"Bu hakimiyyət bizi erməninin qabağında kiçik düşürür" – SƏRDAR CƏLALOĞLU

Baxış sayı:
9319

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, prezidentliyə keçmiş namizəd Sərdar Cəlaloğlu ilə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Vyana görüşü, eyni zamanda, ölkə başçısı tərəfindən ard-arda imzalanan çoxsaylı sosial xarakterli fərman və sərəncamlarla bağlı söhbətləşdik.

"Ölkənin insan, maliyyə və diplomatik resursları Dağlıq Qarabağın hərbi yolla azad edilməsinə, erməni aqressiyasının qarşısının alınmasına sərf olunmalıdır"

- Sərdar bəy, bildiyiniz kimi, Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Vyanada baş tutan görüşündən sonra Ermənistanın müdafiə naziri David Tonoyan Nyu-Yorkdakı erməni icmasının nümayəndələri ilə görüşü zamanı bəyan edib ki, "ərazi qarşılığında sülh" formulunu dəyişərək, onu "yeni ərazilərin işğalı üçün yeni müharibə" formulu ilə əvəzləyib. Sizcə, Azərbaycan tərəfi buna hansı formada reaksiya verməlidir?
 
- Bu litorika nə deməkdir? Nəyə görə erməni bu fikirdədir ki, Azərbaycan ordusu öz torpaqlarını azad edə, İrəvanı tuta bilməz?! Qadın, uşaq və yaşlılar da daxil olmaqla bütün erməni əhalisi əsgər olsa, hər 10 Azərbaycan əsgərinə 1 erməni əsgəri düşər. Bu halda, onlar necə bizi uda, müharibədə qalib gələ bilər? Hərbi texnikamız onlardan çoxdur, dövlətin hərbi və iqtisadi durumu Ermənistandan qat-qat yaxşıdır. Buna baxmayaraq, bizi erməninin qabağında kiçik düşürən, məğlub vəziyyətə gətirən Azərbaycan iqtidarının apardığı siyasətdir. Ermənistanın müdafiə naziri Tonoyanın bəyanatına dərhal sərt reaksiya verilməli, indiyə qədər ermənilərlə əldə olunan bütün razılıqlardan imtina etməlidir. Ordumuz dərhal hərbi hazırlıq vəziyyətinə gətirilməli, ölkədə ümumi səfərbərlik elan olunmalıdır. Ölkənin insan, maliyyə və diplomatik resursları Dağlıq Qarabağın hərbi yolla azad edilməsinə, erməni aqressiyasının qarşısının alınmasına sərf olunmalıdır. İqtidar isə bunu etmir. Buna görə də biz Qarabağ Komitəsi olaraq iclas keçirdik və bəyan etdik ki, əgər Azərbaycan ordusu ərazilərimizi işğaldan azad etmək istəmirsə, o zaman bizim Konstitusiyada Vətənimizi qorumaq vəzifəmizin olduğunu nəzərə alaraq, Azərbaycan vətəndaşları könüllü batalyanlar yaradıb torpaqlarımızı ermənilərdən azad etməliyik. İndi biz belə bir məsələ qaldıracağıq ki, qanunvericilik təşəbbüsü üçün 40 min imza toplayaq, partizan hərəkatı haqqında Milli Məclisə qanun layihəsi verək. Məqsədimiz odur ki, həmin qanun layihəsi parlamentdə müzakirə edildikdən sonra qəbul olunsun. Yəni iqtidar özü bilər nə danışıqlar aparırsa aparsın, lakin biz Azərbaycan xalqı olaraq Konstitusiya və beynəlxalq hüquqa əsasən öz torpaqlarımızı erməni işğalından azad edək. Çünki bizim başqa yolumuz qalmayıb. Azərbaycan xalqı bilməlidir ki, bu danışıqlarda Qarabağı addım-addım ermənilərə vermək siyasəti aparılır. Yəni ermənilər torpaqları alır və bizim tərəfi də verməyə məcbur edir. Ermənistanın baş nazirinin Dağlıq Qarabağda hərbi müşavirə keçirməsi də təsdiqləyir ki, bunun başqa adı yoxdur. Baxın, dünənə qədər deyirdilər ki, burda tərəf Dağlıq Qarabağ erməniləridir. İndi isə Ermənistanın Müdafiə Nazirliyi bəyan edir ki, biz Azərbaycan dövlətinə qarşı müharibə aparmalıyıq. Bu, rəsmən Azərbaycan dövlətinə müharibə elan etməkdir. Dünyada bəzən hətta kiçik diplomatik fikrə görə ölkələr bir-biri ilə müharibə edir. Tonoyan açıq şəkildə deyir ki, biz müharibə edib əlavə əraziləri işğal edəcəyik, Bakıya qədər gələcəyik, Azərbaycan hökuməti isə atəşkəs rejiminin möhkəmləndirilməsi ilə bağlı hansısa sazişə imza atır. İqtidar guya öz aləmində böyük bir siyasət aparır. Beləliklə, artıq Azərbaycan xalqı başa düşməlidir ki, bizim hökumətin Dağlıq Qarabağı erməni işğalından azad etmək fikri yoxdur, Rusiya buna imkan vermir. Onu da qeyd edim ki, Kremlin bizim hökumətin üzərində çox böyük təsiri, basqısı var. Azərbaycan hökuməti isə daxildə yanlış siyasət apardığına görə, xalqdan da qorxur. Ona görə də təslimçi siyasət aparır. Burdan da görünən odur ki, öz maraqları naminə xalqın və dövlətin strateji maraqlarını qurban vermək siyasəti aparılır. Hesab edirəm ki, Azərbaycan Müdafiə Nazirliyi Tonoyanın bəyanatına dərhal sərt formada alternativ cavab verməli idi.
 
"Azərbaycan iqtidarı Paşinyanın hərbi iclaslarını işğal olunmuş ərazilərimizdə keçirməsinə niyə imkan verir?"
 
- Nikol Paşinyanın hərbi iclaslarını Azərbaycanın işğal altında olan ərazilərində aparması ilə bağlı mövqeyinizi bilmək maraqlı olardı.
 
- Aydın şəkildə görünür ki, Ermənistan işğal altındakı torpaqları heç bir halda geri qaytarmayacaq. Əksinə, ermənilər Tonoyanın bəyanatı ilə Azərbaycana açıq şəkildə müharibə elan edib. Azərbaycan iqtidarı isə müharibə aparmaq istəyən tərəflə sülh müqaviləsi bağlamaq istəyir. Axı, bu, necə ola bilər?! Ermənilər birmənalı şəkildə müharibə istəyir, bu halda onlarla sülh bağlamaq mümkün deyil. Odur ki, hökumət dərhal ermənilərin cavabını verməlidir. Azərbaycan iqtidarı Nikol Paşinyanın hərbi iclaslarını işğal olunmuş ərazilərimizdə keçirməsinə niyə imkan verir? Qeyd edim ki, Qarabağ Komitəsində bu məsələ müzakirə olunduqda Əvəz Zeynallı yerində xatırlatdı ki, Hitler faşizminin dünya müharibəsini başlatmasının ideyası budur: Biz getdikcə çoxalırıq və buna görə də yaşam üçün yeni sahələr lazımdır. Bu səbəbdən də Avropa xalqlarını vurub sıxışdırmalıyıq ki, alnlar üçün daha geniş ərazilər əldə edək. Ermənistanın müdafiə naziri David Tonoyanın verdiyi bəyanat eynilə buna xidmət edir. Yəni Ermənistan ermənilərin yaşam sahələrini genişləndirmək üçün Azərbaycan torpaqlarını işğal etməyi planlaşdırır. Bu, onu göstərir ki, Ermənistanda faşist rejimi var, ermənilər artıq nasional sosializm təfəkkürünə malikdirlər. Ermənilərin Azərbaycan torpaqları üzərində dövlət qurmaları azmış kimi, indi yenidən bizim torpaqlarımızın əsasında ərazilərini genişləndirmək istəyirlər. Azərbaycan tərəfi isə İrəvanın, Zəngəzurun, Göyçə mahalının və digər torpaqlarımızın azad olunmasından danışmır. Bununla yanaşı, yeni işğal olunmuş torpaqların azad olunması ilə bağlı danışıqlarda cəmi 7 rayonun məsələsini müzakirə edir. Bu danışıqlarda isə Azərbaycanı alçaldıcı vəziyyətə salırlar. Əgər Azərbaycan hökuməti torpaqları azad etmək imkanına malik deyilsə, bunu bacarmırsa, Rusiyanın təsirlərini neytrallaşdıra bilmirsə, onda istefa verməlidir. Bundan sonra xalq öz hökumətini seçməli və torpaqlarını azad etməlidir.
 
"Dünya təcrübəsi də göstərir ki, rəsmi orduların görə bilmədiyi işləri partizan hərəkatları görə bilir"
 
- Bir qədər əvvəl partizan hərəkatından söhbət açdınız. Yəni bu yolla işğal altındakı torpaqlarımızı azad etmək mümkün olacaq?

 
- Azərbaycan xalqı bilməlidir ki, Dağlıq Qarabağ məsələsində kifayət qədər təhlükəli məqama gəlib çıxmışıq. Ona görə də işğal altındakı torpaqlarımızı azad etmək üçün rəsmi şəkildə deyil, qeyri-rəsmi şəkildə azad etməyə hazırlaşmalıyıq. Bunu qanunvericiliklə həll etmək mümkündür. Hesab edirəm ki, Azərbaycan xalqı partizan hərəkatına başlamalıdır. Qeyd etdiyim kimi, bu yaxınlarda imza toplayıb təşəbbüs qaldıracağıq ki, Qarabağın azad edilməsi məqsədiylə partizan hərəkatının, o cümlədən könüllülərdən ibarət hərbi hissələrin yaradılması ilə bağlı qanun qəbul edilsin. Bir çox ölkələrdə bu cür rezerv ordular var ki, onlar rəsmi ordu deyil, lakin ehtiyac yarandıqda aktiv savaşa qatılırlar. Bu halda, nədən Azərbaycanda da könüllülər ordusu olmamalıdır?! Bir önəmli məqamı da qeyd edim ki, dünya təcrübəsi də göstərir ki, rəsmi orduların görə bilmədiyi işləri partizan hərəkatları görə bilir. Odur ki, artıq biz də partizan hərəkatına başlamalıyıq. Bunun başqa yolu yoxdur!
 
Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org