“HİBRİD SAVAŞLARIN NARKOTİK ÜZÜ” – Və yaxud İranın “narkotik savaşı”na qarşı Azərbaycanın yeni strategiya zərurəti

Baxış sayı:
800

Məlum olduğu kimi, BMT-nin qərarı ilə 26 iyun tarixi bütün dünyada Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü kimi qəbul olunur. Son illər Azərbaycanda narkomaniya və narkotik ticarətinin geniş yayılması bizim ölkəmiz üçün də bu günün əhəmiyyətini göz önünə sərir. Odur ki, hər il 26 iyun tarixi ərəfəsində Azərbaycanda Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar müxtəlif tədbirlər keçirilir.
Bu il baş tutan bir tədbir isə xüsusilə diqqəti cəlb etdi. Söhbət Prime TV-nin təşkilatçılığı, Stopnarkotik.az saytının və tanınmış bloger Nail Kəmərlinin dəstəyilə keçirilən “Hibrid savaşların narkotik üzü” adlı ictimai müzakirələrdən gedir.
Qeyd edək ki, iyunun 24-də “Marriott Boulevard Hoteldə” keçirilən tədbiri Prime TV-nin rəhbəri Aygün Muradxanlı aparırdı. İctimai müzakirələrdə Milli Məclisin deputatları Arzu Nağıyev və Vüqar İskəndərov, Azərbaycanın İran İslam Respublikasındakı keçmiş səfiri Nəsib Nəsibli, eləcə də partiya sədrləri, insan haqları müdafiəçiləri, klinik psixoloqlar, narkoloqlar, özəl reabilitasiya mərkəzinin rəhbərləri, media və vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak edirdilər. Bundan əlavə, Türkiyədən 44 qeyri-hökumət təşkilatının qurucu başqanı Monik İpəkəlin rəhbərik etdiyi, həkimlərdən və iş adamlarından ibarət heyət də ictimai müzakirələrə qatılmışdı.
Tədbirin açılışını edən Aygün Muradxanlı ilk öncə Azərbaycanda narkomaniyanın və narkotik ticarətinin artmasından, eləcə də cənub qonşumuz İran İslam Respublikasının ölkəmizə qarşı “narkotik savaşı” açmasından bəhs etdi. A.Muradxanlı hesab edir ki, Dövlət Sərhəd Xidmətininin dövlət tərəfindən əhəmiyyətli dərəcədə maliyyələşdirilməsinə baxmayaraq, Azərbaycanın narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəsi səmərəsiz olaraq qalır və bu səbəbdən də alternativ strategiyalara ehtiyac var. Bunun üçün də problemin həlli ilə bağlı ictimai müzkirələrin zərurət olduğunu dilə gətirən xanım jurnalist daha sonra müəllifi olduğu qısametrajlı filmi tədbir iştirakçılarına təqdim etdi.
Prime TV-nin hazırladığı və rəsmi statistikaya əsaslanan filmdə Daxili İşlər Nazirliyinə istinad olunaraq Azərbaycanda 280 000 narkomanın qeydiyyatda olması haqqında narahatlıq doğuran statistika işıqlandırılır. Əlbəttə, ölkədə bütün cinayətlərin üçdə birini təşkil edən bu rəqəm yalnız səthi ola bilər, belə ki, ekspertlər hesab edirlər ki, real say daha çox ola bilər. Heç kimsəyə sirr deyil ki, hazırda məktəblilər belə narkotik vasitələrin qanunsuz dövriyyəsinə cəlb olunublar. Üstəlik, o da təsadüfi deyil ki, son illər Azərbaycanda 140-dan çox özəl narkoloji klinika açılıb, daha çox sayda klinikanın açılması planlaşdırılır.
Filmdə həmçinin, Azərbaycana narkotiklərin əsasən İrandan gətirildiyi, 2020-ci ilin Qarabağ Zəfərindən sonra problemin daha da dərinləşdiyi, ölkədə cinayətkarlıq faizində ciddi artıma səbəb olduğu xüsusi vurğulanır. O da iddia olunur ki, son dörd ildə İranla quru sərhədlərinin bağlanması narkomaniyaya qarşı mübarizəyə gətirib çıxarmayıb, bu da Azərbaycan məmurlarının narkotik vasitələrin ticarətində potensial iştirakına dəlalət edir.
Daha sonra çıxış edən Azərbaycanın İrandakı keçmiş səfiri Nəsib Nəsibli narkotik problemində İranın ciddi rolu olduğunu qeyd edib. Onun sözlərinə görə, Qarabağ müharibəsində Azərbaycanın qələbəsindən sonra İrandan narkotik vasitələrin, o cümlədən sintetik narkotik vasitələrin dövriyyəsi kəskin şəkildə artıb. Tehran Əfqanıstandan Qərbə narkotik daşımaları kanalının qurbanı olduğunu iddia edərək öz rolunu dansa da, Nəsibli iddia edir ki, Azərbaycana narkotik vasitələrin 95%-i İrandan daxil olur. O, bunu İranın Azərbaycana qarşı hibrid müharibəsinin elementi adlandırıb.
Nəsibli həmçinin İranda dini təhsil alıb vətənə qayıtmış minlərlə azərbaycanlının qarşılaşdığı problemi qeyd edib. Deyib ki, məscidlərdə işləməsi çox vaxt qadağan olunan bu şəxslər Azərbaycan vətəndaşları olaraq qalırlar. Onların potensial təsirinin aradan qaldırılması da daha geniş narkotik probleminin həlli üçün həlledici əhəmiyyət kəsb edir.
Nəsibli onu da iddia edir ki, ölkədaxili əməkdaşlıq olmadan narkomanlığın belə kəskin artması ehtimalı çox azdır.
Milli Məclisin deputatı Vüqar İsgəndərov dövlətin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə səylərini etiraf edib, lakin bu problemin aradan qaldırılmasının çətin olduğunu bildirib. O, narkotik vasitələrin yayılmasının azalmasında cəmiyyətin rolunu qeyd edib və bəzi reabilitasiya mərkəzlərinin proqramlarını yüksək qiymətləndirib.
Dövlət Təhlükəsizliyi Xidmətinin narkotiklərə nəzarət idarəsinin keçmiş rəis müavini, hazırda isə Milli Məclisin deputatı olan Arzu Nağıyev bildirib ki, “qara bazar”da kokainin bir qramı 400 dollardır, istehlakçılar isə həftədə 3-4 qram istifadə edirlər. Nağıyev 11-ci sinif şagirdlərinin və məktəb müəllimlərinin qan nümunələrindən istifadə ilə mütləq məxfi təhlil aparmağı təklif edib. O, həmçinin orduda narkomaniya probleminə diqqət çəkib, hərbi qulluqçuların müntəzəm olaraq test verməsinin tərəfdarı olduğunu bildirib.
Nağıyevin fikrincə, Sərhəd Xidməti və Dövlət Təhlükəsizlik Xidməti ciddi şəkildə səy göstərsə də, narkotik vasitələrin qanunsuz dövriyyəsinin davam etməsi daha qətiyyətli tədbirlər görülməsi zərurətini göstərir. Əlavə edib ki, nümayiş olunan film və onun müzakirələri Azərbaycanda narkotik probleminin çətinliyini və hökumətin, cəmiyyətin iştirakı ilə və beynəlxalq əməkdaşlıq vasitəsilə çoxtərəfli həllərə ehtiyac olduğunu göstərir.
Sonra digər tədbir iştirakçıları da Azərbaycanda narkomaniyanın genişlənməsi, özəlliklə sintetik psixotrop maddələrin sürətlə artması və onunla mübarizə tədbirlərilə bağlı fikir mübadiləri aparıblar.
Tədbirin yekununda belə təkliflər də səslənib ki, narkomaniya və narkotik ticarətinin yayılması ilə bağlı ictimai müzakirələr davamlı olmalıdır.
Asya ŞÜKÜROVA