ABŞ Paşinyana əvəz axtarır - Qarabağ da gündəmdə

Baxış sayı:
508

Qərb qarşısında vədlərini tutmayan, Pentaqonun pulu ilə İrəvanda yaradılan biolaboratoriyaya rusları buraxmağa hazırlaşan inqilabçı baş nazirə bəd xəbər: Amerika səfiri “məxməri inqilab”dan sonra ilk dəfə devrilmiş prezident Sərkisyanla görüşdü...

ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi srağagün Ermənistanın eks-prezidenti, ötən il mayın 8-də kütlənin təzyiqi ilə istefaya getmiş Serj Sərkisyanla görüşüb. “Yeni Müsavat”ın erməni mediasına istinadən verdiyi məlumata görə, görüş zamanı Sərkisyan səfirə Ermənistandakı ictimai-siyasi durum haqda məlumat verib, başçılıq elədiyi Respublikaçılar Partiyasının narahatlıqlarından danışıb, həmçinin Ermənistanın iqtisadiyyatı və təhlükəsizliyi ilə bağlı problem və təhdidlərdən söz açıb, Qarabağa dair nizamlama prosesi ətrafında hazırkı situasiyadan və Ermənistan-Amerika əlaqələri barədə danışıb.

Bu görüş, şübhəsiz ki, özünü hələ də gizli qərbpərəst sayan baş nazir Nikol Paşinyan üçün yaxşı xəbər deyil. Ən azı o baxımdan ki, Paşinyan Sərkisyanı da onun silahdaşı Robert Köçəryan kimi 1 mart 2008-ci il qanlı olayları ilə bağlı istintaqa cəlb eləmək, bununla da Qarabağ klanını daha da zəiflətmək və onun siyasi revanş şansını sıfıra endirmək istəyir.

Amma “məxməri inqilab”dan keçən il yarımda ABŞ səfirinin ilk dəfə Sərkisyanla bir araya gəlməsi təzə gəlişmədir və ən əvvəl Paşinyana mesajdır ki, Amerika Sərkisyanı heç də bitmiş siyasi fiqur saymır, onunla nə vaxtsa yenə işləyə bilər. Bu, həmçinin Sərkisyan üçün unikal bir toxunulmazlıq şansı deməkdir.

*****

paşinyan inqilab musavat.com ile ilgili görsel sonucu

Bəllidir ki, Qarabağ klanının başqa bir odioz fiquru - sabiq prezident, Putinin dostu Robert Köçəryanın həbsini Rusiya güclü qıcıqla qarşılamışdı. Amma zindanda ikən prezident Vladimir Putindən iki dəfə ad günü təbriki alan Köçəryan Moskvanın israrlarına rəğmən, habelə Kreml başçısının İrəvanda arvadı Alla ilə görüşməsinə rəğmən azad edilmədi. ABŞ-ın Sərkisyana qarşı jesti isə daha mühüm hesab edilə bilər. Çünki birincisi, bu, Rusiya yox, dünyanın 1 nömrəli supergücü ABŞ-dır.

İkincisi, Nikol Paşinyanın neçə vaxtdır özünü məhz Qərbin, ABŞ-ın gizli və sadiq adamı kimi gözə soxmaq istəyir. Lakin alınmır. Ona görə ki, söz-vəd başqa, əməl - başqa. Əməl də ondan ibarətdir ki, hakimiyyətə Qərbə yaxınlaşmaq şüarları ilə - Ermənistanı Rusiya orbitindən uzaqlaşdırmaq, Avrasiya Birliyi və KTMT-dən çıxarmaq vədləri ilə gələn Paşinyan baş nazir olan kimi Moskvaya daha da yaxınlaşmaq kursu götürüb. Bu, azmış kimi, Rusiyanın istəyi ilə Suriyaya humanitar-hərbi missiya göndərib - hansı ki, dərhal ABŞ səfirliyinin, ardınca isə Dövlət Departamentinin sərt etirazına səbəb olmuşdu.

Bundan əlavə, Nikol Paşinyan Ağ Evin gözləntilərinə baxmayaraq, Qarabağ məsələsində heç bir konstruktiv addım atmayıb. Vaşinqton isə Dağlıq Qarabağ konfliktini Rusiyanın Bakı və İrəvana əsas təzyiq vasitəsi, onların Qərbə yaxınlaşmasına ən böyük əngəl kimi görür. Bu ilin əvvəlində prezident Donald Tramp da N.Paşinyana ünvanladığı təbrik məktubunda yazmışdı ki, Ermənistan bölgədə təhlükəsiz mövcud olmaq və inkişaf etmək istəyirsə, o zaman ilk növbədə öz əsas qonşuları ilə münasibətləri qaydaya salmalıdır. Söhbət təbii ki, Qarabağ ixtilafından, Azərbaycan və Türkiyədən gedir.

Gözlənti doğrulmadı. Əksinə, Nikol Paşinyan Qarabağ məsələsində sələflərindən də radikal kurs götürdü, hətta Serj Sərkisyanın belə tənqid elədiyi “Dağlıq Qarabağ Ermənistanındır və nöqtə” sərsəmləməsini dilə gətirdi.

*****

paşinyan inqilab musavat.com ile ilgili görsel sonucu

Sadalanan səbəblərdən, Paşinyan hakimiyyətdə olduğu ilyarımda ABŞ-a iki dəfə səfər etsə də, istəyinə çatmayıb - Ağ Evə özünü doğmalaşdıra bilməyib. Səfərlər zamanı heç Birləşmiş Ştatların dövlət katibi ilə də görüşmək şərəfinə nail ola bilməyib və nəinki maliyyə, heç quru siyasi dəstək də almayaraq, hər iki dəfə “əli ətəyindən uzun”, pərt şəkildə İrəvana qayıdıb. Həmçinin ABŞ-dakı erməni lobbisinin bu yöndə səyləri fiasko olub.

Doğrudur, Sərkisyan Rusiya yönümlü birisidir. Ancaq o da var ki, Ermənistanın Avropa Birliyi ilə tərəfdaşlıq sazişi məhz onun dövründə imzalanıb. Erməninin xisləti isə elədir ki, öz maraqları naminə ağasını hər an dəyişə bilər. Bu mənada Paşinyandan narazı olan ABŞ-ın (“məxməri inqilab”ın maliyyə sponsoru Amerika səfirliyi və Soros Fondu olub) “keçiddə” atları dəyişmək istəməsi və Qarabağa klanına “ikinci nəfəs” vermək istəməsi ilə bağlı sual ortaya çıxır. Habelə Vaşinqtonun Paşinyana əvəz axtarışına başlaması təəssüratı yaranır. Hərgah, Serj Sərkisyan heç də “süddən çıxan ağ qaşıq” deyil və Qarabağ məsələsində mövqeyi bəllidir. Üstəgəl, o, Xocalı hərbi canilərindən biridir və hələ ki reytinqi Paşinyandan aşağıdır... 

*****            

Fikrimizcə, Amerikanın Sərkisyana qəfil lütfkarlığını şərtləndirən daha bir mühüm detal var. Məsələ ondadır ki, bu həftənin sonunda Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistana iki günlük (noyabrın 10-11-i) səfər edəcək. Səfər zamanı Ermənistandakı ABŞ maliyyəsi hesabına yaradılan biolaboratoriyalara Rusiya mütəxəssislərinin girişinə zəmanət verən memorandum imzalanacağı gözlənilir. Əslində isə Moskva işğalçı ölkədə özünə təhlükə saydığı Amerika obyektini nəzarətə götürmək istəyir. Artıq tərəflər arasında imzalanacaq sənədin mətninin hazır olduğunu bildirilib. Bu haqda danışan Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan deyib ki, Pentaqonun maliyyə vəsaiti hesabına qurulan biolaboratoriyaya dair ikitərəfli memorandum imzalanacaq. Sənədə əsasən, müəssisə rusiyalı mütəxəssislər üçün açıq olacaq.

Ötən saylarımızın birində buna Vaşinqtonun hansı reaksiya verəcəyinin maraqlı olacağını yazmışdıq. Deyəsən, ilkin reaksiya artıq var - rusları laboratoriyaya buraxmağa hazırlaşan Paşinyan hökumətinə qarşı ABŞ-ın Qarabağa klanına reveransı - səfirin Serj Sərkisyanla görüşü. Bundan sonrakı proseslər yəqin ki, daha maraqlı olacaq. Təbii ki, həm də Qarabağ kontekstində...//musavat