Azərbaycanda məktəb direktoru evində ölü tapıldı - YENİLƏNİB

Baxış sayı:
800

"Özüm də hadisə yerində olmuşam. Ülkər Hacıyevanın vəfat etdiyi evdə partlayış izi görünürdü".

Bunu "Report"un Şimal bürosuna Xaçmaz Rayon Təhsil Şöbəsinin müdiri İnqilab Musayev deyib.

Onun sözlərinə görə, məktəb direktorunun meyitini yaşadığı evdə həmkarları görüblər: "1976-cı il təvəllüdlü Ülkər Vəliyyəddin qızı Hacıyeva 10 ildən çoxdur ki, rayonun Alıcqışlaq kənd tam orta məktəbin direktoru işləyirdi. Rayon mərkəzindən kəndə məsafə uzaq olduğundan, bir neçə həmkarı ilə iş günləri kəndə getmək üçün maşın tutub gedirlər. Səhər saatlarında həmkarları işə getmək ona bir neçə dəfə zəng etsələr də cavab verməyib. Daha sonra qohumları ilə əlaqə saxlayan həmkarları onun yaşadığı evə giriblər. Evdə Ülkər Hacıyevanın meyitini görüblər".

İ.Musayev əlavə edib ki, hadisəni eşidəndən dərhal sonra məktəb direktorunun yaşadığı evə gedib: "Mən özüm də hadisə yerində olmuşam. Ülkər Hacıyevanın vəfat etdiyi evdə partlayış izi görünürdü. Deyilənə görə, su qızdırıcısı içəridə partlayıb. Hazırda meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə yerləşdirilib. Ekspertizanın rəyindən sonra ölümün dəqiq səbəbi məlum olacaq".

Qeyd edək ki, Hacıyeva Ülkər Vəliyyəddin qızı subay olub və tək yaşayırmış.

***

Xaçmaz rayonunda bir nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Musavat.com bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, çağırış ünvanına cəlb olunan Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1976-cı il təvəllüdlü Hacıyeva Ülkər Vəliyyəddin qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Meyiti tapılan şəxsin məktəb direktoru olduğu müəyyənləşib.

APA-nın məlumatına görə, Alıcqışlaq kənd orta məktəbinin direktoru, 1976-cı il təvəllüdlü Hacıyeva Ülkər Vəliyyəddin qızının dəm qazından boğularaq dünyasını dəyişdiyi ehtimal olunur.

Faktla bağlı araşdırmalar davam etdirilir.