BİRİNCİ QARABAĞ SAVAŞININ DÖYÜŞÇÜLƏRİNDƏN PREZİDENTƏ MÜRACİƏT – “…Bu, vətənə, dövlətə xəyanətə bərabər bir cinayət hesab edilməlidir”

Baxış sayı:
2449

Birinci Qarabağ müharibəsində iştirak edən döyüşçülər tərəfindən Muxalifet.az-ın redaksiyasına məktub daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən döyüşçülərin məktubunu olduğu kimi dərc edirik:
“Hörmətli Ali Baş Komandan!

Biz hamımız bir yerdə 771 saylı hərbi hissənin tərkibində 1-ci Qarabağ müharibəsində 1992-1994-cü illərdə iştirak etmişik. Ancaq 771 saylı hərbi hissənin tərkibində 1-ci Qarabağ müharibəsində iştirak edən döyüşçülərin 70 %-i Qarabağ müharibəsi əlili və veteranı adı alsalar da, yerdə qalan 30 % hələ də bu hüququnu əldə edə bilmir. Səbəb kimi Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsi cavab verib göstərir ki, 771 saylı hərbi hissənin sənədləri Müdafiə Nazirliyinin arxivinə verilməyib.
Bu isə tam yalandır. Çünki, yuxarıda qeyd etdiyimiz kimi, 771 saylı hərbi hissənin tərkibində 1-ci Qarabağ müharibəsində iştirak edib əlil və veteran statusu almış şəxslərə həmin arxiv idarəsi arayış verib, 771 saylı hərbi hissə barədə ətraflı məlumat vermişdir. Həmçinin həmin arxiv arayışı əsasında Şəki İnzibati Məhkəməsi bizim cəbhə yoldaşlarımızın çoxuna veteran adı verilməsinə dair qərar çıxarmışdır.
Bu müraciəti imza edənlərin bir neçəsi 771 saylı hərbi hissənin tərkibində 1-ci Qarabağ müharibəsində iştirak edib, veteran adı və müharibə əlili statusu alıblar. Onlar da bu müraciətə imza atıb, subut edirlər ki, veteran adı ala bilməyən bu şəxslər bizimlə birlikdə 771 saylı hərbi hissənin tərkibində 1-ci Qarabağ müharibəsində iştirak ediblər, bir yerdə tərxis olunmuşuq. Hətta 1-ci Qarabağ müharibəsindən uzun müddət keçməsinə baxmayarq, biz hələ də dostluq edirik, bir-birimizi daimi axtarırıq, əlaqə saxlayırıq.
Qeyd edək ki, 771 nömrəli hərbi hissənin komandiri həmin vaxt polkovnik Əzizağa Qənizadə, Qərargah rəisi isə mayor Aydın Şiriyev olub. Polkovnik Əzizağa Qənizadə hazırda Müdafiə Nazirliyinin hərbi muzeyinin direktoru olsa da, bizə heç bir köməklik etmək istəmir. Hansı ki, onun komandiri olduğu 771 saylı hərbi hissənin tərkibində Qarabağ müharibəsində iştirak etmişik, qanuni qaydada tərxis edilmişik.
Cəbhə yoldaşlarımızdan şəhid, əlil olanlar var. Bizm 771 saylı hərbi hissənin tərkibində Qarabağ müharibəsində iştirak etməyimizi təsdiq edən konkret və mötəbər subutlarımız, canlı şahidlərimiz var. Hətta biz 29 sentyabr 2020-ci il tarixdə - 2-ci Qarabağ müharibəsində də iştirak etmişik. Bizim bu əziyyətimizi yerə vurmaq, haqqımızı tapdamaq vətənə, dövlətə xəyanətə bərabər bir cinayət hesab edilməlidir.
Biz mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət edirik. Hörmətli Ali Baş Komandan, xahiş edirik ki, bizim bu müraciətimizi və təqdim etdiyimiz subutları obyektiv araşdırıb, bizə qanuni qaydada müharibə veteranı statusu verilməsinə köməklik göstərərsiniz. Biz Sizə inanırıq”.
Qeyd edək ki, müraciətə 771 saylı hərbi hissənin tərkibində 1-ci Qarabağ müharibəsində iştirak etdiklərini bildirən aşağıdakı şəxslər imza atıb:
1. İsmayılov Şahin Ağaəli oğlu, Göyçay rayonu, Alpout kəndi;
2. Həsrətov Orxan Vaqif oğlu, Göyçay rayonu, Mırtı kəndi;
3. Daşdəmirov Tahir Şəban oğlu, Ağdaş rayonu, Ləkçılpaq kəndi;
4. Həsənov Nizami Məhəmməd oğlu, Ağdaş rayonu, Aşağı Nemətabad kəndi;
5. Məmmədov Bəhruz Vahid oğlu, Ağdaş rayonu, Xosrov kəndi;
6. Həsənov Eldar Əliheydar oğlu, Ucar rayonu, Qazyan kəndi;
7. Xəlilov Vahid Məmməd oğlu, Ucar rayonu, Qarabörk kəndi;
8. Süleymanov Ələsgər Əsgərxan oğlu, Ucar rayonu, Qazıqumlaq kəndi, Qarabağ müharibəsi əlili;
9. Rzayev Kamal İsrayıl oğlu, Göyçay rayonu, 2-ci Ərəbcəbirli kəndi, ehtiyatda olan zabit, Qarabağ müharibəsi veteran;
10. Abdillayev Elxan Abdulla oğlu, Ağdaş rayonu, Cüvə kəndi, müharibə veteran;
11.Məmmədov Ələsgər Əli oğlu, 2-ci qrup Qarabağ müharibəsi əlili;
12. İsmayılov Ağaşirin Firuddin oğlu, Ağdaş rayonu, Ləki kəndi, 2-ci qrup müharibə əlili;
13.Səfərov Aydın Sadəddin oğlu, Ağdaş rayonu, Ləki kəndi, 2-ci qrup Qarabağ müharibəsi əlili.


Muxalifet.az