"Biz AŞPA-nın heç bir "tələbini" icra etməyəcəyik"- İLHAM ƏLİYEV

Baxış sayı:
1785

İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qəbul etdiyi qərarların onun üçün "tamamilə əhəmiyyətsiz" olduğunu bəyan edib.
İlham Əliyev Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunu qəbul etdiyi zaman bildirib ki, cənab Çavuşoğlu AŞPA-da vəzifə tutanda bu təşkilat ədalətli mövqe sərgiləyib, ancaq indi təşkilat "nüfuza malik deyil".
"Azərbaycanla bağlı qəbul edilmiş son qətnamə bizim üçün heç bir əhəmiyyət kəsb etmir və bu qətnamənin bizim üçün dəyəri bir kağız parçasından artıq deyil. Orada səslənən uydurma ittihamların heç birini biz qəbul etmirik və onların heç bir dırnaqarası tələbini icra etməyəcəyik"- İlham Əliyev deyib.
Prezident Avropa Şurasını Azərbaycan və Türkiyəyə qarşı ikili siyasət yürütməkdə ittiham edib.
O sual edib ki, "Nə üçün? Nə üçün Ermənistana qarşı bir münasibət var, Azərbaycana, Türkiyəyə qarşı başqa münasibət?"
AŞPA ötən həftə keçirdiyi sessiyasında Azərbaycanda "siyasi məhbus probleminin" olduğunu bildirərək, onları araşdırılmasına və daha geniş islahatlara çağırıb.

"Siyasi məhbus" qətnaməsində nə deyilir?

"Azərbaycanın siyasi məhbus probleminə malik olması artıq heç bir şübhə doğurmur və bu problem struktur və sistem səciyyəli səbəblərin nəticəsidir", - AŞPA-nın son qətnaməsində qeyd olunur.
Sənəddə Azərbaycan, İnsan Hüquqları Konvensiyasına uyğun olaraq öz öhdəliklərini yerinə yetirmək üçün "fundamental islahatlar" aparmağa çağrılır.
AŞPA qətnaməsində Azərbaycan siyasi məhbuslarla bağlı iddia edilən bütün işlərin müstəqil bir qurum tərəfindən araşdırılmasını təmin etməyə səsləyir.
AŞPA isə Azərbaycandakı "son islahatları" alqışlayır, lakin bildirir ki, problemin "tam və davamlı şəkildə həll olunması üçün" daha çox iş görülməlidir.
Sənəd, AŞPA-nın Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçisi Thorhildur Sunna Aevarsdottir məruzəsinə əsaslanır.
Bəs qətnamədə əks olunan tələblərin Azərbaycana hansı təsiri ola bilər?
"Bu qərar Azərbaycanda "siyasi məhbus var və yaxud da yoxdur" kimi mübahisələrə son qoyacaq. Hökumətin siyasi məhbus yoxdur deməsinə heç bir haqqı qalmayıb", jurnalist və keçmiş məhbus Xədicə İsmayıl deyir.
Xədicə İsmayıl BBC News Azərbaycancaya bildirib ki, Azərbaycan hökumətindən problemin birdəfəlik həlli üçün konkret addimlar gözləyirlər.
Onun sözlərinə görə, indiyədək taktika bu olub ki, siyahıya düşən bir nəfəri azad edəndən sonra başqa bir nəfər həbsə alınıb: "Azərbaycanda həbsxanaların qapısı fırlanan qapı kimidir. Birisini buraxanda, o birisini içəri salırlar və bu növbəti müzakirə predmeti olur. Ümid edirik ki, qətnamə buna son qoyacaq, çünki o, yeni siyasi məhbusların meydana çıxmasının qarşısını almaq üçün real addımlar tələb edir".