"Heç bir təcrübələri yox, birdən-birə 2,1 milyon manatlıq məsləhət satmağa nail oldular" - İQTİSADÇI TENDER FIRILDAĞI HAQDA

Baxış sayı:
5251

“XİN-də keçirilən əməliyyatda məlum oldu ki, Nazirliyin bütün tenderlərdə “otkat” və “şapka” olub. Bu, yeni xəbər deyil ki, istənilən nazirlik və dövlət orqanında tenderlər məhz belə keçirilir. Ən çox pozulan tender qaydalarından biri odur ki, müsabiqədə iştirak edən hüquqi və fiziki şəxslərin tender elan olunan sahədə təcrübəsi olmalıdır, amma görürsən ki, 1-2 ay qabaq qeydiyyatdan keçən şirkətlər tenderlərin qalibləri olurlar. Bir daha deyirəm, bu hal bütün nazirliklərə və dövlət orqanlarına xasdır”.

Bunu REAL Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli deyib.

Cəfərli nəzərə çatdırıb ki, bu il Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən tender keçirilib: “Müsabiqənin qalibi “Alpina Parking Consulting” MMC şirkəti olub. Bilirsiniz, bu şirkət BNA üçün nə edəcək?! Yox-yox, nə yol rəngləyəcək, nə avtobus yuyub-dezinfeksiya edəcək, nə də avtobusların təkərinə hava vuracaq, şirkət BNA-ya məsləhət verəcək ki, şəhərdə parking məsələsini necə həll etsin”.

N.Cəfərli onu da qeyd edib ki, müqavilənin dəyəri 2 milyon 100 min manatdır: “Deyəsən, çox ağır məsləhətlər olacaq. Uca Şirvinin ruhuna and olsun ki, “Elmlər”də 20 ildi “parkovka” işinə baxan Həmid dayıya 100 manat versələr, bütün məsələnin kökünü, problemlərin həll yolunu BNA-ya 35 dəqiqəyə (daha tez edərdi e, sadəcə BNA tez anlamaz) izah edər. Hə, lap yadımdan çıxmışdı, “Alpina Parking Consulting” MMC şirkəti cəmi 4 ay qabaq yaradılıb, 2 ay qabaq da bu tenderi udub, yəqin adamlar dahidilər. Heç bir təcrübələri yox, uğur hekayələri yox, birdən-birə 2,1 milyon manatlıq məsləhət satmağa nail oldular. Bir az qaşısan bu şirkətin B(İ)NA uşaqlarına yaxın olduğu üzə çıxacaq”.