İCRA BAŞÇISININ KORRUPSİYA CİNAYƏTLƏRİ... - Zərdab sakinləri Mərdan Camalovdan şikayətçidir

Baxış sayı:
3793

Zərdab rayon sakinləri tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilərin məktubunu olduğu kimi oxucularımıza təqdim edirik:

“Bildiyiniz kimi prezidentin 12 noyabr 2019-cu il tarixli sərəncamı ilə Mərdan Camalov Zərdab rayonuna icra başçısı vəzifəsinə təyin edildi. Biz buna çox sevindik ki, 12 il Zərdabı xarabalığa döndərən Lütvəli Babayevdən canımız qurtardı. Ancaq bunun yalnış olmasının şahidi olmaqdayıq. Necə deyərlər, “biri itdi, biri bitdi”. Mərdan Camalov keçmiş başçının cinayət şəriki olan Zərdab şəhər meri Hafiz Kərimovla anlaşmaya gedib, talançılığa start verib. 

Belə ki, Mərdan Camalovun Zərdab şəhər meri Hafiz Kərimovla əlbir olub, korrupsiya cinayəti ilə məşğul olması sənədlərlə təsdiq olundu. Zərdab rayon İHB-nin Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 28 fevral 2020-ci il tarixdə dövlət qəzetlərində yolların təmir işlərinin satın alınması və şəhərin abadlaşdırlması işlərinin satın alınmasına dair açıq tender elan edib. Ancaq heç bir rəsmi tender keçirilmədən, saxta sənədlər əsasında bir neçə ay əvvəl Ağcabədi sakininin adına təsis edilmiş “İnşaat Serviz-2” MMC həmin tenderin qalibi olur. Hansı ki, həmin “İnşaat Serviz-2” MMC-nin yolların təmir edilməsi üçün avadanlığı, asfalt zavodu və iqtisadiyyat nazirliyi tərəfindən verilmiş xüsusi lisenziyası yoxdur.

Belə olan halda “İnşaat Serviz-2” MMC-nin tenderdə iştirak edib udması açıq-aşkar korrupsiya cinayətidir ki, bunun məsuliyyəti təşkilatçı şəhər meri Hafiz Kərimovla icra başçısı Mərdan Camalovun üzərinə düşür. Onlar dövlət vəsaitini talan etmək üçün əlbir olub, bu cinayəti törədiblər. Nəticədə isə ayrılmış pulun cüzi hissəsi xərcləncək yüksək məbləğdə vəsait isə onlar tərədindən mənimsəniləcək.

Qeyd edək ki, tenderi udan “İnşaat Serviz-2” MMC olsa da şəhər daxili yolların təmirini Zərdab rayon asfalt zavodu aparacaq. Həmin zavodun müdiri Elman Həsənov Şirvan şəhər sakini olmaqla icra başçısı Mərdan Camalovun qohumudur. Bu korrupsioner cütlüyün saxtakarlığı nəticəsində dövlətin küllü miqdarda vəsaiti mənimsəniləcək və Zərdabın bərbad küçələri dahada bərbad hala düşəcək.

Bu cinayət faktı tam subut edir ki, Mərdan Camalov korrupsiya əməllərində, saxtakarlıqda keçmiş başçıdan daha da peşəkardır. Elə bu səbəbdəndir ki, 67 yaşlı şəhər meri Hafiz Kərimovu təqaüdə göndərmədi. Çünki saxta sənədlərlə tender-pul talama oyunlarının Zərdabda ən peşakar bilicisi məhz Hafiz Kərimovdur. Pensiya yaşı çoxdan ötmüş Hafiz Kərimov hər il müxtəlif adlarda MMC-lər yaradır, icra başçısı ilə əlbir olub, dövlət vəsaitini talan edir. Nəticədə isə Zərdabda nə yollar təmir edilmir, nə də abadlıq işləri aparılmır.

Zərdab rayon Maliyyə İdarəsi bu tender oyunlarına göz yumub, şərait yaradıb.

Biz Prezident cənab İlham Əliyevdən çox-çox xahiş edirik ki, Zərdab rayon İHB-nin Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin yolların təmir işlərinin satın alınması və şəhərin abadlaşdırlması işlərinin satın alınmasına dair apardığı tenderin obyektiv araşdırılıb, saxtakarlıq etmiş korrupsioner vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb edilməsinə tapşırıq versin”.

Qeyd edək ki, məktuba aşağıda adları qedy olunan sakinlər imza atıb:

Əliyev Behbud Nəbi oğlu

Məmmədov Aslan Mövsüm oğlu

Dadaşov Talıb Camaləddin oğlu                                        

Həsənov Rəsul Zahid oğlu

Umudov Akif Səftər oğlu

Səlimov Tahir Oktay oğlu

Quliyev Mətləb Əsgərxan oğlu

Kamilov Xudu Paşa oğlu

Babayev Şakir Yusib oğlu

Cavadov Fərhad Məhəmədəli oğlu

Muxalifet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.