Fransada etirazçılar neftayırma müəssisələrini də mühasirəyə aldılar - YENİLƏNİB

Baxış sayı:
3213

Fransada təqaüd islahatına qarşı kütləvi tətilin iştirakçıları səkkiz neftayırma müəssisədən yeddisini mühasirəyə alıblar.

“Report” xəbər verir ki, bu barədə ölkənin həmkarlar federasiyasının baş katibi Emanuel Lepin məlumat verib.

O, həmin müəssisələrin "Esso" və TOTAL şirkətlərinə məxsus olduğunu qeyd edib.

Hazırda yalnız Yuxarı Normandiyanın Notr Damme de Qravenşon qəsəbəsindəki “Esso” şirkətinin neftayırma müəssisəsinin mühasirəyə alınmadığını dilə gətirən E.Lepin çərşənbə günü baş nazir Eduard Filip tərəfindən keçiriləcək dəyərləndirmələrin nəticəsinə görə müəssisələrin fəaliyyətini dayandıracaqlarının istisna olmadığını diqqətə çatdırıb.

Luar-Atlantik departamentində TOTAL-a məxsus neftayırma müəssisəsinin də hökumətin nəzərdə tutuduğu təqaüd islahatına qarşı etiraz edərək 24 saatlıq tətilə başladığını qeyd edən E.Lepin hazırda boru kəmərləri, gəmilər, dəmir yolu və avtomobillər vasitəsilə neft məhsulları nəqlinin dayandığını, müəssisədən bir damcı belə yanacağın kənara çıxarılmadığını, müəssisələrin təhlükəsizliyini təmin etmək istisna olmaqla heç bir fəaliyyətin aparılmadığını vurğulayıb.

“Esso” şirkətinin sözçüsü Fos şəhərindəki neftayırma müəssisəsinə məhsul nəqlinin dayandırılması ilə çox məhdud zərbə vurulduğunu qeyd edib.

Ötən gecə Var departamentində 60-dək şəxsin Puje-sur-Arjen şəhərindəki neft anbarını mühasirəyə almağa cəhd göstərdikləri, lakin jandarma tərəfindən dağıdıldıqları da bildirilir.

**14:31

 

Fransada pensiya islahatlarına qarşı kütləvi tətil iştirakçıları səhər saatlarında Parisin İl de Frans regionundakı avtobus parklarını bağlamağa başlayıblar.

Bu barədə Paris Muxtar Nəqliyyat İdarəsi (RATP) "Twitter" səhifəsində məlumat yayıb.

Məlumata görə, 25 parkdan 7-si bağlanıb, digərlərinin işlərində problemlər yaranıb, hazırda dörd avtobusdan biri marşrut üzrə hərəkət edir. İdarədən əhalini təyinat nöqtələrinə çatmaq üçün digər nəqliyyat vasitələrindən istifadə etməyə çağırıblar.

Fransa Milli Dəmir Yolları Cəmiyyətinin (SNCF) məlumatına görə, bu gün cədvəl üzrə hərəkət etməli olan beş yüksəksürətli TGV qatarından yalnız biri, beş "Transilien" şəhərətrafı "elektriçka"sından yalnız biri, 10 TER regional qatarından yalnız üçü işləyir.

"Sytadin" xidmətinin məlumatına görə, ümummilli səfərbərliyin yeni günü ilə əlaqədar paytaxt regionundakı tıxaclar Bakı vaxtı ilə saat 11:00-da 400 km-ə qədər çatıb. Paris dairəvi yolunda da çətin vəziyyət yaranıb, Şarl de Qoll hava limanına aparan magistral yolda tıxaclar müşahidə olunur.

“Report” xatırladır ki, Fransada kütləvi etirazlar dekabrın 5-də başlayıb. Nəqliyyat işçilərinin başlatdığı ümummilli tətil aksiyasına elə həmin gün həkimlər, müəllimlər, hüquqşünaslar, yanğınsöndürənlər və bir çox digər peşə nümayəndələri qoşulublar. Fransızlar hökumətin pensiya islahatı həyata keçirmək planlarından narazılığını ifadə edirlər. İslahatlar çərçivəsində 42 kateqoriyadan olan vətəndaşlar, o cümlədən dəmiryolçular, energetiklər, hüquqşünaslar və hətta Paris Operasının işçiləri üçün imtiyaz və müavinətlər ləğv ediləcək.