İrəvan, Xankəndi, Göyçə adlı batalyonlar yaradılmalıdır?

Fazil Mustafa: “Əsas məsələ bu torpaqlarımızın "itirilmiş" sifətindən azad olmasıdır”
 
Fərəc Quliyev: “Bu və bu kimi təkliflərin reallaşması önəmlidir”
 
Üzeyir Cəfərov: “Bu barədə ciddi-ciddi düşünməliyik”
 
Məlum olduğu kimi, 2-5 aprel döyüşləri Qarabağın müharibə yolu ilə işğaldan azad edilməsi məsələsinin daha da aktuallaşmasına, problemin praktiki həlli ilə bağlı ümid və gözləntilərin artmasına səbəb oldu. Azərbaycanın 90-cı illərin əvəllərində işğal edilən ərazilərinin bir qarışının belə düşmənə güzəştə getməyəcəyi ilə bağlı verilən siyasi bəyanatlar, geniş xalq kütlələrinin, ölkə müxalifətinin bu məsələdə hakimiyyətə verdiyi dəstək beynəlxalq aləmdə də ciddi rezonansa səbəb oldu.
Fəqət təəssüflər olsun ki, məlum hadisələr fonunda İrəvan, Xankəndi, Göyçə, Zəngəzur kimi tarixi torpaqlarımızın azadlığı məsələsinə o qədər də diqqət çəkilmir. Halbuki, Qarabağla yanaşı bu torpaqların azadlığı məsələsinin gündəmə daşınması hər şeydən əvvəl Naxçıvanın düşmən blokadasından çıxması, eləcə də tarixi ədalətin bərpası baxımından mühüm əhəmiyyət kəsb edir.
Maraqlıdır, Azərbaycanın İrəvan, Göyçə kimi tarixi torpaqlarına olan haqlı iddiasını gündəmə gətirmək, xalqımızın bu torpaqların azad edilməsinə Qarabağ qədər prinsipial yanaşdığını ortaya qoymaq üçün bu adda batalyonların yaradılması məqsədəuyğundurmu? Bu cür batalyonların formalaşması düşmənə psixoloji təzyiq göstərməklə yanaşı, cəmiyyətin bu məsələyə daha içdən, daha ciddi köklənməsinə səbəb ola bilərmi?
“Hürriyyət” ə açıqlama verən millət vəkili Fazil Mustafa məsələyə fərqli müstəvidən yanaşdığını vurğuladı: “İtirilmiş torpaqlar məsələsi ədəbiyyatda, toylarda və yaslarda dilə gətirilir və bunlar reallıqları qətiyyən dəyişmir. Əsas iş bu torpaqlarımızın "itirilmiş" sifətindən azad olmasıdır. Bunu isə Göyçə, İrəvan, Zəngəzur adlarını hərbi qurumlara paylamaqla etmək olmaz. Uzunmüddətli strateji proqramlaşdırma olmalıdır, hər bir ərazimizlə bağlı, hətta qaytarılması real görünməyənlərə aid bir kursumuz olmalıdır. Bizdə isə hələ ki, ancaq Qarabağ şikəstəsi var, bir də üç günə Xankəndinə gedib yetişəcəyimiz barədə sadəlövh təsəvvürlər var. Azərbaycan xalqının hər bir fərdinin itirilən torpaqlarla bağlı funksional çalışma sahəsi olmalıdır. Bunun üçün də təhsil, səhiyyə, kütləvi idman, biznes kimi sahələrdə sürətli keyfiyyət dəyişikliyi baş verməlidir. Məsələni gündəmdə saxlamaq işin sadəcə təsəlli tərəfidir, nəticəyə varmaq üçün isə sağlam niyyətə və durmadan çalışmağa, hazırlıq işlərini tamamlamağa ehtiyac var”.
Millət vəkili Fərəc Quliyev isə bu təklifə normal baxdığını və faydalı hesab etdiyini qeyd etdi: “Təbii ki, itirlmiş torpaqların adlarını yaddaşlara vermək üçün müəyyən tədbirlərin görülməsi məsələnin bir tərəfidir. Məsələnin digər tərəfi isə onların hansı ardıcıllıqla azad edilməsi isə bağlıdır. Bu gün proseslər Azərbaycanın son dövrdə itirdiyi topaqların azad edilməsi istiqamətində gedir. Azərbaycan öz strateji hədəfindən yayınmayıb. Mən hesab edirəm ki, bu məqsəd dövlət siyasətinə çevrilib. Çünki ölkə başçısı da bir neçə dəfə öz çıxışlarında bildirib ki, Azərbaycanda ikinci Ermənistan dövləti yarana bilməz, hətta Azərbaycan ərazisində yaradılmış erməni dövləti, indiki Ermənistan da Azərbaycan ərazisidir, İrəvan da Azərbaycan torpağıdır. Hədəf aydındır və dəyişilməyib. Çox sevindirici haldır ki, bu, dövlət siyasətinə çevrilib. Lakin reallıq bundan ibarətdir ki, savaş Şimali Azərbaycan ərazisinin tam ortasında gedir. Bu mərhələdə biz Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə hazır olmalıyıq.
Təbii ki, millətimiz itirilmiş bütün tarixi torpaqlarımızın geri qaytarılmasına köklənməlidir. Buna müvafiq olaraq müəyyən tədbirlər görülməlidir. Qeyd etdiyiniz təkliflər də normal təkliflərdir. Hərbi hissələrə, batalyonlara bu cür adların verilməsi, hərbi istehsalda bu adda məhsulların buraxılması önəmli məsələlərdir. Qeyd etdiyim kimi, bütün bunlar mərhələli şəkildə öz həllini tapmalıdır. Bu gün isə növbə Qarabağ və ətraf rayonlarındır”.
“Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov bu təklifin reallaşmasının faydalı ola biləcəyini vurğuladı: “Hesab edirəm ki, son vaxtlar cəbhədə baş verən gərgin və narahatverici, bəzən qürürverici hadisələr hələ uzun müddət geniş müzakirə, təhlil mövzusu olacaq. Əlbəttə ki, Silahlı Qüvvələrimiz 1994-cü ildən bu yana əsl tarix yazdı. Dünənə kimi Azərbaycana və onun şanlı, mətin, cəsarətli əsgərinə o qədər də ciddi baxmayan dövlətlər və vəzifəlilər anladılar ki, artıq bu "xına o xınadan" deyil.
Yenə ermənilərin havadarları ortalığa girib bu şərəfsizləri vəziyyətdən xilas etməyə əl atdılar. Amma düşünürəm ki, bu dəfə onlar çox ciddi və sağalmaz zərbə və yara aldılar. İnşallah belə bir qətiyyətlə biz təkcə işğal altında olan torpaqlarımızı deyil, inşallah gələcək üçün tarixi Azərbaycan torpaqları olan, Xankəndi, İrəvan, Göyçə, Zəngəzur kimi ərazilərimizin də geri qaytarılması üçün məsələ qaldıra və hətta bunu realığa da çevirə bilərik. Və mən də düşünürəm ki, bu məsələnin ilk addımı kimi biz İrəvan, Xankəndi, Göyçə və s. adlı batalyonların yaradılması haqqında da ciddi-ciddi düşünməliyik. Və bu adda olacaq hərbi hissə və ya bölmələrimizin olması ölkəmizin tarixi torpaqlarına haqlı iddiasını bir daha ortaya qoymaq baxımından məqsədəuyğun sayılmalıdır.
Mən onu da anlıyıram ki, indi Ermənistan bu xəbərləri əlində bayraq edib bizə qarşı müəyyən xoşagəlməz addımlar ata bilər. Yaxud bəzi şəxslər hələ Qarabağın işğal altında olan torpaqların geri qaytarılmadığı bir vaxtda bu haqda düşünməyin belə lazımsız olduğunu da dilə gətirə bilərlər. Razıyam. Amma biz bütün yuxarıda dediklərimizi inşallah Qarabağla bağlı bütün məsələləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunduqdan sonra başlamağı düşünməliyik. Bu, bizim necə deyərlər, doğal haqqımızdır”.
 
Seymur Əliyev