Fərhad Əhmədovun keçmiş arvadı bu dəfə oğlu Teymuru məhkəməyə verir - ATASINA KÖMƏK ETDİYİNƏ GÖRƏ...

Baxış sayı:
4071

Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun keçmiş arvadı Tatyana Əhmədova onların birgə nigahdan olan oğulları Teymur Əhmədovun barəsində London Yüksək Məhkəməsində iddia qaldırmağa hazırlaşır. 

Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, Tatyana Əhmədova oğlunu atasına kömək etməkdə və nəticədə onun boşanma təzminatı kimi ödəməli olduğu 453 milyon funt sterlinqin (yarım milyard dollardan artıq) ödənilməsini əngəlləməkdə təqsirləndirir.

“The Times” qəzetinin yazdığına görə, Londonda işləyən və STE Capital fonduna rəhbərlik edən Teymur Əhmədov startaplara investisiyaların yatırılmas ilə məşğuldur. Və anasının iddiaları ilə qətiyyən razı deyil. Fərhad Əhmədov da bu mübahisədə təbii ki, oğlunun tərəfini tutur və onun maraqlarının məhkəmədə müdafiə olunması üçün “Hughes Fowler Carruthers” hüquq firması ilə müqavilə bağlayıb.

Xatırladaq ki, Fərhad Əhmədovla onun keçmiş arvadı Tatyana arasında mübahisə illərdir davam edir. Hərçənd biznesmen ona dəfələrlə xəyanət etdiyinə görə arvadından 19 il əvvəl Rusiyada rəsmən boşandığını bildirir. Lakin bir neçə il əvvəl, F.Əhmədov Rusiyadakı “Nortgaz” şirkətini “Qazprom”a satıb 1.2 milyard dollar əldə edəndən sonra T.Əhmədova London məhkəməsində boşanma iddiası qaldırıb. Və təzminat kimi onun sərvətinin yarısını tələb edib. Məhkəmə bu iddianı təmin edib, amma F.Əhmədov keçmiş arvadına təzminat ödəməkdən qəti imtina edir. Bu mübahisə çərçivəsində biznesmenin “Luna” adlı təqribən 500 milyon dollarlıq yaxtasına Dubayda həbs qoyulmuşdu. Amma il yarıma yaxın çəkən məhkəmə çəkişməsindən sonra F.Əhmədov yaxtanın keçmiş arvadının əlinə keçməməsinə nail oldu.

F.Əhmədov bildirirdi ki, yaxta və onun bir çox aktivləri ailə investisiya fondunun mülkiyyətidədir və nəticədə boşanma təzminatı kimi ödənilə bilməz.