BANKLARIN MƏNFƏƏTİ, VƏTƏNDAŞLARIN KREDİT BORCU ARTIR – Mərkəzi Bankın statistikası nədən xəbər verir?

Baxış sayı:
275

Son illər Azərbaycanın maliyyə sektorunda müşahidə olunan mənzərə ciddi narahatlıq doğurur. Bir tərəfdən ölkə bankları tarixlərinin ən parlaq dövrünü yaşayaraq 100 milyonlarla manat mənfəət əldə etdiklərini bəyan edirlər, digər tərəfdən isə vətəndaşların borc yükü kəskin artır. Mərkəzi Bankın (AMB) 2026-cı ilin aprel ayına olan son statistikası “həyəcan təbili" çalmağın vaxtı çatdığını göstərir.

2025-ci ili Azərbaycan bank sistemi üçün "qızıl il" adlandırmaq olar. Sektorun ümumi xalis mənfəəti rekord vuraraq 1 milyard 164.5 milyon manata yüksəlib. Bu artım dinamikası 2026-cı ilin ilk rübündə də səngiməyib. Yanvar-fevral aylarının nəticələrinə görə, banklar ötən ilin eyni dövrü ilə müqayisədə 5.75% daha çox qazanaraq 189.7 milyon manat xalis mənfəət əldə ediblər.

Lakin bu mənfəətin strukturuna nəzər saldıqda aydın olur ki, gəlirlərin əsas mənbəyi iqtisadiyyatın real sektorunun maliyyələşdirilməsi deyil, vətəndaşlara yüksək faizlərlə verilən istehlak kreditləridir. Hesabat verən 23 bankdan 22-nin rübü mənfəətlə bağlaması, rəqabətin deyil, yüksək faiz marjasının nəticəsidir.

Qeyd edək ki, Mərkəzi Bankın məlumatına görə, ölkə üzrə bankların cəmi kredit qoyuluşları (biznes, istehlak və ipoteka daxil olmaqla) 30 milyard 118.9 milyon manat olub. Əhalinin banklara olan ümumi borcu 19 milyard 197 milyon manatlıq tarixi zirvəyə çatıb. Göründüyü kimi, bankların verdiyi hər 3 manatdan təxminən 2 manatı birbaşa əhalinin (ev təsərrüfatlarının) payına düşür. Bu rəqəmin daxilində 9.4 milyard manatdan çox payı olan istehlak kreditləri ilk sırada dayanır. Yəni əhalinin gündəlik tələbatı, məişət texnikası və nağd pul ehtiyacları üçün götürdüyü borcların həcmi ümumi kredit portfelinin 31.4%-ni təşkil edir.

 

Müqayisə üçün qeyd edək ki, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 11.7% artıb. Təkcə 2026-cı ilin yanvar ayı ilə müqayisədə fevralda 0.43%-lik (təxminən 82 milyon manatlıq) artım qeydə alınıb.

MB analitik qeydləri göstərir ki, ölkədə borc yükünün sərəncamda qalan gəlirlərə nisbəti 18.4% təşkil edir. Bu o deməkdir ki, Azərbaycan vətəndaşı qazandığı hər 100 manatın təxminən 18 manatını bankın faizinə və borcuna ayırır.

İpoteka kreditlərinə gəlincə, daşınmaz əmlakın alınması ilə bağlı əhalinin banklara olan borcu 4 milyard 605.3 milyon manat (ümumi portfelin 15.3%-i) səviyyəsindədir.

Vaxtı keçmiş borclar sürıtlə artır

Ən maraqlı rəqəmlər isə vaxtı keçmiş borclarla bağlıdır. MB-ın məlumatına görə, 1 aprel 2026-cı il tarixinə problemli kreditlərin həcmi 619.6 milyon manata yüksəlib. Diqqətçəkən məqam artım tempinin kəskinliyidir. Belə ki:

-Cəmi bir ayda (martda): 10.25% artım;

-İlin əvvəlindən bəri: 18.1% artım;

-Son bir ildə: 28.65% artım.

 

Bu kəskin artımın arxasında duran amillər bunlardır:

1.Aqressiv istehlak kreditləşməsi. Banklar 2025-ci ildə və 2026-cı ilin əvvəlində mənfəət rekordları qırmaq üçün əhaliyə çox sürətlə və asan şərtlərlə (onlayn, sənədsiz) istehlak kreditləri payladılar. İndi həmin kreditlərin "ödəniş dövrü" gəlib çatıb və bir çox vətəndaşın gəlirləri borc yükünü qarşılamaqda çətinlik çəkir. Borcun borcla bağlanması zənciri qırılmağa başlayıb.

2.Yüksək borc yükü. Qeyd etdiyimiz kimi, əhalinin banklara borcu 19 milyard manatı ötüb. Vətəndaşların gəlirlərinin orta hesabla 18,4%-i bank borclarına gedir. İnflyasiya və gündəlik xərclərin artması fonunda bu nisbət o qədər də az deyil. İnsanlar qida, kirayə kimi prioritet xərclərə görə bank ödənişlərini gecikdirirlər.

3.Bayram ayları və mövsümi xərclər. Mart ayındakı 10,25%-lik kəskin artımın bir səbəbi də mövsümidir. Novruz bayramı və mart ayındakı qeyri-iş günləri əhalinin xərclərini artırır. Bayram bazarlığı üçün əlavə borclanan və ya cari ödənişini bayram xərclərinə görə gecikdirən müştərilərin sayı bu dövrdə həmişə artır.

4.Kiçik və orta sahibkarlıqdakı durğunluq. Problemli kreditlər təkcə fərdlərlə bağlı deyil. İlin ilk rübündə bəzi biznes sahələrində müşahidə olunan nisbi durğunluq, kiçik sahibkarların bank qarşısındakı öhdəliklərini yerinə yetirə bilməməsinə səbəb olub.

4.Sərtləşən pul-kredit siyasəti. Mərkəzi Bankın kreditləşməni soyutmaq üçün atdığı bəzi tənzimləyici addımlar bankların yeni kredit verməsini çətinləşdirir. Bu isə "piramida" prinsipi ilə (yeni kredit götürüb köhnəni bağlayanlar) hərəkət edən müştərilərin vaxtı keçmiş borclarının aşkar olunmasına gətirib çıxarır.

Regionda ən yüksək kredit faizləri Azərbaycandadır

Region ölkələri ilə müqayisə Azərbaycan banklarının kredit faizləri çox yüksək olduğunu əyani göstərir. Uçot dərəcəsi 7% olan Azərbaycanda faktiki kredit faizləri 20-24% aralığında dəyişir.

Gürcüstanda orta kredit faizi 12.5-14% səviyyəsindədir, Ermənistanda isə 15.8% təşkil edir.

 

Maraqlıdır ki, uçot dərəcəsi bizdən yüksək olan Gürcüstanda vətəndaş bankdan daha ucuz pul ala bilir. Bu, Azərbaycan banklarının həm riskləri sığortalamaq bəhanəsi ilə faizləri süni qaldırmasından, həm də mənfəət iştahının böyüklüyündən xəbər verir.

Problemli kreditlərin illik 28.6% artması sadəcə bir bank statistikası deyil, sosial durumun mənzərəsidir. Əgər bu temp davam edərsə, Mərkəzi Bank məcburi şəkildə kreditləşməni dayandırmaq üçün sərt inzibati addımlar atmalı olacaq. Həmçinin məhkəmə çəkişmələri və borca görə əmlakın müsadirəsi hallarında artım yaşana bilər. Bununla yanaşı bankların sabitliyi sual altına düşə bilər, çünki kağız üzərindəki mənfəətlər realda "batmış" pullara çevrilir.

Bu problemlərin yaşanmaması üçün Azərbaycanda bankların kredit faizlərinin aşağı salınmasına ehtiyac var. Mərkəzi Bank bu istiqamətdə təsirli qərarlar qəbul etməlidir.

E.Rüstəmli