Dağlıq Qarabağ münaqişəsinin həllində “Putin formulu”nun rolu - TƏHLİL

Baxış sayı:
412

Ukraynada 2013-cü və 2014-cü il “Maydan” hadisələrindən sonra separatçılar Donbassın böyük hissəsində nəzarəti ələ keçirdilər. O illərdə dağılmış vəziyyətdə olan Ukrayna ordusu separatçıların nəzarət etdiyi bögələri, o cümlədən Donetsk və Luqansk şəhərlərini azad edə bilmədi. Bundan sonra Minksdə danışıqlar başladı və tərəflər arasında razılaşma əldə olundu.
Minsk razılaşması münaqişənin necə həll olunmasını ehtiva edirdi. Ancaq razılaşmadakı bəndlərin necə yerinə yetiriləcəyi dəqiqləşmədiyindən münaqişəni həll etmək mümkün olmadı. Nəticədə atəşkəs də mütəmadi pozuldu və hər iki tərəfdən itkilər qeydə alındı. Minsk prosesi ilə paralel “Normand dördlüyü” (Ukrayna, Rusiya, Fransa və Almaniya) çərçivəsində də təmaslar olurdu. Ancaq bu çərçivədəki təmaslar da münaqişənin həllini sürətləndirdi. Buna baxmayaraq, 20 oktyabr 2016-cı ildə Berlində bir daha görüşən Rusiya, Ukrayna, Fransa və Almaniya liderləri Minsk razılaşması üçün “yol xəritəsinin” hazılanmasını məqbul saydılar. Almaniyanın hazırki prezidenti, o zamankı xarici işlər naziri Ştaynmayer “yol xəritəsini” hazırladı və tərəflərə təqdim etdi.

Bəs “Ştaynmayer formulu” Dağlıq Qarabağa tətbiq oluna bilərmi?

Redaktor.az bildirir ki, “Atlas” Araşdırmalar Mərkəzi “Ştaynmayer formulu”nun tətbiqinin Dağlıq Qarabağ məsələsinin həllinə necə təsir edəcəyini təhlil edib. Təhlildə bildirilib ki, “Ştaynmayer formulu”na görə, əvvəla separatçı bölgələrdə ATƏT-in və digər beynəlxalq təşkilatların nəzarəti seçkilər keçirilir:
“İkincisi, seçki ilə eyni gündə separatçıların nəzarət etdiyi bölgəyə müvəqqəti əsasda xüsusi status verilir. ATƏT seçki nəticələrini açıqladıqdan sonra status daimi xarakter daşıyacaq. Xüsusi status geniş siyasi və iqtisadi muxtariyyəti diqtə edir. Bununla bağlı Ukrayna parlamenti müvafiq qanun qəbul etməlidir. Üçüncüsü, hər iki tərəf ağır silahları təmas xəttindən razılaşdırılan məsafədə geri çəkməlidirlər. Dördüncüsü, böyük amnistiya elan edilir, Ukrayna həbsxanalarında olan separatçılar, separatçıların əlində olan ukraynalı döyüşçülərin tamamı azad olunur. Beşincisi, separatçı bölgələrdə “milli milis” yaradılır”.

Təhlildə qeyd edilib ki, separatçılar və Moskva “Ştaynmayer formulunun” reallaşdırılmasınna tərəfdardılar:

“Ancaq Kiyev qərar verməkdə çətinlik çəkir. Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko “Ştaynmayer formulunun” Kremldə hazırlandığını iddia edərək, bunu “Putin formulu” adlandırır və sənəddə göstərilən prinsiplərin qəbulunun əleyhinədir. Digər müxalifət təmsilçisi Yuliya Timoşenko da “Ştaynmayer formulunun” qəbulunun əleyhinədir. Ukraynanın hazırki prezidenti Vladimir Zelenski isə ölkəsi üçün sülh istəyir və ona görə də “Ştaynmayer formulunu” qəbul etməyə hazır görünür. Zelenskinin təmas qrupundakı təmsilçisi, eks-prezident Leonid Kuçma “Ştaynmayer formulunu” artıq qəbul etdiklərini bildirib. Bu o deməkdir ki, Kuçma Zelenskidən bununla bağlı təlimat alıb. Ancaq Zelenski son qərar verməyə tələsmir. Çünki onun ölkədaxilindəki rəqibləri artıq prezidenti satqınlıqda ittiham edir və tərəfdarlarını küçələrə çıxaracaqları ilə hədələyirlər. Əlbəttə, Vladimir Zelenski öz partiyası olan “Xalqın xidmətçisi” vasitəsilə parlamentə nəzarət edir və Donbasın statusunu müəyyənləşdirəcək qanunun qəbulunu təmin edə bilər. Ancaq Zelenski “Ştaynmayer formulunu” qəbul edərsə, bu halda birincisi, Kiyevdə növbəti mitinq dalğası başlayacaq, ikincisi, Zelenskinin partiyasında parçalanma baş verə bilər. Ona görə Zelenski suyu üfürə-üfürə içmək məcburiyyətindədir”.
 
Təhlildə bildirilib ki, “Ştaynmayer formulu”nun münaqişənin mərhələli həllini şərtləndirsə də açıq qalan suallar az deyil:

“Məsələn Donbasla Rusiya arasındakı sərhəd kimin nəzarətində qalacaq? Və ya Donbasın xüsusi statusunda separatçıların hüquqlarını artıracaq bəndlər Ukraynanın ərazi bütövlüyünə təhlükə yaratmayacaqmı? “Milli milis” elə silahlı separatçılar demək deyilmi? Təsadüfi deyil ki, “Ştaynmayer formuluna” müxalif olanlar bu prinsiplərin qəbulunun münaqişəni həll etməyəcəyini, tam əksinə münaqişəni donduracağına əmindirlər”.

Təhlildə “Ştaynmayer formulu” Dağlıq Qarabağ münaqişəsinə hansı halda tətbiq oluna biləcəyinə aydınlıq gətirilib:

“Donbas probleminin çözümü Dağlıq Qarabağ probleminin çözümü kimı “Minsk” adı ilə bağlıdır. Digər tərəfdən Donbas münaqişəsinin həlli ilə məşğul olan 4 ölkədən ikisi – Fransa və Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlliylə də məşğul olan Minsk Qrupunun həmsədridir. Bu mənada başqa bir ölkədə münaqişənin həlli ilə məşğul olan bu iki ölkə hazırladıqları prinsipləri Dağlıq Qarabağ üçün də tətbiq edə bilər. Azərbaycan Dağlıq Qarabağa geniş muxtariyyət verməyə hazırdır. Ancaq Donbasdakı vəziyyət Dağlıq Qarabağdakı vəziyyətdən fərqlidir. Birincisi, Donbass separatçıları erməni separatçılarından fərqli olaraq yaşadıqları ərazidən başqa əraziləri işğal etməyiblər. İkincisi, erməni separatçılarından fərqli olaraq Donbas separatçıları bölgədə böyük mənada etnik təmizləmə həyata keçirməyiblər. Azərbaycan üçün “Ştaynmayer formulununun” ilk iki bəndi Dağlıq Qarabağa aid olmayan bölgələrin boşaldılması və azərbaycanlıların Dağlıq Qarabağa qayıtması olmalıdır. Bundan sonra “Ştaynmayer formuluna” uyğun olaraq bölgədə ermənilərin və azərbaycanlıların iştirakı ilə yerli orqanlara seçkilər keçirilməli və bölgənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində statusu müəyyənləşməlidir. “Ştaynmayer formulunda” separatçıların nəzarət etdikləri ərazidə bölgənin statusunu müəyyənləşdirilməli olan referendumun keçirilməsi nəzərdə tutulmayıb. Bölgəyə Kiyevin razılığı ilə xüsusi status verilir. Formulun bu bəndi bizim də üçün də yararlıdır”.

Təhlildə vurğulanıb ki, “Ştaynmayer formulunun” milli milis məsələsi də Dağlıq Qarabağda reallaşa bilər:

“Xankəndinin yerli əhalisini erməni milisi, Şuşadakı əhalinin təhlükəsizliyini isə azərbaycanlıların formalaşdırdığı polis qorumalıdır. “Ştaynmayer formulunda” olduğu kimi Azərbaycan Ermənistanla sərhəddin tamamına nəzarət etməlidir. Beləliklə, “Ştaynmayer formulu” mövcud qüsurlarına rəğmən münaqişənin mərhələli həllini diqtə edir, deməli vacib əlavələrlə, bu, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün də məqbul sayıla bilər. Ancaq buna qədər hələ izləməliyik ki, bu formul Ukraynada necə işləyəcək, Ukraynaya sülh gətirəcəkmi? Bu formulun müsbət nəticələri olarsa, bundan sonra eyni formulun əlavələrlə Dağlıq Qarabağ üçün də tətbiqindən danışıla bilər”.