“ABŞ məni və uşaqlarımı öldürməyi planlaşdırırdı” - LUKAŞENKODAN SENSASİON İDDİA

Baxış sayı:
544

Rusiyanın Federal Təhlükəsizlik Xidməti Belarusda “dövlət çevrilişi cəhdinin” qarşısının alındığını elan edib. Virtualaz.org xəbər verir ki, FTX Moskvada keçirdiyi əməliyyatla Belarus və ABŞ vətəndaşlığı daşıyan Yuri Zyankoviç və Aleksandr Feduta adlı iki nəfəri saxlayıb. Onlar mayın 9-da Minskdə Belarus prezidenti Aleksandr Lukaşenkonu aradan götürməyə hazırlaşırdılar.

Əməliyyat Belarus KQB-si ilə birlikdə keçirilib. Bildirilir ki, saxlanılanlar Belarusda “rəngli inqilabların sınaqdan keçirilmiş texnologiyaları” ilə hərbi çevriliş hazırlayırdılar, plana yerli və ukraynalı millətçilərin cəlb edilməsi, habelə prezident Aleksandr Lukaşenkonun fiziki məhvi də daxil idi.

Rusiya xüsusi xidmət orqanlarının bildirdiyinə görə, saxlanılanlardan biri-ikili vətəndaşlığa malik olan Yuri Zyankoviç ABŞ və Polşada məsələhətləşmələrdən sonra Moskvaya gəlib. O, Belarus Silahlı Qüvvələrinin nümayəndələri ilə görüşərək onları dövlət çevrilişində iştirak etməyə inandırmağa hazırlaşırdı.

FTX ilə eyni vaxtda Belarus prezidenti Aleksandr Lukaşenko da bəyanatla çıxış edib, ona və uşaqlarına sui-qəsd hazırlayan qrupun yaxalandığını bildirib. “Plana uşaqlardan birini oğurlamaq, ikincisini öldürmək daxil idi. Biz qrupu yaxaladıq, onlar bizə hər şeyi necə planlaşdırdıqlarını göstərdilər”,-Lukaşenko deyib.

Belarus prezidenti əlavə edib ki, bütün bu plan ABŞ xüsusi xidmət orqanlarının işidir. O, şübhəlilərin Moskvada saxlanıldığını təsdiqləyib. “Mən Rusiya prezidentindən və FTX-dən Saşa (Aleksandr) Bortnikovdan xahiş etdim, biz onları yaxaladıq. Allah göstərməsin onlar uşaqlara toxunsunlar, bu dəhşətli qırğın olacaq”,-o bildirib. Və əlavə edib ki, onun aradan götürülməsi planını ABŞ-ın yüksək rəhbərliyi dəstəkləyib.

Lukaşenkonun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Cozef Baydenlə son telefon danışığında ABŞ xüsusi xidmət orqanlarının Belarus prezidentinə sui-qəsd hazırlaması məsələsini qaldırıb, amma cavab almayıb.