“Azərbaycanın müstəqilliyini itirməsində ən böyük günahkar gürcülərdir” – TARİXÇİ ALİM

Baxış sayı:
1903

Kərəm Məmmədli: “11-ci “Qızıl ordu”nu Bakı vağzalında qarşılayan Orconikidze idi”
 
Ötən həftə Marneuli və Hucabinin Yepiskopu Qiorqi (Camdeliani) həftə ayini zamanı Marneulinin Mədəniyyət Evininin ərazisindəki parkda yerləşən Nəriman Nərimanovun abidsiənin sökülməsini tələb edib.
 

“Azərbaycanlının abidəsi olduğuna görə qarşı çıxmırıq. Filip Maxaradze, Orconikidze də onun kimi xəyanətkar idi və biz onların abidəsini götürüb atdıq. Onlar Sovet İttifaqının repressiya maşının başında duranlar idi və çox sayda adam güllələyiblər, repressiyalar həyata keçiriblər… Nəriman Nərimanov bizim ərazi bütövlüyümüzün pozulmasında böyük töhfəsi olan adamdır”,-deyə keşiş bildirib.
 
Qeyd edək ki, abidənin bərpası Marneuli meri Zaur Dargallının təşəbbüsü ilə həyata keçirilib. Keşiş ona görə, şəhəri merinə də qəzəblənib.
 
“Şəhər meri buna necə cəsarət edə bilər?! Qəti şəkildə bildirirəm və onlara vaxt verirəm ki, öz əlləri ilə, qanuna uyğun olaraq, Sovet İttifaqı rəmzlərinin, Sovet İttifaqı şəxslərinin heykəllərinin sökülməsinə başlasınlar. Mən düşünürəm ki, savadsızlıq da var. Şəhər meri qeyd olunan abidənin avtobioqrafiyasını bilməməlidir? Əgər bu, səhv idisə, mer bunu ictimai şəkildə etiraf etməlidir və dərhal ictimaiyyət qarşısında üzr istəməlidir”,- deyə keşiş tələb edib.
 
“11-ci “Qızıl ordu”nu Bakı vağzalında qarşılayan Orconikidze idi”
 
Keşiş Qiorqinin  açıqlaması ilə bağlı Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri, tarixçi alim Kərəm Məmmədli “Hüriyyət”ə öz fikirlərini açıqlayıb: “Nəriman Nərimanov hansı səlahiyyət sahibi idi ki, Gürcüstanın ərazi bütövlüyünü poza bilərdi? Yox, əgər bolşevikləri milli kimliyinə görə günahkar hesab ediriksə, onda Azərbaycanın müstəqilliyini itirməsində ən böyük günahkar gürcülərdir. Çünki 11-ci “Qızıl ordu”nu Bakı vağzalında qarşılayan Orconikidze idi. Buna görə, biz gürcüləri ittiham etmirik ki. İkincisi də Nəriman Nərimanov nə vaxt Gürcüstanın ərazi bütövlüyünə qəsd edə bilər ki,  11-ci “Qızıl ordu” Bakıya aprelin 28-də girmişdi, Nərimanov mayı ayının 16-da gəlib?! Heç o, nə “Qızıl ordu”nun idarə heyətində, nə də komandan heyətində təmsil olunurdu. Komandan heyətində iştirak edən Orconikidze idi. Ondan sonra, 11-ci “Qızıl ordu” Gürcüstana girəndə də Nərimanov ordunun başında deyildi, yenə Orconikdze, Levandovski idi. Orada Nərimanovun nə günahı var ki?”
 
“Təbii ki, Nərimanovun mədəniyyətimizin yüksəlişində xidmətləri olub

 
K. Məmmədli qeyd etdi ki, Nərimanovun gürcülər üçün yox, Gürcüstanda yaşayan azərbaycanlılar üçün xidmətləri olub: “Məsələn, “Nadanlıq” əsəri-ilk teatr tamaşası səhnəyə qoyulub, başqa əsərləri də səhnələşdirilib. Təbii ki, Nərimanovun mədəniyyətimzin yüksəlişində xidmətləri olub. Mədəniyyətimizin bir Tiflis dövrü var. 20-ci əsrin əvvəllərində istər mətbuat, istər teatr baxımından Tiflis o dövrdə Qafqazın mərkəzi idi. Ona görə, bütün düşünün beyinlər Tiflisdə oturardılar”.
 
“Əli dirsəyinə qədər gürcü, azərbaycanlı qanının içində olan erməniyə Axalkalakidə heykəl qoyulanda həmin keşiş niyə susurdu?”
 
K.Məmmədlinin fikrincə, keşişin Nərimanovun abidəsinin sökülməsini tələb etməsinin günahkarı özümüzük, öz acizliymizdir: “Koronavuris yayılır, “günahkar” azərbaycanlılardır. Nərimanovun heykəli sökülməlidir, “günahkar” azərbaycanlılardır. Bu, nə dərəcədə düzgündür? Elə şeylər var ki, onu milli mənsubiyyətlə yozmaq düzgün deyil. Bolşeviklərdə ömrü boyu millətçilik olmayıb. Amma mən bolşeviklər içərisində ən millətçilərdən biri kimi Nərimanovu hesab edirəm. Nərimanova nəyə görə nifrət yaranıb, birdən-birə bunların ağıllarına düşməsi qəribədir! Yaxşı, əgər Nərimanov bolşevik idi deyə onun heykəlini sökürsünüzsə, gürcü ictimaiyyətində bolşeviklərə belə nifrət varsa, onda uzun müddət bolşevizmin başında duran Stalinin Qoridəki ev muzeyi niyə dağıdılmır? Abxaziyada, Qarabağda döyüşən, əli dirsəyinə qədər gürcü, azərbaycanlı qanının içində olan erməniyə Axalkalakidə heykəl qoyulanda həmin keşiş niyə susurdu? Məncə, bu, sadəcə bir bəhanədir, başqa heç bir şey deyil. Milli münasibətləri gərginləşdirmək üçündür”.
 
K. Məmmədli hesab edir ki, keşişin münasibətini Gürcüstan dövlətinin münasibəti hesab etmək olmaz: “Gürcüstan teokratik dövlət deyil ki, keşişin fikri dövlətin fikri olsun”.
 
“Özümüzün acizliyimizə düşmənin güclü olması ilə bəhanə gətirməyək”
 
“Gürcüstanda keşiş çox önəmli bir şəxsdir, son söz deyən şəxslərdən hesab olunur” dedikdə K. Həsənov sual etdi ki, bəs bizim müfti ilə, şeyxülislam niyə elə deyil: “Özü də bu, adi yepiskopdur, Marneulinin yepiskopudur. Onun sözünün belə kəsəri olduğu halda, Gürcüstan Müsəlmanları İdarəsinin səsi haradadır? O da səsini çıxarmalıdır. Bu, bizim acizliyimizdir. Ona görə də özümüzün acizliyimizə düşmənin güclü olması ilə bəhanə gətirməyək”.