Hakan Şükür ABŞ-da taksi sürür, kitab satır - "Mən xain və ya terrorçu deyiləm"

Baxış sayı:
3670

Hakan Şükür Türkiyə futbol tarixində ən çox qol vuran futbolçu və vaxtilə Avropanın ən məhsuldar hücumçularından biri olub. O, əfsanəvi oyunçudur.

Bəs necə oldu ki, vətəndən uzaq düşərək ABŞ-da mühacirətdə yaşayan futbolçu dolanmaq üçün taksi sürücüsü işləyib, kitab satışı ilə pul qazanmaq məcburiyyətində qaldı, - BBC Sport saytının müxbiri Ciaran Varley-nin icmalında bu barədə danışılır.

Almaniyanın Welt am Sonntag qəzetində çap olunmuş müsahibəyə görə, 2008-ci ildə futboldan ayrıldıqdan sonra 48 yaşlı sabiq hücumçunun həyatı qeyri-adi və problemlərlə dolu istiqamətə yönləndi.

Hakan Şükür deyir ki, Türkiyə lideri Recep Tayyip Erdoğanla əlaqələri pozulandan sonra ölüm təhdidləri və əsassız ittihamlar almağa başladı. Onun maliyyə imkanları da məhdudlaşdı.

"Heç nəyim qalmadı. Erdoğan hər şeyi əlimdən aldı: azadlığımı, ifadə azadlığımı və iş haqqımı", - sabiq futbolçu Almaniya nəşrinə bildirib.

1992-2007 illər arası Şükür 112 beynəlxalq matçda 51 qola imza atıb. O, 2002-ci ildə keçirilən Dünya Çempionatında üçüncü yeri qazanan Türkiyə komandasının üzvü olub.

"Blackburn" klubunun sabiq futbolçusu idman həyatının böyük hissəsini Türkiyə milli futbol liqasının üst diviziyasında çıxış edən "Qalatasaray" klubunun əsas tərkibində oynayıb.

Futbol karyerasını başa vuran Hakan Şükür siyasət aləminə qədəm qoyub.

O, 2011-ci ildə Recep Tayyip Erdoğanın Ədalət və İnkişaf Partiyasından (AKP) Türkiyə Böyük Millət Məclisinin üzvü oldu.

Hakan Şükür 2016-cı ildə baş vermiş qanlı çevriliş cəhdinin təşkilində təqsirləndirilən türkiyəli vaiz Fethullah Gülenlə də əlaqəli idi.

O vaxtlar ABŞ-da yaşayan Şükür çevriliş cəhdini pislədi.

Lakin 2017-ci ildə o, Türkiyənin dövlət mediasının materiallarında "Fethullahçı Terror Təşkilatının (FETÖ) qaçaq yaşayan üzvü kimi" təqdim edildi.

İddia olunurdu ki, kafe işlədən sabiq futbolçu San Fransisco Bay bölgəsinin "ən zəngin məhəlləsi olan Palo Alto-da" 3 milyon dollarlıq evdə yaşayır.

Şükürün söylədiyi hekayət isə bir qədər fərqlidir:

"Mən əvvəlcə Kaliforniyada bir kafedə işləyərək ABŞ-a köçdüm, amma bara qəribə insanlar baş çəkərdi", - Şükür Welt am Sonntag-a deyib.

"İndi Uber üçün sürücüyəm və kitab satıram."

O, Türkiyədəki evlərinin, müəssisələrinin və bank hesablarının hamısının Erdoğan hökuməti tərəfindən müsadirə olunduğunu deyir.

Şükür hər hansı cinayətlə bağlı ittihamları rədd edir.

"Heç kim bu çevriliş cəhdindəki rolumun nə olduğunu açıqlamır", - sabiq futbolçu deyir. - "Mən heç vaxt qanunsuz bir şey etməmişəm, mən xain və ya terrorçu deyiləm."

Hakan Şükür bu mövzuya əvvəllər də münasibət bildirib.

"Bu mənim ölkəmdir, mən nəzarət altında olan mediada barəmdə təhrif olunmuş təsəvvürə baxmayaraq öz xalqımı sevirəm."

Hakan Şükürün hekayəti Erdoğan hökuməti ilə bağlı daha çox suallar doğurur, Ciaran Varley-nin məlumatında deyilir.

2018-ci ildə Mesut Özil, Türkiyə prezidenti ilə çəkdirdiyi şəkilə görə qınandı. Futbolçunu tənqid edənlərdən biri də Almaniya Futbol Federasiyası idi (DFB).

"Futbol və DFB, cənab Erdoğanın kifayət qədər hörmət etmədiyi dəyərləri müdafiə edir", - o vaxt yayılan DFB şəhrində belə deyilirdi.