““Bayraktar”lar bizim əsas silahımız olan “Qiatsint”ləri məhv etdi...” - ERMƏNİSTAN ORDUSUNUN ARTİLLERİYAÇISI

Baxış sayı:
794

Türkiyənin “Bayraktar TB2” pilotsuz döyüş təyyarələri İkinci Qarabağ müharibəsində əsas rol oynadı və Ermənistan ordusunun silahlanmasında yer alan əsas artilleriya vasitələrini məhv elədi.

Bunu Ermənistan ordusunun artilleriyaçısı  Tiqran Danielyan "Senzor" Ukrayna nəşrinə deyir. O, bildirir ki, Ermənistan ordusunun silahlanmasında onun əsas “kozır”ı hesab edilən uzaqvuran artilleriya var idi. 2A36 “Qiatsint-B” qaubitsaları Qarabağın bütün ərazisini, İran sərhədinə qədər və sərhədin yaxınlığında yerləşən, Azərbaycan ordusunun əsas zərbəni yönəltdiyi Cəbrayıl şəhərini atəş altında saxlaya bilərdi. Danielyanın fikrincə, bununla müharibənin gedişatını dəyişdirmək olardı.

Lakin Azərbaycan ordusunun tətbiq etdiyi “Bayraktar”lar erməni ordusuna artilleriyanın imkanlarından tam istifadə etməyə imkan verməyib. Danielyan bildirir ki, məhz “Qiatsint” qaubitsaları “Bayraktar”ların əsas hədəfi idi və onlara praktiki olaraq daim zərbələr endirilirdi.

Danielyan Hollandiyanın “Oryx” nəşrinin internetdə dərc edilmiş videolara əsasən tərtib etdiyi statistikadan sitat gətirir. Orada bildirilir ki, “Bayraktar”lar ən azı 12 “Qiatsint” qaubitsasını məhv edib. Cəmi döyüşlərdə isə Ermənistan ordusu 320-dən çox artilleriya silahı itirib, onların əksəriyyətinə məhz PUA-lar zərbə endirib.  Bu da Danielyana görə, məğlubiyyətin əsas səbəblərindən biridir. Çünki uzaqvuran artilleriya olmadan Ermənistan ordusu layiqli müqavimət göstərə bilməzdi.

“Qiatsint” Rusiyanın və bir çox keçmiş sovet respublikalarının ordularının silahlanmasında yer alan əsas artilleriya silahıdır. 152 millimetrlik mərmilərlə 30 kilometrdən çox məsafəyə atəş açır. Yedəyə alınan “Qiatsint” qaubitsalarının ağırlığı 10 tondan çoxdur.