General Akif Çovdarov məhkəmədə ifadə verir

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov çoxsaylı polis maşınlardan ibarət konvoyun müşayiəti ilə Səbayel Rayon Məhkəməsinin binasına gətirilib.
Virtualaz.org saytının hazırda məhkəmə binasının önündə olan müxbirinin verdiyi xəbərə görə, məhkəmə generalın həbsinə dair təqdimatı nəzərdən keçirir.
Müxbirimizin müşahidəsinə görə, general Çovdarov həddən artıq əzgin və dilxor görünüb, ümidini itirmiş adam təsiri bağışlayıb.
Məhkəmə prosesi qapalı şəkildə keçirilir.

*   *   *15:40
MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarova rəsmi ittiham irəli sürülüb.
Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı etibarlı mənbələrdən məlumat daxil olub.
Məlumata görə, Baş Prokurorluğun Ağır Cinayətlərə dair Baş İdarəsi generalı CM-in eyni vaxtda bir neçə maddəsi ilə, o cümlədən qulluq mövqeyindən sui-istifadə etməkdə və təhdidlə pul tələb etməkdə ittiham edir.
Hazırda Akif Çovdarov Səbayel Rayon Məhkəməsinə gətirilir. O da bildirilir ki, məhkəməyə general barədə həbs-qətimkan tədbiri seçilməsinə dair təqdimat da göndərilib.
Xatırladaq ki, A.Çovdarov dünən saxlanılıb və şübhəli şəxs kimi Baş Prokurorluqda 4 saat ərzində dindirilib. General gecəni Nərimanov rayonundakı müvəqqəti saxlanma təcridxanasındaa keçirib.