Azərbaycanda boşanma ilə bağlı qaydalara dəyişiklik

Baxış sayı:
10295

Baş nazir Əli Əsədov “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarında dəyişiklik edib.

Dəyişiklik “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 5 may tarixli 86-VIQD nömrəli Qanununun tətbiqinin təmin edilməsi məqsədilə edilib.

Qərarla “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 5-ci hissəsində aşağıdakı dəyişikliklər edilib: 

Qaydaların 5.3.3-cü yarımbənd ləğv edilib, 5.8.3-cü yarımbənddən “və ya cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunan” sözləri çıxarılıb. Həmçinin  5.11.1-ci yarımbənddən “yaxud da arvadın (ərin) azı 3 il müddətinə azadlıqdan məhrum edilməyə məhkum olunduğu barədə hökmdən çıxarışı,” və “azadlıqdan məhrumetmə növündə cəza çəkən ərin (arvadın) və ya” sözləri, 5.13-cü bənddən “, yaxud cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum edilməyə məhkum olunmuş” sözləri çıxarılıb.

Bildirək ki, qaydaların 5-ci maddəsi nikahın pozulması haqdadır. Əvvəlki halda dəyişiklik olunan maddələr belə idi:

5. NİKAHIN POZULMASININ QEYDƏ ALINMASI

5.3.3. ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətində azadlıqdan məhrum olunduqda. 

 5.8.3. məhkəmə qaydasında itkin düşmüş hesab edilən, məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən və ya cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunan şəxslə nikahın pozulması haqqında ər-arvaddan birinin ərizəsinə;

5.11.1. yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikahın Qeydiyyat şöbəsi və konsulluq idarəsində pozulması hallarında nikahı pozmaq haqqında ərizə vermiş ər (arvad) həmin ərizəyə arvadın (ərin) xəbərsiz itkin düşmüş və ya ruhi xəstəlik, yaxud kəmağıllıq nəticəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsini, yaxud da arvadın (ərin) azı 3 il müddətinə azadlıqdan məhrum edilməyə məhkum olunduğu barədə hökmdən çıxarışı, dövlət rüsumunun ödənilməsi barədə sənədi əlavə etməli və azadlıqdan məhrumetmə növündə cəza çəkən ərin (arvadın) və ya fəaliyyət qabiliyyəti olmayan ərin (arvadın) qəyyumunun, yaxud xəbərsiz itkin düşmüş hesab edilən ərin (arvadın) əmlakı üzərində qəyyumluq edənin ünvanını bildirməlidir;

5.13. Xəbərsiz itkin düşmüş və ya ruhi xəstəlik, yaxud kəmağıllıq nəticəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, yaxud cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum edilməyə məhkum olunmuş şəxslə nikahı pozmaq haqqında ərin (arvadın) ərizəsinə əsasən nikahın pozulması qeyd edilərkən nikahın pozulması haqqında ərizə verən ər (arvad) nikahdan əvvəlki soyadını daşımaq arzusunda olduğunu ərizədə göstərir./yenisabah