"Bu oyun Azərbaycan futbolunun tarixinə düşdü" - Qurban Qurbanov

Baxış sayı:
5474

“Samir Abasovu layiqli qələbə qazanması münasibəti ilə təbrik edirəm. Çox danışmağa ehtiyac yoxdur, oyun gərgin keçdi. Digər məqamlar daha maraqlı idi. Futbolçularımdan narazı qaldım. İkinci hissədə qırmızı vərəqə alacağımıza hazır idim. Təəssüf ki, bu baş verdi. Oyunda nizam-intizamı pozuldu. "Neftçi" qırmızı vərəqə alanadək daha yaxşı oynayırdıq. Bu oyun Azərbaycan futbolunun tarixinə düşdü. Hakim də inamlı qərarlar verdi”. 

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov evdə “Neftçi”yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XV turunun matçdan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssisin sözlərinə görə, bugünkü epizodlar bir neçə gün öncə Hakimlər Komitəsi ilə müzakirə edilib: “Maraqlı ssenari alındı. Qarşıda oyunlarımız olduğu üçün komandanı yaxşı hazırlamalıyıq. Zədəli və cəzalı futbolçularımız var”.

Qurbanov Kevin Medianın qırmızı vərəqə almasına da münasibət bildirib: “Sabah görüntüləri yenidən izləyəcəm. Çünki, hazırda bu barədə düşünsəm, daha ciddi cəza ola bilər. Bütün hallarda mütləq cəzalanacaq. Komanda yoldaşlarını pis vəziyyətdə qoydu. Düzdür, futbol kişi oyunudur. Amma özünü idarə etməyi bacarmalısan. Bəzi məğlubiyyətlər komandanın xeyrinə olur”.

Baş məşqçi heyətin kasadlığı ilə bağlı ünvanlanan suala belə cavab verib: “Belə hallar olur. Amma mənim heyətlə bağlı narahatlığım yoxdur. Bacara bilərik. Filip Ozobiç gələn həftədən məşqlərə başlayacaq, Elvin Cəfərquliyev qayıdır. Hər şey normaldır. Yetərincə futbolçum var”.

Təcrübəli mütəxəssis Maksim Medvedevə müdafiənin solunda şans verməsinə də aydınlıq gətirib: “Futbolda bu cür yerdəyişmələr olur. Qarşıdakı oyunlarda Elvin və Turaldan istifadə edəcəyik”./report