Bakıdan Avstraliyaya narkotik göndərmək istədilər - NARKOMAFİYANIN HƏMİN KANALI HƏLƏ İŞLƏYİR?

Baxış sayı:
1012

Beynəlxalq poçt göndərişləri yolu ilə narkotik vasitənin gömrük sərhədindən keçirilməsi cəhdinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən virtualaz.org-a verilən məlumata görə, Bakı Karqo Terminalında Azərbaycan Respublikasından Avstraliyaya ünvanlanan poçt bağlamasına kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib. Xidməti it reaksiya verdiyi üçün bağlama Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri gömrük postunda təkrar yoxlanılıb. Parçanın daxilinə narkotik vasitəyə oxşar naməlum maddənin hopdurulduğu ehtimal olunduğuna görə, poçt bağlaması araşdırma məqsədilə saxlanılıb. Təkrar yoxlama nəticəsində parçaya hopdurulan maddənin 3 kq 154 qram çəkidə tiryək olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır. Xatırladaq ki, bu günlərdə Avstraliyanın Sidney əyalətində Azərbaycandan poçt bağlaması ilə göndərilən iri həcmdə narkotik maddə-tiryək aşkarlanmışdı. Həmin tiryəkin bazar dəyəri on milyonlarla dollar idi. Avstraliya polisi bu faktla bağlı həbslər aparıb, bir neçə nəfər həbs olunub. İndi Azərbaycan gömrükçülərinin aşkarladığı narkotik də bunu təsdiq edir ki, ölkə üzərindən Avstraliyaya aviapoçt yolu ilə narkotikin göndərilməsi kanalı hələ də işləyirmiş.