“ELƏ BİL 8-0 UDUZAN ONLAR DEYİLDİ, HƏVƏSLƏ YEYİB-İÇİRDİLƏR...” – Səfir futbol millimizdən yazdı

Baxış sayı:
110319

Vilayət Quliyev: “Futbol həm də vətənpərvərlik, milli təəssübkeşlik tələb edir...”

Azərbaycanın Bosniya və Hersoqovinadakı səfiri Vilayət Quliyev “Feysbuk” səhifəsində dünən Azərbaycan milli futbol komandasının İsveç yığmasına 5-0 uduzmasına münasibət bildirib.

Diplomat məğlubiyyətdən təəssüfləndiyini yazıb və futbolla bağlı xatirəsini bölüşüb:

“Deməli, milli komandamız dünən də 5-0 uduzdu İsveçə. Qürrələnməli məsələ deyil. Amma gərək, olanı yazasan. Azərbaycan millisindən düz 18 il bundan əvvəl, 2005-ci il martın 26-da Varşavada keçirilən Polşa-Azərbaycan matçından sonra əlimi üzmüşəm. Həmin oyunda 8-0 hesabı ilə məğlub olduq. VİP lojada Polşanın müdafiə naziri V.Şmaydanovski ilə yanaşı oturmuşduq (2010-cu ildə prezident L.Kaçinski ilə birlikdə təyyarə qəzasında həlak oldu). Qapımıza ikinci qol vurulandan sonra çiynimə toxunub:

- Bu futboldur, - dedi. - Hər dəqiqə hər şey dəyişə bilər.

Dördüncü qol vurulanda isə:

- Futbol boş şeydir, - deyə ürək-dirək verdi. - Əsas odur ki, sevgidə və müharibədə uduzmayasan.

Sonrakı qollar vurulanda daha heç nə demədi. Deyəsən, o da oyuna görə xəcalət çəkirdi.

Komandanı Varşavaya gətirən çarter reyslə mən də bir neçə günlüyə Bakıya qayıtdım. Təyyarədə futbolçuları müşahidə etmək çox maraqlı idi. Elə bil 8-0 uduzan onlar deyildi. Həvəslə yeyib-içirdilər. Uduzduqları oyundan başqa hər şeydən - dolların kursundan, polyak qızlarından, nə almaqlarından danışırdılar.

Yanaşı oturduğumuz məşqçi Novruz Diniyev isə guya özünə haqq qazandırırmış kimi:

-Uduzacağımızı bilirdim. Amma day belə hesabla yox...-dedi.

Uduzmaq əhval-ruhiyyəsi ilə gələn komanda təbii ki, qələbə qazana bilməz. Niyə uduzduğunu özünə dərd eləmirsənsə, səbəblərini axtarmırsansa, növbəti oyunlarda da məğlubiyyətə məhkumsan...

Futbol həm də vətənpərvərlik, milli təəssübkeşlik tələb edir...”/azpolitika