​“Bir toplumun mənəvi aşınması üçün öncə qadınlar yoldan çıxarılır” – NATİQ MİRİ

Baxış sayı:
1969

Dünyada, o cümlədən Azərbaycanımızda bəzi dəyər mahiyyətli sözlərə fərqli anlamlar yükləməklə, cəmiyyəti yanlış yola sürükləyirlər.
"Azadlıq" termini xüsusilə istismar olunur. Nəfsin bütün istəklərinə "azadlıq" donu geyindirilərək cəmiyyətə sırınır, toplumun mənəvi aşınmasına yol açırlar(əslində hakimiyyətin yanlış siyasəti sayəsində bu yol çoxdan açılıb). Əlahəzrət MİLLƏT, nəfsin istəkləri nə zamandan bəri azadlıq olub? Nəfsin hər istəyini yerinə yetirmək məgər nəfsdən asılılıq, başda şeytan olmaqla, min qula qul olmaq deyilmi?
Necə ola bilər ki, doğru yolu və sonda əbədi qurtuluşu vəd edən bir Allaha qul olmuruq, əvəzində isə min qula qul olmağı "azadlıq" deyə vəsf edirik. Azad olmaq istəyən öncə nəfsinin buxovlarından azad olmağı bacarmalıdır. Bizdə isə tərsinədir, özünü vəzifəyə, pula, şöhrətə, qadına, eyş-işrətə, ehtirasa və bütün maddi buxovlara bağlayanlar özünü azadlıq simvolu kimi təqdim edirlər.
Nəfsinin hər istəyini yerinə yetirməyi "azadlıq" kimi təqdim edənlərə sual olunur: Sizin yaradılışınızda sizin bir rolunuz olubmu? Olmayıbsa(təbii ki, olmayıb), onda sizə əmanət olan canınızla bağlı hökm vermək haqqını necə özünüzdə görə bilirsiniz?
Bu xüsusda sözüm bir də başımızın tacı olan xanımlarımızadır: Qadın cinsiyyəti ilə deyil, şəxsiyyəti ilə üstündür və bütün münasibətlər də yalnız qadının şəxsiyyəti üzərindən qurulmalıdır. Unutmayın ki, bir toplumun mənəvi aşınması üçün öncə qadınlar yoldan çıxarılır və bu, şeytani bir üsuldur. Çünki qadın soyunarsa, kişi yoldan çıxar, kişi yoldan çıxarsa, ailə dağılar, ailə dağılarsa, toplum dağılar.

Ona görə, kimsə bu cür 8 mart aksiyasındakı feminist tələlərə düşməsin. Və ONLARI DƏSTƏKLƏYƏN SİYASƏTÇİLƏR DƏ UTANSIN!!! Siz 3-cü onillikdir ki, nəfsinizə qul olmaqdan qurtula bilmirsiniz, bəs xalqa azadlığı necə verəcəksiniz? Öncə buxovlarınızdan bir qurtulun, sonra sizə inananlar və azadlıq gələcək. Azadlıq sizdən heç də uzaq deyil, bu İlahi nemət sizin daim iradənizlə nəfsinisin mübarizəsinin nəticəsi olaraq mövcuddur. Unutmayın ki, qaranlıq yalnız işığın yox halıdır. Daim işiıqlı olmaq niyyəti ilə...
Natiq MİRİ,
Politoloq