AZƏRBAYCANDA İNTİHARLARIN SƏBƏBLƏRİ... - Azadlıq istədiyin hər şeyi əldə etmək deyil...

Baxış sayı:
415

Bakıda Sevil adlı gənc qız özünü yaşayış binasının 20-ci mərtəbəsindən ataraq intihar etdi. Hansı ki, bu hadisə son günlər mətbuatda ciddi müzakirə olunmaqdadır. Təbii ki, bu məsələyə böyük diqqət ayrılması heç də təsadüf deyil. Çünki ölkəmizin gənclərini bir yandan narkotik maddələrin istifadəsi, bir yandan səbəbi bilinməyən intiharlar sözün əsl mənasında məhv etməkdədir.
Niyə ölkə gəncləri bu fəlakətlərə düçar olub, nədir bunların səbəbi?
Yeri gəlmişkən, son günlər artıq bir neçə bu cür intihar hadisəsinin şahidi oluruq.
Və bununla yanaşı, son zamanlarda “məhşurlaşan” feminist gəncləri də görməkdəyik. “Vaginaya azadlıq”, “məmələrə azadlıq” kimi sözlər yazılmış plakatlarla küçələrə çıxıb, özlərinə azadlıq, sərbəstlik tələb edirdilər.
Kimdir axı bu “ağıllı beyinlər” ki, gənclərə bayraqdarlıq edir, arxalarınca aparır?
Bir neçə həftə öncə, özünü feminist kimi təqdim edən bir gənclə qısa bir söhbətim olmuşdu. Söhbətimizin qısa məzmunu belə oldu:
- Niyə feminist olmaq istədin ki? Ümumiyyətlə, nədir feminizm, bəlkə məni də başa salasan?..
- “Feminist” azad qadın deməkdir, istədiyi kimi yaşayan, heç kimdən asılı olmayan, sizin kimi bütün günü bozbaş bişirməklə məşgul olmayan, ər corabı yumayan... (gülür)
-Axı mən də işləyirəm, hara istəsəm gedə bilirəm, azadlığım var. Kim sənə deyir ki, mən və mənim kimi qadınlar bütün günü bozbaş bişiririk?
-Xeyr, mən görürəm anamı, xalamı, başqalarını... Mən sərbəst yaşamaq istəyirəm(əsəbləşir), hara getdin, niyə gec gəldin, səndən siqaret iyi gəlir, niyə tato eləmisən, niyə pirsing eləmisən? Niyə... Niyəəə... Bezmişəmm bu suallardan. Başa düşürsünüz, bu həyat mənimdir, özüm bilərəm necə yaşayaram.
Gənc həmsöhbətimlə bu səpkidə bir az danışsam da, anladım ki, gənclərimizin beynini yalnış formada yönləndiriblər. Xanıma bu fikrlərinin yanlış olduğunu, azadlıgın nə olduğunu və ölkəmizdə gənclərin  kifayət qədər azad yaşaması, oxuması üçün münbit şəraitin olduğunu başa salmağa çalışsam da, artıq gec olduğunu dərk etdim...
Valideynin övladı tərbiyə etməsi, ona müəyyən çərçivədə qadağalar qoyması, ara-bir üstünə səsini yüksəltməsi niyə uşaqlarda qıcıq yaratsın ki?.. Axı, biz hamımız o yolları keçmişik, valideyn nəzarəti, ata “qorxusu” yaşamışıq. Elə bu nəzarətlərin sayəsində təhsilimizi də almışıq, özümüzü cəmiyyət içərisində lazımi mərtəbələrə də çatdırmışıq, ailə-uşaq sahibi olmuşuq. Niyə indiki gənclər gecələr evə gəlməməyi, lazımsız vərdişlərə adət etməyi və s. bu kimi halları “azadlıq” kimi dərk edirlər?
Çoxları özlərini Avropa ölkələrilə və oranın gənclərilə müqayisə edir. Hər şeyin TV ekranlardakından ibarət olduğunu düşünən gənclərimiz də az deyil. Elə Avropada da həyat çoxlarının düşündüyü kimi sərbəst, özbaşına deyil. Avropa ölkələrində də valideyn nəzarəti ilə böyüyən kifayət qədər uşaqlar, gənclər yetişməkdədir. Avropada gün ərzində övladlarının harada olmağı, dostlarının kim olduğu, hara gedib-gəldikləri valideyni heç də bizdən az düşündürmür...
Hətta hal-hazırda bizim ölkədə baş verənlər mən deyərdim ki, nə Avropada, nə də ABŞ kimi ölkələrdə baş vermir. Çünki elə şeylər var ki, biz onu indi görürük. Və heç vaxt bizə xas olmayan adətlər bizim gənclərimizə çox pis təsir etdi...
Azərbaycanda gün-gündən artan homoseksuallıq, uyuşdurucu maddələrin istifadəsi ,feminizm adı altlnda gənclərin səhv yaşam tərzi və bunu qismən “zəif ruhlu” gənclərə təbliğ edənlərin artması, intihar hadisələri, evdən qaçmalar, etik normalardan kənarlaşan gənclərin məcaraları və s. gündəmi “bəzəməkdədir”.
Azadlıq istədiyin hər şeyi əldə etmək deyil, istəmədiklərini etmək məcburiyyətində qalmamaqdır...
Günay ƏSƏDOVA,
Muxalifet.az