9 MİN MANATA 3 OTAQLI EV ALMAQ İSTƏYƏNLƏRİ ALDADIB... - Sosial şəbəkələrdən məşhurlaşan məktəb direktoru bu dəfə dələduzluqda ittiham olunur

Baxış sayı:
4352

Sosial şəbəkələrdə paylaşdığı video ilə gündəm olan xanım məktəb direktoru bu dəfə dələduzluğa görə hakim qarşısına çıxarılır.  Söhbət Binəqədi rayonunda müvəqqəti yerləşən 23 saylı Kəlbəcər rayon məktəbinin direktoru olmuş Şükürova Həqiqət Əvəz qızından gedir.

H.Şükürova şəxsi avtomobilində musiqi sədaları altında çəkdiyi və sosial şəbəkələrdə paylaşılan videosu ilə məşhurlaşmışdı. Sonra isə dələduzluqda təqsirli bilinərək məhkəmə qərarı ilə direktor vəzifəsindən azad edilmişdi.

Həqiqət Şükürova ilə birlikdə daha bir nəfər- İbrahimov Emil Ramiz oğlu da cinayət məsuliyyətinə cəlb edilib. Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsilə ittiham elan edilib.

Onların cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılır. Məhkəmə prosesində şahid qismində Samir Mütəllimov ifadə verib. Məlum olub ki, S.Mütəllimov bu cinayət işində vasitəçi olub. O, ayrı-ayrı şəxslərdən pul alaraq təqsirləndirilən şəxslərə verib.

Belə ki, Samir Mütəllimov pul aldığı şəxslərə qaçqınlar üçün tikilən binadan adı çəkilən şəxslər vasitəsi ilə mənzil veriləcəyini vəd edib. S.Mütəllimov bir neçə nəfərdən pul aldığını və Həqiqət Şükürovaya verdiyini deyib. Amma Həqiqət Şükürova deyib ki, Samirdən pul almayıb. Onun sözlərinə görə Samir özünü hüquq mühafizə orqanlarının əməkdaşı kimi təqdim edib.

Hakimin izahından da məlum olub ki, Samir Mütəllimov uzun müddət hüquq-mühafizə orqanlarında çalışıb. Məhkəmədə o da məlum olub ki, aldadılan şəxslərə məşhur "Panorama park" yaşayış massivindən ev veriləcəyi vəd edilib. Onlara deyilib ki, 9 min manata 3 otaqlı ev alacaqlar.

Bu cinayət işi üzrə 12 nəfər zərərçəkmiş var və onlardan 8 nəfəri Samir Mütəllimov vasitəsi ilə ev almaq üçün pul verib, aldadılıb. Təqsirləndirilən şəxslərin hər ikisi barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Onlar hazırda həbsdə deyillər.

Məhkəmə araşdırması davam edir. (musavat.com)