““Daş evlər” romanının ideyası kirayə evlərdə yarandı” - SEYRAN SƏXAVƏT

Kulis.az məşhur əsərlərin yazılma tarixçəsindən bəhs edən “Necə yazdım?” layihəsi çərçivəsində Seyran Səxavətin “Daş evlər” romanı haqda danışdıqlarını təqdim edir:
 
"Mən Bakının küçələrində müxtəlif millətlərin, əsasən ermənilərin, evlərində kirayələrdə yaşamışam. Tez-tez kirayədə qaldığım evə dostlarım gəlirdi. Ən çox da Ramiz Rövşən. Tələbə vaxtı, ondan sonra da  nə qədər ev dəyişmişəm, sayı-hesabı yoxdu.
Ramiz Rövşən bir dəfə qonaq gələndə mənə dedi ki, sən nə vaxtsa məşhur yazıçı olsan, yaşadığın evlərin yarısına lövhə yazıb yapışdıracaqlar ki, Seyran Səxavət bu evdə yaşayıb.
Yenə bir həyət evində kirayədə qalırdım. Ailəmlə bir yerdə. Onda içimdə “Daş evlər”in bünövrəsi quruldu, daxili bir tələbat yarandı ki, romanı yazım. Oturub yazmağa başladım.
Mən əllə yazıram. İndinin özündə də kağıza yazıram yazılarımı. Özü də öz doğma kirilimdə...
Romanı dörd, ya da beş ilə yazıb bitirdim. Bu roman mənəvi məcburiyyətdən ortaya çıxmışdı. Romanı yazdım və çap elədim. Üst-üstə 100 min tirajla çap olundu. O vaxt da oxuyan çox idi, əsər xeyli populyarlaşdı".