Ayseli və 10 yaşlı oğlunu vəhşicəsinə öldürüb Azərbaycana qaçdı - DƏHŞƏTLİ CİNAYƏT FAKTI

Baxış sayı:
3889

Rusiyanın Kaluqa şəhəri. 2017-ci ilin isti avqust günlərindən biri. İrina Kamışova evə gedərkən yolüstü general Popov küçəsində yerləşən, kirayə verdiyi ikinci mənzilinə baş çəkməyi qərara alır. O, mənzili ailəyə kirayə vermişdi. “Hansısa qafqazlılardır”,-qadın rəfiqələrinə belə demişdi.

Artıq pilləkənləri çıxanda İrina qəribə, kəskin iy hiss elədi və bu iyin haradan gəldiyini təxmin edərək açarı qıfıla saldı. Qapı açılanda qadının gözləri qaraldı, ürəyi bulanmağa başladı. İy cəsəd qazlarından gəlirdi. Mənzildə iki kirayənişinin-azərbaycanlı qadının və onun 10 yaşlı oğlunun çürüməkdə olan meyitləri vardı.

Kaluga24.tv saytının bu dəhşətli cinayət barədə reportajında deyilir ki, şoka düşən qadın tez-tələsik polisə zəng vuraraq hadisə barədə məlumat verir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlirlər. Faktla bağlı cinayət işi başlanılır. İlkin araşdırma zamanı məlum olur ki, mənzilin qapısı sındırılmayıb, kənar müdaxilə edilməyib, qapı açarla açılıb-bağlanıb. Çürüməyə məruz qalan hər iki meyit morqa aparılıb, tibbi ekspertizadan keçirilib. Ekspertiza müxtəlif versiyalar, o cümlədən qida zəhərlənməsi versiyası (mətbəxdən çürümüş göbələklər aşkarlanıb-red.) üzərində də işləyib. Lakin bu versiya öz təsdiqini tapmayıb. Meyitlərin üzərində zorakılıq əlamətlərinin olması, həm ananın, həm də 10 yaşlı oğlunun dilaltı sümüyün sındırılması aşkarlanıb.

 

qətlin baş verdiyi bina

Qeyd edək ki, dilaltı sümüyün sındırılması boğaz nahiyəsinə güclü zərbə və boğulma, asfiksiya zamanı baş verir. Ana-bala ilə nəyə görə bu cür amansızcasına davranılıb, onları kim qəddarcasına boğub?

İbtidai istintaq zamanı qətli törətməkdə ittiham olunan Dəmir Yamadayevin Aysellə sosial şəbəkədə tanış olduqları üzə çıxıb. Həyat yoldaşından ayrılan Ayselin oğlu ilə bir yerdə yaşadığını öyrənən Dəmir həmyerlisinə evlənmək təklif edib. Nikahlarını rəsmiləşdirən Dəmirlə Aysel bir yerdə yaşamağa başlayıblar. Lakin ilk gündən aralarındakı münasibət ürəkaçan olmayıb. Ayseli hamıya, o cümlədən keçmiş ərinə qısqanan Dəmir onu evdən bayıra buraxmayıb, söyüb, təhqir edib, döyüb, incidib. Dəmirin mütəmadi olaraq Ayselin üstünə qışqırması, onu alçaltması, döyməsi daimi xarakter alıb. Ər-arvad arasında yaranan dava-dalaşa artıq qonşular da öyrəşiblər.

On yaşlı Məhəmmədin varlığı atalığının vecinə də olmayıb. Səs-küydən bezən, dava-dalaşdan qorxan Məhəmməd gününün çox hissəsini həyətdəki həmyaşıdları ilə keçirib, onlara ögey atasından qorxduğunu deyib.

 

Hadisə baş verən gün - 29 iyul 2017-ci ildə Məhəmməd hər zamankı kimi yenə küçədə uşaqlarla oynayıb. Anası mətbəxdə yemək hazırlayıb, ögey atası isə televozora baxıb. Ər-arvad arasında yaranan növbəti insident bu dəfə qansız ötüşməyib. Arvadına “sənin rüsvay olmamağın üçün ölməyin daha məsləhətlidir” deyən Dəmirə arvadının cavabı bu dəfə kəskin olub. Ərinə “bicbala, əclaf” deməsi həm özünün, həm də oğlunun həyatı bahasına başa gəlib. Bu günədək zəif cinsin nümayəndəsindən kimsə Dəmiri bu cür təhqir etməmişs, “əclaf, bicbala” adlandırmamışdı.

...Əsəblərinə hakim ola bilməyən Dəmir Ayselin boğazından yapışaraq var gücü ilə onu boğmağa başlayıb. Qadının xırıldadığını görsə də ondan əl çəkməyib. Döşəməyə yıxaraq boğmağa davam edib. Kəskin asfiksiya nəticəsində Ayselin nəfəsi kəsilib.

 

Baş verənlərdən xəbərsiz olan Məhəmməd qapıdan içəri girəndə evdəki adət etmədiyi sakitçiliyə öz-özlüyündə sevinib. Zala girəndə anasının yerdə uzanıqlı vəziyyətdə qaldığının, ögey atasının isə kresloya söykənib oturmasının şahidi olub. Uşaq var gücü ilə bağırdıqda Dəmir balaca Məhəmmədin hulqumundan yapışaraq onu da boğub. Zavallı körpənin bir andaca nəfəsi kəsilib.  

Balasını anasının yanına uzadan Dəmir mənzili tərk edib. Evdən çıxarkən Ayselin telefonunu (meyitlər aşkar olunan günə kimi Dəmir Ayselin telefonundan onun yaxın rəfiqəsinə mesaj yazışaraq guya işlərinin normal olduğunu, bir az xəstələndiyini deyib -red.) özüylə götürməyi də unutmayıb. Əlini ana-balanın qanına bulayan Dəmir Rusiyada qalmayaraq Azərbaycana dönüb.

Aysellə Məhəmmədin öldürülməsindən kimsənin xəbəri olmayıb. Yalnız bir həftədən sonra ev sahibinin mənzilə gəlişindən sonra polis əməkdaşları bu barədə xəbər tutub.

Dəmirin barəsində axtarış elan edilib. Bir müddət sonra onun Azərbaycanda olması müəyyənləşdirilib. Polis əməkdaşları tərəfindən yaşadığı evdə saxlanılan Dəmir istintaqa qətldə əli olmadığını, hadisədən əvvəl çeçen əsilli şəxslərlə dalaşdığını, onların mənzilə soxularaq qapını sındırdıqlarını, arvadını və onun azyaşlı oğlunu öldürdüklərini deyib. Dəmirin özünü müdafiə xarakterli versiyası təbii ki, inandırıcı olmayıb. İstintaq isə bütün hallarda bu versiya üzərində də işləyib, amma uydurulan “çeçen versiyası” təsdiqini tapmayıb.

Azərbaycana qayıdan Dəmir burada da dinc oturmayıb. İlk gündən qızının və nəvəsinin qətlində Dəmirdən şübhələnən qayınatasından susmağı tələb edib. Lakin Ayselin atası onun hədə-qorxularına məhəl qoymayıb. Onun barəsində Azərbaycan hüquq-mühafizə orqanlarına şikayət edib, cani yaxalanıb və istintaq tamamlandıqdan sonra iş baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Dəmir Yamadayev 17 il müddətinə azadlıqdan məhrum edilib.

Hazırladı: İ.Rafiqqızı