlament sədri, müdafiə naziri və deputatların gəlişi gözlənilir.

*****

Şübhəsiz ki, işğalçı ölkənin Rusiya ilə əlaqələri, daha doğrusu, 2047-ci ilədək uzunmüddətli müqavilə şəklində rəsmiləşmiş hərbi-siyasi müttəfiqliyinin İrəvan üçün alternativi yoxdur. Bu müttəfiqliyi nə Avropa ölkələri və ABŞ, nə də tutaq ki, İsraillə isti münasibətlər əvəzləyə bilməz. Çünki Rusiya Ermənistanla birgə faktiki şəkildə Azərbaycan torpaqlarının ortaq işğalçısıdır, ən əsası, Ermənistan adlı formal dövlətin əsas mövcudluq qarantıdır.
Rusiya olmazsa, sözsüz ki, Ermənistan qısa zamanda öz varlığını itirər. Təbii ki, Azərbaycana qarşı işğalçılıq siyasətini, bütövlükdə Türkiyə və digər qonşu dövlət olan Gürcüstana qarşı ərazi iddialarını davam etdirərsə. Əfsus ki, Moskva həm də bölgəni qarışdırmaq məqsədi güdən belə iddiaların qranatı kimi çıxış eləməkdədir. Nəinki çıxış eləməkdədir, onun özü Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrini ilhaq eləməklə regionda işğalçı qismindədir.