ABŞ-dan Rusiyaya çağırış: SİYASİ OYUNLARI KƏNARA QOYUN

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Haley, Rusiya siyasi oyunları bir kənara qoyaraq, kimyəvi silahdan istifadənin qarşısını almaq məsuliyyətini yerinə yetirməyə çağırıb.
 
ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Nikki Haley, Suriyada kimyəvi silahdan istifadəni araşdıran BMT missiyasının səlahiyyət müddətinin bərpa olunmaması halında bu dəhşətli hücumların günahkarlarını üzə çıxarmaq üçün müstəqil və tərəfsiz bir vasitə olmayacağını bildirib. Rusiyanı siyasi oyunları bir kənara qoyaraq, BMT Təhlükəsizlik Şurasını kimyəvi silahdan istifadənin qarşısını almaq məsuliyyətini yerinə yetirməsinə çağırıb.
 Haley, Suriyada kimyəvi silahdan istifadəni araşdıran BMT missiyasının səlahiyyət müddətinin uzadılmasını tələb edən ABŞ layihəsini veto edən Rusiyanın öz hazırladığı layihəni təqdim etməsindən sonra bəyanat verib.
Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının Suriyanın şimalında bir kənddə 30 martda sarın qazından istifadə edildiyini ortaya qoyan hesabatını, təcavüzün gunahkarlarını araşdıran BMT missiyası olan JIM-ə təqdim edəcəyini bildirən Haley, bunları qeyd edib:
 
RUSİYA VETO ETMİŞDİ
 
“Suriyada məsum vətəndaşlara qarşı kimyəvi silahdan istifadə olunduğunun təsdiqini bir daha görürük. BMT Təhlükəsizlik Şurası, JIM-in səlahiyyət müddətini yeniləmək üçün dərhal hərəkətə keçməsə, bu dəhşətli hücumların məsuliyyətinin kimə aid olduğunu müəyyən etmək üçün müstəqil və tərəfsiz bir vasitə olmayacaq. Rusiya, daha əvvəl də BMT missiyasının vəzifə müddətinin uzadılmasını əngəlləmişdi".
Qeyd edək ki, Suriyada kimyəvi silahdan istifadəni araşdıran BMT missiyası olan JIM-in səlahiyyət müddəti 17 noyabrda başa çatır.
ABŞ, JIM-in səlahiyyət müddətinin daha 2 il uzadılmasını istəyir. Rusiya isə BMT TŞ-na təqdim etdiyi öz layihəsində JIM-in səlahiyyət müddətinin yalnız 6 aylığına artırılmasını və Əsəd rejiminin 4 apreldə Xan Şeyxunda kimyəvi silahdan istifadə etdiyini sübut edən BMT hesabatının nəticələrinin yenidən qiymətləndirilməsini tələb edir.
Onu da bildirək ki, BMT TŞ-da baş verən bu qarşıdurma heç də əsassız deyil. Rusiya ABŞ layihəsini veto etməklə, Əsəd rejimini qoruyarkən, ABŞ-ın da bu məsələdə bu qədər israr etməsində konkret səbəblər vardır. Əslində qarşıduran hər iki tərəf ədalətli deyil və bu mücadiləni də ədalətin ortaya çıxması və günühkarların cəzalandırılması üçün etmirlər. Rusiya anlayır ki, Əsədin kimyəvi silahdah istifadə  etdiyini sübut edən dəlillərin beynəlxalq səviyyədə ictimailəşdirilməsinin ardından onun beynəlxalq cinayət məhkəməsinə verilməsi prosesi başladılacaq. Bu vəziyyət isə Suriyanın gələcəyində Əsədin varlığını mümkünsüz edir. O baxımdan, Rusiya hər vəchlə ABŞ-ın lahiyəsini veto etməklə, bu prosesin qarşısını almaq, yeni bir araşdırmanın həyata keçirilməsini tələb edir. Hansı ki, artıq belə bir araşdırmanın aparılmasının mümkün olmadığı hər kəsə bəllidir. Çünki bütün isti izlər çoxdan yox edilib, ölən ölüb, qalanları da tapmaq müşkülə çevrilib. O ki qaldı ABŞ-ın istəklərinə, burada da səmimiyyətdən əsər-əlamət yoxdur. Çünki kimyəvi silahdan istifadə hesabatı ABŞ üçün bir şantaj aləti olaraq mövcuddur. Belə ki, ABŞ Əsəd rejimi ilə danışıqlar apararaq, əsasən neftlə zəngin olan Deyrəzzor bölgəsindən vaz keçməsi halında kimyəvi silah hesabatını JİM-ə verməyəcəyinə vəd vermişdi. Əsəd rejimi bu bazarlığa getmədi və görünən odur ki, Suriya ordusu Rusiyanın havadan dəstəyi ilə dünən Deyrəzzoru İŞİD-dən təmizlədi və beləliklə də ABŞ-ın Suriyanı parçalamaq planına daha bir zərbə vuruldu. Məhz buna görə də ABŞ dərhal hərəkətə keçərək kimyəvi silah hesabatını JİM-ə təqdim etdi və BMT TŞ-na o qurumun səlahiyyət müddətinin daha 2 il uzadılmasını tələb edən lahiyə irəli sürdü ki, nəticədə Rusiya bu sənədi veto edərək qəbul olunmasına imkan vermədi.

Müxalifət.az