Cavid Qurbanovun adı keçən yarım milyonluq qalmaqal

 
Kəlbəcər İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov rayon sakini Əli Bayramova “atıb”

Kəlbəcər rayonundan məcburi köçkün düşən, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU-nun yataqxanasında məskunlaşan Bayramov Əli Aslan oğlu “Hürriyyət”ə müraciətində şok faktlar açıqlayıb. Şikayətçi iddia edir ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanovun əmisi oğlu, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov onu dələduzluq yolu ilə aldadıb.
Belə ki, A.Məmmədov ondan oğlu Qalib Bayramovu Kəlbəcər rayon Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri vəzifəsinə təyin etdirmək adı altında, iki dəfəyə olmaqla, 150 min AZN pul alıb. İcra başçısına həmin məbləği şəxsən təqdim etdiyini vurğulayan Əli Bayramovun sözlərinə görə, buna baxmayaraq Aqil Məmmədov öz vədinə əməl etməyib. Halbuki, bu təklif birbaşa icra başçısının özü tərəfindən edilib. O, Ə.Bayramovu çağıraraq Kəlbəcər rayon DSMF-də məsləhətçi vəzifəsində işləyən oğlu Q.Bayramovun sədr vəzifəsinə ən layiqli namizəd olduğunu bildirib. Daha sonra deyib ki, oğlunun Kəlbəcər DSMF-nin rəisi olması üçün “yuxarılara” 100 min manat ödəmək lazımdır. Üstəlik, onu arxayın edib ki, oğlu rəis olarsa, bir neçə ayın içərisində verilən rüşvəti çıxaracaq.
İcra başçısı ilə görüşdən sonra Ə.Bayramov oğlu Qaliblə danışaraq Aqil Məmmədovun ona belə bir təklif etdiyini bildirib. Bu zaman oğlu da onu əmin edib ki, Kəlbəcər DSMF-nin rəisi vəzifəsinə təyin olunarsa, verilən 100 min manatı qısa müddətdə çıxarmaq olar.
Bundan sonra Əli Bayramov şəxsi təsərrüfatında olan heyvanları sataraq icra başçısına verməli olduğu 100 min AZN-i toplamağa çalışıb. Qeyd edək ki, həmin vaxtadək Ə.Bayramovun şəxsi təsərrüfatında 600 (altı yüz) baş qoyun, 30 inək, 30 keçi, 3 at olub. Üstəlik, onun özünə məxsus ət mağazası, ikimərtəbəli evi və biri yük maşını olmaqla, iki avtomobili olub. O, başçının istədiyi məbləği əldə etmək üçün heyvanlarını satmağa məcbur olub. Nəhayət, həmin pulu toplayaraq şəxsən öz əli ilə Aqil Məmmədova təqdim edib.

Lakin bir müddət sonra icra baçısı təkrar Ə.Bayramovu yanına çağıraraq bildirib ki, oğlunun vəzifəyə təyin olunması üçün bütün sənədlər hazırdır, ancaq “yuxarı”da Qalibin DSMF rəisi kimi təsdiqlənməsi üçün daha 50 min manat istəyirlər. Başçının qəbulundan qayıdan Əli kişi yaxınları ilə məsləhətləşdikdən sonra həmin məbləği də toplamaq qərarına gəlib. Beləiklə, bir neçə gün sonra o, əlavə olaraq topladığı 50 min AZN-i yenə öz əli ilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədova təqdim edib. Lakin aradan bir neçə ay keçsə də, Qalib Bayramov Kəlbəcər rayon DSMF-nin rəisi vəzifəsinə təyin olunmayıb. Bütün gözləntilərin əksinə, həmin vəzifəyə Elşən Əlizadə adlı birisi təyin edilib. Bu zaman icra başçısı tərəfindən aldadıldığını bilən Əli Bayramov onun qəbuluna gedərək Aqil Məmmədovdan ona verdiyi 150 min AZN-i geri istəyib.  Başçı isə ondan 150 min manat aldığını inkar edib və üstəlik Əli kişiyə hədə-qorxu gəlib ki, bu haqda bir yerdə danışsa, oğlunu həbs etdirəcək...
Beləliklə, Əli Bayramov iddia edir ki, Aqil Məmmədovun dələduzluq əməlləri ilə bağlı ölkə rəhbərliyinə müraciəti onu icra başçısının hədəfinə gətirib. Nəticədə, A.Məmmədov müxtəlif adamlar vasitəsilə onu və oğlunu şantaj etdirərək onlardan ümumilikdə yarım milyona yaxın pul çıxartdırıb. Hansı ki, Ə.Bayramov bu pulların bir hissəsini 40 nəfərə yaxın qohum və tanışının adına kredit götürərək qarşı tərəfə ödəməli olub.
Bəs, o, bu pulları kimlərə və nə üçün verib? Və yaxud, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, deputat Cavid Qurbanovun bu qalmaqalla nə kimi əlaqəsi olub? Bu və digər şok faktlarla “Hürriyyət”in növbəti sayında dərc olunacaq geniş yazıda tanış olacaqsınız. Bizi izləyin!

"Hürriyyət"