​Almaniyada “Hitler zəngi”ndən svastika silindi

Baxış sayı:
6652

Naməlum şəxs Aşağı Saksoniyadakı Şveringendə kilsə zənginin üzərindən svastika və nasional-sosialist məzmunlu yazının bir hissəsini silib.
Muxalifet.az xəbər verir ki, insident Pasxa bayramının son həftəsində baş verib. Bununla bağlı protestant kilsəsinin keşişi Yan-Aksel Helveqqe məlumat verib. Onun sözlərinə görə, kilsəyə girən naməlum şəxsin açarı olduğundan, qıfılda sındırılma izləri aşkar edilməyib.
Hadisə yerində tapılan məktubda yazılıb: “Yaz təmizliyinin sərin külək gətirdiyi vaxt yetişib. Biz təkcə kəndimizi deyil, kilsə zəngini də quşların saldığı ləkələrdən və səksən il sonra kənd sakinlərini bölməklə hədələyən nasional-sosializm çirkabından təmizlədik”.
2017-ci ildə Almaniyada “Hitler zəngləri” adlanan və üzərində svastikalar olan kilsə zəngləri aşkarlandı. Fevral ayında Herksxayme-am-Berq (Reynland-Pfalts vilayəti) yerli kommuna şurası nasional-sosializm dövründən qalan qalmaqallı zəngi çıxarmamaq və ondan yenidən istifadə etmək barədə qərar çıxardı. Şura ikiyə qarşı on səslə kilsə zənginin barışıq rəmzi, zorakılıq və ədalətsizliyə qarşı etiraz kimi saxlanılmasını qərara alıb.