"ARTIQ MİLLİ ŞURADA FƏALİYYƏT GÖSTƏRMƏYİM QEYRİ-MÜMKÜNDÜR" - Tanınmış hüquqşünas da bu qurumdan istefa verdi

Baxış sayı:
2077

“Milli Şuranın keçirdiyi qapalı onlayn konfranslarının ələ keçirilərək sosial şəbəkələrdə yayılması ilə Milli Şura ətrafında yayılan söz-söhbətlərin, nüfuzumuza yetirdiyi ciddi zərbəni danmaq mümkün deyildir. Məlum oldu ki, bir siyasi təşkilat olaraq 7 ildən bəri fəaliyyət göstərən Milli Şura təkcə cəmiyyət arasında deyil, siyasi rəqibləri qarşısında da, düşündüyümüzdən də, kifayət qədər yüksək nüfuza malik imiş. Bununla yanaşı, cəmiyyət, bir sıra hallarda isə ardıcıl tərəfdarlarımız, Milli Şura Koordinasiya Mərkəsinin qapalı toplantısında olsa belə, onun üzvləri tərəfindən səsləndirilmiş, adi halda qətiyyən reaksiya verilməyəcək ifadələr səsləndirilməsini heç cür qəbul edə bilmədi”. 

Muxalifet.az xəbər verir ki, bu fikirlər Milli Şuranın üzvü, hüquqşünas Namizəd Səfərov məxsusdur.

“Fürsət gözləyən apponentlərimiz də, bundan yetərincə yararlandılar” deyən hüquqşünas hesab edir ki, Milli Şuranın nüfuzuna ağır zərbə dəydi: “Milli Şura Koordinasiya Mərkəzinin iki üzvü onlara qarşı yönəlmiş hücumlar qarşısında istefa verməyə məcbur oldular. Baş verənlərlə bağlı dərin təəssüf hissi keçirməklə yanaşı, mənim də üzərimə ağır məsuliyyət düşdüyünün fərqindəyəm. Belə ki, uzun müddətdən bəri müxalifətin əsas mübarizə cəbhəsi hesab olunan Milli Şuranın nüfuzuna başqları tərəfindən deyil, özümüz tərəfindən xələl yetirilmişdir. Bir daha qeyd edim ki, baş verənlərlə bağlı dərin təəssüf hissi keçirirəm. Buna görə, həm özüm, həm də bəzi dostlarım fərəfindən siyasi apponentlərimizin ünvanına işlədilmiş yolverilməz ifadələrə görə hamıdan üzr istəmək məcburiyyətində qalıram. Milli Şura üzvlərinin Qərb dəyərlərinə münasibətdə milli mənəvi dəyərlərə hörmətsiz yanaşması, ölkənin digər siyasi təşkilat və ictimai-siyasi xadimlərinə qarşı barışmaz münasibət bəsləməsi ilə bağlı, ünvanımıza söylənən tənqidi fikir və mülahizələrlə razılaşa bilməsəm də, öz dilimizdən səslənmiş fikir və ifadələrdən müdafiə olunmaq, o qədər də asan deyil. Baş verənləri özüm-özümlə dəfələrlə müzakirə edib, günlərlə araşdırmaqla özümə heç cür bəraət qazandıra bilmirəm. Bütün bunları nəzərə alaraq, yaranmış vəziyyətdə fəaliyyətimin Milli Şura tərkibində davam etdirilməsini qeyri-mümkün hesab edərək, Milli Şura tərkibindən istefa verirəm. Gəncləri siyasətə cəlb etmək, yolu onlara vermək, onlara etimad göstərmək lazımdır. Bəyan edirəm ki, siyasi mübarizəmi milli-mənəvi prinsiplərimə və mübarizə metodlarıma müvafiq olaraq əvvəlki qaydada davam etdirmək əzmindəyəm. Məqsədimiz xalqımızın azadlığı və rifahı, tam demokratik dövlət quruculuğu uğrunda mübarizədir. Milli Şuraya və onun sıralarında olan əzmkar insanlara uğurlar arzu edirəm. İnanıram ki, Milli Şura malik olduğu nüfuzu tezliklə geri qaytara və siyasi mübarizə meydanındakı aparıcı yerini bundan sonra da, qoruyub saxlaya biləcəkdir”.