ADP-dən SENSASİON BƏYANAT - Partiya iqtidarı Rusiyanın məkrli siyasətinə qarşı adekvat reaksiya verməyə çağırdı

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə predmeti olub. Toplantı iştirakçıları ilk növbədə Azərbaycanda keçirilən İslam Həmrəyliyi Oyunları ilə bağlı məsələyə münasibət bildirib və israfçılığa yol açan, külli miqdarda dövlət vəsaiti hesabına başa gələn bu oyunların onsuz da kifayət qədər sosial-iqtisadi böhranın yaşandığı ölkəmiz üçün növbət iqtisadi itkilərə səbəb olacağını qeyd edib.
Partiya son vaxtlar milli orduda xidmət edən vətəndaşların casusluğa cəlb edilməsi faktından ciddi narahat olduğunu bildirib. İdarə Heyəti bu məsələnin arxasında kasıbçılığın artması, yaşam tərzinin aşağı düşməsi, hərbi və digər sahələrdə dövlət nəzarətinin zəifləməsi faktının durduğunu qeyd edib və hakimiyyəti düşmən mənafeyinə xidmət edən bu addımların qarşısını almaq üçün əsaslı tədbirlər görməyə çağırıb.
Demokratlar son vaxtlar Azərbaycan tərəfinin Rusiya ilə dostluq və sağlam əməkdaşlıq xəttinə sadiq qalmasına baxmayaraq, Kremlin ölkəmizə qarşı dostluq və qarşılıqlı əməkdaşlığa zidd olan addımlar atmasından, 9 may qələbə günü Moskvada keçirilən hərbi paradda qondarma “Dağlıq Qarabağ” rejiminin bayrağının dalğalanmasına qarşı soydaşlarımızın müqavimət göstərməsi zamanı onlara qarşı güc tətbiq edilməsinə etiraz edib. Bundan əlavə, İŞİD-lə mübarizə adı altında Ermənistanda yerləşəm 102 saylı hərbi bazanın genişləndirilməsi və Ermənistanın yüksək rütbəli zabitləri tərəfindən bu qüvvədən Dağlıq Qarabağın müdafəsi üçün istifadə edilməsi ilə bağlı fikirlərin səsləndirlməsi, Rusiyada fəaliyyət göstərən Ümumrusiya Azərbaycanlılarının Konqresinin bağlanmasına yönələn cəhdlərin də ciddi narahatlıq doğurduğu vurğulanıb. Bu baxımdan ADP hakimiyyəti Rusiyanın bu məkrli siyasətinə qarşı adekvat reaksiya verməyə çağırıb.
İdarə Heyət ABŞ-ın Gürcüstanın ərazi bütövlüyünün qorunması ilə bağı federal büdcədə ilk dəfə Gürcüstanın ərazi bütövlüyünün müdafiəsi ilə bağlı maddələrin yer alması faktını müsbət dəyərləndirib, lakin bu yanaşmanın təkcə Gürcüstana münasibətdə deyil, separatizmin kök saldığı, Dağlıq Qarabağ və digər bu qəbildən olan münaqişə zonalarına da tətbiq edilməsinin vacibliyini diqqətə çatdırıb.
İdarə Heyəti son vaxtlar ABŞ-ın İŞİD-lə mübarizə adı altında PKK-nın Suriya uzantısı olan PYD-yə hər cür hərbi texnika ilə yardım göstərməsi faktını qətiyyətlə pisləyib və bu faktın Türkiyə-Azərbaycan əleyhinə yönələn bir fakt olduğunu qeyd edib və Azərbaycan hakimiyyətini bu məsələ ilə bağlı qardaş Tükiyə ilə birgə siyasət izləməyə çağırıb.
İdarə Heyəti son vaxtlar cinayətkar məmurların əməllərini ifşa edən, hakimiyyətin fəaliyyətini araşdıran bir sıra saytların bağlanması, internet resurslarının üzərində məhkəmə qərarı ilə məhdudiyyət qoyulması faktını qətiyyətlə pisləyib və bu faktın azad mətbuata, vətəndaşların konstitusiya ilə təsbit edilən informasiya almaq, ötürmək imkanlarının məhdudlaşdırılmasına qarşı yönələn hərəkət olduğunu bildirib və iqtidarı internet resurslarına qarşı yönələn bu basqılara son qoymağa, beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri vicdanla yerinə yetirməyə çağırıb.
 
Muxalifet.az